İlk addımı biz atmalıyıq
Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin suverenliyini və beynəlxalq statusunu tanıtmaq üçün səylərini davam etdirəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri həmçinin vurğulayıb ki, son hadisələr və təcrübələr diplomatiyanın böhranları həll etmək üçün ən böyük vasitə olduğunu təsdiqləyir. Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətini yalnız Türkiyə rəsmən tanıyır. Təhlükəsizlik üzrə türkiyəli ekspert İmbat Muğlu deyib ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınmasına dövlətimizin əsas işlərindən biri kimi baxıb. Antalya Diplomatiya Forumunda bu məsələnin yenidən gündəmə gətirilməsi də əslində dünyaya bir mesajdır. Muğlu Şimali Kiprin tanınması məsələsində Türkiyə və Azərbaycanın əsas rol oynadığını vurğulayıb: “Hazırda Şimali Kiprdə 180 ölkədən minlərlə tələbə təhsil alır. Şimali Kiprin müstəqilliyini tanımaq istəməyən bir çox Qərb ölkələrindən bürokratların, siyasətçilərin övladları burada aldıqları təhsillə öz gələcəklərini qururlar. Bu, əslində Kiprin dövlət kimi bütün institutlara və s. sahib olduğunu birbaşa sübut edir. Kiprin tanınması məsələsində Türkiyə və Azərbaycan bütün maneələrə, risklərə, əngəllərə baxmayaraq, tarixi missiyanı üzərlərinə götürüb. Fikrimcə, bu il və qarşıdakı 2-3 ildə başda Azərbaycan olmaqla, qardaş Pakistan və digər türk dövlətləri Şimali Kiprin müstəqilliyini tanıyacaq". Məlumat üçün bildirək ki, Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşündə Bakının dəvəti ilə Şimali Kiprin Prezidenti Ersin Tatar da iştirak edəcək. Qeyd edək ki, Türkiyə Cümhuriyyəti 20 iyul 1974-cü ildə adadakı türkləri soyqırımdan qorumaq üçün Kipr Sülh Hərəkatını gerçəkləşdirib. 1976-cı ildə adada Kipr Federativ dövləti qurulub. 15 noyabr 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti öz müstəqilliyini elan edib. Hələlik Şimali Kiprin müstəqilliyini tanıyan yeganə dövlət Türkiyədir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a açıqlamasında bildirib ki, təmsil etdiyi partiya hər zaman Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasının tərəfdarı olub. Partiya funksioneri deyib ki, partiyanın sədri, millət vəkili Sabir Rüstəmxanlı səfər etdiyi ölkələrdə, müxtəlif rəsmi görüşlərdə mövqeyini bəyan edib:
"Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımalıdır. Məsələ ilə bağlı əvvəlki problemimiz Qarabağın işğalda olması və orada yaradılan qondarma rejimlə bağlı idi. Əgər Azərbaycan həmin dövrdə bu addımı atsaydı, Rusiya, Yunanıstan və başqa dövlətlərin hansı münasibət sərgiləyəcəyi bəlli idi. Ona görə də Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini tanımamışdı. Şükürlər olsun ki, indi Qarabağ problemi öz həllini tapıb. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bölgədə, dünyada gedən bütün siyasi prosesləri nəzərə alaraq, Şimali Kiprin müstəqilliyini rəsmən tanıya bilərik. Tam rəsmi dövlət səviyyəsində olmasa da, Şimali Kiprlə iqtisadi-mədəni əlaqələrimiz var. İctimai-siyasi xadimlərin də əlaqələri mövcuddur. Bu əlaqələr rəsmiləşdirilməlidir. Şuşada Türk Dövlətləri Təşkilatının zirvə görüşündə ŞKTC-nin prezidenti Ersin Tatarın da dəvət olunması təqdirəlayiq addımdır. Xatırlayırsızsa, bundan öncə Azərbaycan və Türkiyə diaspora təşkilatlarının Bakıda keçirilən görüşünə də Şimali Kiprin keçmiş prezidenti dəvət olunmuşdu. Hesab edirəm ki, bu, Şimali Kiprin müstəqilliyinin rəsmən tanınması yönündə atılmış mühüm addımlardan biri olacaq. Bu il məsələylə bağlı ciddi addımlar atmalıyıq. Bir sıra türk respublikalarının Rusiya ilə əlaqələri bu tanınma məsələsinə mane olar bilər. Amma Azərbaycanın bununla bağlı heç bir tərəddüdü yoxdur. Ona görə də ilk addımı biz atmalıyıq".