Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Andrey Yusov telemarafonun efirində deyib ki, Rusiyanın Krıma maddi-texniki təminatı çətinləşib: "Gələcəkdə yarımada ilə bağlı daha müsbət xəbərlər eşidəcəyik".
Onun sözlərinə görə, Çonqar körpüsünün vurulmasından sonra qarşı tərəfin işi daha da çətinləşib: “Logistikada problemlər meydana çıxıb. Son hadisələr Rusiyanın Krımdakı hərbi obyektlərə nəzarət edə bilmədiyini göstərdi”.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı qeyd edib ki, Ukrayna tərəfinin yaxın zamanlarda Krımı işğaldan azad etməsi və Rusiya mövqelərinə daha sarsıdıcı zərbələr vurma ehtimalı azdır:
" Bunu sadəcə Ukrayna tərəfinin bir səlahiyyətli şəxsi açıqlayıb. Rusiya tərəfindən verilən açıqlamalarda isə əks fikirlər müşahidə olunur. Münaqişə tərəflərinin bir-birini zəif göstərmək kimi hallarını diqqətdə saxlamaq lazımdır. Məlumatların nə dərəcədə düzgün olduğuna baxmalıyıq. Reallığa nəzər salsaq, əks hücumlardan sonra Ukrayna müəyyən uğurlar qazandı. Amma Rusiya tərəfi həmin uğurların qarşısını aldı. Cəbhədəki vəziyyət əvvəlki kimi, yəni status-kvo şəraitində davam edir. Hələki hansı tərəfin dominant olduğunu demək olmur, durum hər dəfə dəyişir. Ukrayna Krımın sərhədlərinə belə yaxınlaşa bilməyib. Yalnız raket və pilotsuz uçuş aparatları ilə oraya müdaxilə edirlər. Ukraynanın Krımı yaxın günlərdə işğaldan azad edə biləcəyini söyləmək mümkün deyil".
Ekspert onu da bildirib ki, Krımı azad etmək üçün Rusiyanın hərbi-texniki potensialına qarşı Ukraynanın da gücü olmalıdır:
"NATO silahları ilə təminat gücləndirilməlidir. Bəs Qərb dövlətləri Ukraynanı hərbi-texnika ilə təmin etməyi istəyirlərmi?! Çünki miqyas böyüyə, fəsadlar arta və dünya daha ciddi problemlərlə üzləşə bilər. Krım "taxıl sazişi"nin bağlandığı, həmçinin limanlara yaxın yerləşən ərazilərdir. Hətta Qara dənizə birbaşa çıxışdır. Krım burada yerləşən yarımada şəhəridir.
Qərb tərəfi Krımın azad edilməsindən daha çox "taxıl sazişi"nin bərpasının tərəfdarıdır. Dünyada ərzaq qıtlığı və bahalaşmanın qarşısını almaq üçün yenidən taxıl daşınmasının həyata keçirilməsini istəyirlər. Əgər Ukrayna tərəfi digər ərazilərini azad edib və Rusiya qüvvələrini tam geri çəkəndən sonra sıra Kırıma gələrsə, nəsə gözləyə bilərik. Bu isə real görünmür. Çünki Rusiya hərbi arsenalı güclü olan ölkədir. NATO standartları ilə müqayisədə texniki bazası zəif ola bilər. Amma Ukraynanın hərbi-texnikası Rusiya bazasına çatmayacaq qədər azdır. Qərb onu silahlandırsa da, Rusiya tərəfi ilə eyni səviyyəyə gəlib çatmır".