Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) sədrlik Türkiyədən Azərbaycana keçdi.
Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək.
Bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib.
Dövlətimizin başçısı deyib ki, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir.
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Bakıda keçirilən TÜRKPA-nın 13-cü plenar sessiyası çərçivəsində təşkil olunan mətbuat konfransında söyləyib ki, Azərbaycan TÜRKPA-nın fəaliyyətdə olan sədri kimi əməkdaşlığın inkişafı naminə var gücü ilə çalışacaq.
O, TÜRKPA-nın 13-cü sessiyasının nəticələrinin ümumi işə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib:
“ TÜRKPA ortaq dəyərlərə sahib bir qurumdur və biz hamımız vahid güc kimi türk dövlətlərinin həmrəyliyi naminə birgə səylərimizi davam etdirəcəyik.
O qeyd edib ki, sessiyanın gündəliyində duran bütün məsələlər nəzərdən keçirilib, müəyyən qərarlar verilib, qurumun büdcəsi, Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə bir sıra mühüm mövzulara toxunulub.
Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, tədbirdə “yaşıl enerji” sahəsində plenar sessiyada aparılan müzakirələr, irəli sürülən təkliflər öz töhfəsini verəcək.
TÜRKPA sədrliyinin Azərbaycana keçməsini “Sherg.az”a dəyərləndirən millət vəkili Sahib Alıyev bildirib ki, İkinci Qarabağ Savaşından sonra türk dünyasının sıx inteqrasiyası yönündə- "dildə, fikirdə və əməldə birliyə" doğru mühüm addımlar atıldığını görürük:
“Əminəm ki, bunu arzulayan əcdadlarımızın ruhu indi şaddır. TÜRKPA-ın Bakıda keçirilən 13-cü sessiyası və özəlliklə də Cənab İlham Əliyevin qardaş dövlətlərin parlament rəhbərləri ilə görüşdə səsləndirdiyi fikirlər göstərdi ki, türk dünyasının böyük potensialının bu ailənin hər birinin maraqlarına eyni dərəcədə xidmət edə biləcək gücə çevrilməsində Azərbaycan çox mühüm rol oynayır. Şimali Kipr parlamenti sədrinin ölkəsinin də Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olmaq istədiyini bildirərkən Cənab Prezidentin bunun ikiəlli dəstəklədiyimizi deməsi də bizimlə eyni soydan olanlara necə yanaşdığımızın bir örnəyidir. Yəqin, beş-on il öncə türk dövlətlərinin sıx birliyinə bu qədər çalışmamız torpaqlarımızın işğaldan azad edilməsində qardaşlarımızdan dəstək ummaq təsiri bağışlaya bilərdi. Ancaq indi hər kəs görür ki, Azərbaycanın bu yöndəki istək və fəaliyyətinin arxasında türk dünyasının güc mərkəzinə çevrilməsi, kiminsə diqtəsinə boyun əymədən müstəqil, üzv olduğumuz ailənin çıxarlarına uyğun siyasət yeritməsi durur. Eyni zamanda, türk dünyasının sıx inteqrasiyasında oynadığı rolu da gördükləri üçündür ki, 29-cu Neft və Qaz sərgisinin açılış törənindəki çıxışında OPEK-in baş katibi Cənab İlham Əliyevi qlobal lider adlandırdı”.
Parlamentari qeyd edib ki, düz 30 il bundan əvvəl ilk sərgi keçirilərkən təkcə yatırım deyil, həm də yardıma böyük ehtiyac duyan, parçalanmaq təhlükəsi ilə üzləşən, min faizlik inflyasiya burulğanında boğulan Azərbaycan indi özü investor və donor ölkə olaraq çıxış edir:
“Artıq işğal altındakı torpaqlarımız azaddır. Ölkəmizi parçalamağı, hətta yer üzündən silməyi planlaşdıranlar isə artıq Azərbaycandan özləri üçün belə bir təhlükənin gəldiyini iddia edirlər. Halbuki ən yüksək səviyyədə də deyilib ki, bizim heç kimin torpağında gözümüz yoxdur. Əgər Ermənistan yenə ötən əsrdəki addımlarını təkrarlamağa qalxarsa, dövlət başçmızın da bildirdiyi kimi bu onun üçün intihar demək olacaq. Ermənistanla aparılan danışıqların üzərindən sirr pərdəsinin məhz türk parlamentlərinin rəhbərləri ilə görüşdə götürülməsi heç də təsadüfi deyildi. Azərbaycan hər hansı konyunktur maraqların təminində deyil, regionda dayanıqlı əmin-amanlıqda maraqlıdır və buna çalışır. Bizə dövlətlərarası sülh anlaşması lazımdır, hakimiyyətlərarası yox. Yəni Ermənistan Konstitusiyasının dəyişmədiyi təqdirdə Paşinyandan sonra hakimiyyətə gələn hər hansı Baqrat, yaxud da Vartan orada Ermənistan rəsmlərinin Qarabağın Azərbaycanın tərkibində görən hər hansı sülh anlaşmasına imza atamısını yasaqlayan hissəyə dayanaraq ondan imtina edə bilər. Cənab Prezidentin görüşdəki daha bir açıqlamasından gəldiyim nəticə budur ki, o türk dövlətlərinin hərbi potensialının artmasına və bu sahədə bir-biri ilə sıx əməkdaşlığı olduqca önəmli sayır”.