Musa Quliyev: İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin verilməsi əlamətdar tarixi hadisədir

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib. “Manas” 2 Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.  Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində dövlətimizin başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev muzeyini ziyarət edib. Prezident İlham Əliyev əvvəlcə ev muzeyi ilə tanış olub və ev muzeyinin xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi mərasimi baş tutub. 
Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov çıxış edərək deyib:
-Hörmətli cənab Prezident, hörmətli qonaqlar. 
Bu gün mən “Çingiz Aytmatov” ordenini Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim etmək şərəfinə nail oluram. Bu mükafat dərin hörmətin və yüksək nüfuzun rəmzidir. Bu, humanist dəyərlərin möhkəmləndirilməsinə, mədəni dialoqun dəstəklənməsinə və böyük yazıçımızın yaradıcı irsinin qorunub saxlanmasına Sizin verdiyiniz müstəsna töhfəyə görə minnətdarlıq əlamətidir.

Millət vəkili, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev “Sherg.az”a söyləyib ki, Türk Dövlətləri Təşkilatının liderlərinin hər bir görüşü xalqlarımızın və dövlətlərin həyatı üçün çox əhəmiyyətlidir:

“Toplantı çərçivəsində mühim qərarlar qəbul olunur. Eyni zamanda TDT-nın birliyi dünyaya təqdim edilir. TDT yaş etibarilə gənc beynəlxalq təşkilat olmasına baxmayaraq, artıq kifayət qədər nüfuz qazanıb. Hazırda sözügedən təşkilatın 5(beş) daimi üzvü var. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatın müşahidəçi dövlətləridir və bütün tədbirlərdə iştirak edirlər. Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə toplantısında ölkələrimiz arasındakı münasibətlər, dünyada gedən proseslər müzakirə olunacaq. İqtisadi əlaqələrin möhkəmlənməsi, mədəni, siyasi və diplomatik platformalarda biri-birimizin dəstəklənməsi prosesinin güclənməsi, kommunikasiya texnologiyalarından birgə istifadə, COP29-un dünyaya verəcəyi töhfələr istiqamətində müzakirələr aparılacaq və qərarlar qəbul olunacaq”.

Parlamentari vurğulayıb ki, bu gün türk dünyasının ən nüfuzlu şəxslərindən biri olan Çingiz Aytmatovun ev muzeyində cənab prezidentin olması və “Çingiz Aytmatov” ordeninin İlham Əliyevə verilməsi əlamətdar tarixi hadisədir:
“Cənab prezidentin söylədiyi kimi Azərbaycanın xarici ölkə vətəndaşlarına verilən ən yüksək ordeni sayılan “Dostluq” ordeni də İlham Əliyev tərəfindən Çingiz Aytmatova verilmişdi. İndi isə “Çingiz Aytmatov” ordeninin cənab Prezident İlham Əliyevə verilməsi rəmzi məna daşıyır. Bu mədəniyyət, ədəbiyyat və xalqlarımızın birliyinin göstəricisidir. Azərbaycan xalqı Çingiz Aytmatova böyük hörmət və ehtiram bəsləyir. Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovun şəxsiyyətini və yaradıcığını yüksək qiymətləndirirdi. Heç də təsadüfi deyil ki, Bakının ən görkəmli yerlərindən birində-Azadlıq prospektində Çingiz Aytmatovun abidəsi ucaldılıb”.