Konstitusiya Məhkəməsində MDB PA-nın müşahidəçiləri ilə görüş keçirilib 

Bu gün Konstitusiya Məhkəməsində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri ilə görüş keçirilib.

Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, qonaqlara seçki prosesində Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verən sədr Fərhad Abdullayev bildirib ki, cəmiyyət və hüquqi dövlət inkişaf etdikcə seçki prosesi də inkişaf edərək təkmilləşir.

Sədr, həmçinin görüş iştirakçılarına Konstitusiya Məhkəməsinin növbədənkənar parlament seçkiləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verib.

Görüş zamanı Azərbaycan Prezidentinin sorğusu əsasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı 21 iyun 2024-cü il tarixli müvafiq Qərarının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair qəbul edilmiş Plenumun Qərarında əks edilmiş hüquqi mövqelər haqqında ətraflı bəhs olunub.

Qeyd edilib ki, respublikamızın ərazi bütövlüyü və dövlət suverenliyi təmin edildikdən sonra ölkənin bütün ərazisində ilk dəfə olaraq parlament seçkiləri keçiriləcək. Bu ilin noyabr ayında keçiriləcək mötəbər beynəlxalq tədbirlər zamanı Milli Məclisin ölkənin ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlamentin yeni çağırışının tam formalaşdırılması və vətəndaşların seçki hüququnun realizəsinin təmin edilməsi baxımından növbədənkənar parlament seçkilərinin sentyabrın 1-də keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilərinin rəylərinin və təkliflərinin seçki prosesi üçün vacibliyi vurğulanıb.

Qonaqlar bildiriblər ki, növbədənkənar parlament seçkiləri ərəfəsində ümumi prosesi daha dərindən öyrənmək üçün Konstitusiya Məhkəməsindəki bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Görüş zamanı parlament seçkiləri ilə bağlı hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə qanunvericilikdə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə toxunulub.

Fərhad Abdullayev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına əminliyini bildirib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin və digər rəsmi nümayəndələr onları maraqlandıran bir sıra suallar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.