Yaxın zamanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.
Bu barədə Report-a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.
O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Azərbaycan xarici siyasət kursunda türk dövlətləri ilə əlaqələr xususi yer tutur:
"Qazaxıstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkədir. Azərbaycan və Qazaxıstanın çox spesifik ünsiyyəti var. Bu münasibət bütün sahələrdə xüsusilə də iqtisadi, ticarət, enerji, hümanitar və hərbi əməkdaşlıqda özünü aydın şəkildə göstərir. Əslində Qazaxıstan və Azərbaycanın TDT-ya daxil olması bu dövlətlərin xarici siyasətlərində ortaq pəncərələr açır. Biz bir çox hallarda iki dövlət olaraq xarici siyasət kursumuza həmin ortaq nöqtədən baxırıq. Əlbəttə, ölkələr arasında müəyyən fərqliliklər də var. Bu isə dövlətlərin öz şəxsi maraqlarının təzahürüdür və başa düşülən haldır. TDT-nİn yaranması və inkişafı müasir geosiyasi mənzərənin tələbidir. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan çıxışlarının birində bildirib ki, biz TDT-nin daha funksional və təsirli təşkilata çevrilməsini istəyirik. Çünki Türk Dövlətlər Təşkilatının yaranması ilə yeni reallıqlar mövcud oldu. TDT bir təşkilat kimi özünü əhatə etdiyi bölgələrdə sülh və əmin-amanlığın təmin edilməsinə şərait yaradır. Biz türk dövlətləri olaraq nə qədər güclü, həmrəy olsaq, o qədər də xarici təsirlərin qarşısını almış olarıq".
Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.