Kamala Harris siqnalları verdi

Namizədin müraciəti erməni lobbisinin beyninin məhsuludur

  "ABŞ-də prezidentliyə namizəd olan Kamala Harris Ermənistanın müstəqillik günü münasibətilə Amerikadakı erməni lobbisinə və Ermənistanın siyasi hakimiyyətinə müraciət imzalayıb. Təbii ki, bu, hər namizəd üçün vacibdir. O baxımdan ki, qarşıdan gələn seçkilərdə erməni elektoratı öz seçki yarışına cəlb edə bilsin". Bu barədə siyasi şərhçi Amid Əliyev deyib. Ekspert bildirib ki, müraciətdə Türkiyəyə qarşı saxta "erməni soyqırımı" haqqında və Azərbaycana qarşı "Dağlıq Qarabağ erməniləri" haqqında ifadələrin yer alması bizlər üçün müəyyən siqnallardır:

"Ən maraqlısı isə müraciətin sonunda bu məsələlərdə ermənilərə hər zaman dəstək olacağı barədə vədin verilməsidir. Bu ifadələr bizim üçün vacib siqnallar hesab oluna bilər. Hazırda ABŞ-də, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞ dövlət katibi ilə görüşlər keçirdikləri halda və sülhün imzalanmasının son mərhələsinə çatdıqları halda, noyabrdakı seçkilərdə Harrisin seçilməsi bu prosesə necə təsir edəcək, artıq bunu indidən demək elə də çətin olmayacaq. Ola bilər ki, bu ifadələr yalnız "policy memo" olaraq kağız üzərində qalsın. Amma əsas odur ki, bu fikirlər artıq erməni lobbisinin beyninin məhsulu olaraq, ABŞ siyasi esteblişmentinə yol tapa bilib. ABŞ-dəki seçkilərin və COP29 beynəlxalq platforması çərçivəsindəki bilateral görüşlərin təsiri bölgəyə istər-istəməz sirayət edəcək".