Ekoloji problemlər, iqlim dəyişmələri mənəvi baxımdan dəyərləndiriləcək
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Bakıda Dini Liderlərin Qlobal Sammitinin açılışı olub.
Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin Qlobal Bakı Sammitinin keçirilməsi dinlərin və dini liderlərin iqlim dəyişiklikləri, ətraf mühit problemləri və ekoloji fəsadlar kimi ümumbəşəri xarakterli qlobal təhdid və çağırışlarla mübarizədə mühüm rolunu ortaya qoyur.
30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və ümumilikdə 55 ölkəni və bir çox beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, dünya miqyasında tanınmış ictimai xadimlər, ilahiyyatçılar və həmçinin media nümayəndələrinin iştirak etdiyi bu ikigünlük sammit planetimizin bu günü və gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır. Azərbaycan dünya dini liderlərinin bundan əvvəlki ümumdünya sammitlərinə də uğurla ev sahibliyi edib. Bu baxımdan Azərbaycanın dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik, səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etməsi və III Sammiti təşkil etməsi, həqiqətən də, ölkəmizin növbəti beynəlxalq töhfəsidir.
Prezident İlham Əliyev Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısı sözügedən müraciətində dini liderlərin roluna toxunaraq qeyd edib ki, “bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır. İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir. Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir. Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər”.
Açılışda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Sammit iştirakçılarını salamlayaraq bütün qonaqlara minnətdarlığını bildirib, COP29 ərəfəsində Dini Liderlərin Qlobal Sammitinin Bakıda keçirilməsinin əhəmiyyətindən söhbət açıb, Sammitin məqsədlərindən bəhs edib: “Uca Yaradana xoş gedən insan həmrəyliyi məramına xidmət edən qlobal ideyaları ilə dünyada tanınan dövlət rəhbərimiz Prezident İlham Əliyev cənablarının bugünkü tədbirimizin ərsəyə gəlməsində böyük rolu danılmazdır. Dünya Dini Liderlərinin Sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda Böyük Zəfərdən sonra ilk dəfə keçirilən bugünkü Sammit dünyanı narahat edən iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi məramına xidmət edir”.
Sammitdə çıxış edən Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, Azərbaycan iqlim dəyişikliyinin təsirlərindən ən çox məruz qalan icmalarla dialoqu genişləndirmək məqsədilə “COP29 – İqlim və Sülh” Təşəbbüsünü irəli sürüb: “Bundan əlavə, COP29 Sədrliyi tərəfindən irəli sürülən İqlim Fəaliyyəti naminə Su təşəbbüsü, iqlim dəyişikliyinin su hövzələrinə təsirlərini azaltmaq üçün inteqrasiya olunmuş yanaşmaların qəbulunu və milli iqlim siyasətində adaptasiya tədbirlərinin gücləndirilməsini hədəfləyir. Bu yanaşma, xüsusilə həssas icmaların su təhlükəsizliyini təmin etmək və iqlim təsirlərinə uyğunlaşmalarına dəstək olmaqla, iqlim dəyişikliyinə adaptasiya sahəsindəki digər təşəbbüslərlə sıx əlaqəlidir”.
Türkiyə, Özbəkistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Misir və digər ölkələrin dini rəsmiləri çıxış edərək iqlim dəyişiklikləri və ekoloji problemlərlə mübarizədə dini çağırışların əhəmiyyətindən bəhs ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dini Liderlərin Qlobal Bakı sammitinin dünyaya verəcəyi mesajın gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacağını bildirib: “Bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər. Çünki qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin işləməsinə ehtiyac var. Dini liderlərin sammiti, inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq. Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər birimizi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək.
Dini liderlər həm də dini, etnik və sosial mənsubiyyətinə fərq qoymadan insanlara çağırış edəcək. Biz həqiqətən real təhlükənin astanasındayıq. Məsuliyyəti bölüşmək - qlobal çağırışların öhdəsindən gəlmək üçün ən yaxşı mübarizə üsulumuz, ən effektiv alətimiz ola bilər.
Dövlətlərin beynəlxalq münasibətlər sistemində iddialarının və insanların həyatda hədəflərinin olduğu reallıqdır. Lakin bu iddia və hədəflər yaşadığımız planetə, təbiətə, ətraf mühitə qarşı ədalətsizliklə nəticələnən fəaliyyətlər hesabına həyata keçirilməməlidir.
İddialarımızı və hədəflərimizi ədalət hissimizlə tənzimləsək, bəşəriyyətin gələcəyini xilas edə bilərik. Dini liderlərin sammiti bu orta xətti tapmaqda, bəlkə də, ən yaxşı platformadır. Çünki ədalət bütün dinlərin fəlsəfəsində dayanan ümumi anlayışdır".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə Azərbaycanın COP29 kimi əlamətdar və mötəbər tədbirə uğurla ev sahibliyi etməsinin qürurverici olduğunu deyib: “Əminəm ki, bu toplantının qlobal təsiri əhəmiyyətli və uzunmüddətli olacaq. Eyni dərəcədə sevindirici haldır ki, biz ekologiya ilə bağlı müzakirələrlə yanaşı, COP29 çərçivəsində dinlərarası dialoq və humanitar məsələləri də müzakirə edirik. Bu səylər vasitəsilə biz kollektiv şəkildə gələcəyə dair narahatlıqlarımızı ifadə edirik və üzləşdiyimiz aktual problemlərin həlli yollarını araşdırırıq”.
O bildirib ki, Azərbaycan kimi multikultural bir dövlətdə dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman böyük önəm verilir. “İnanclarımız fərqli olsa da, planetimizi qorumaq və bəşəriyyəti inkişaf etdirmək öhdəliyimiz sərhədləri aşır. Bəziləri iddia edə bilər ki, ətraf mühitin mühafizəsi mahiyyət etibarilə inanc məsələsi deyil. Lakin mən hesab edirəm ki, ekoloji böhranlar milli, iqtisadi və mədəni xətləri keçdiyi və bütün cəmiyyətlərə təsir etdiyi üçün və planetimiz bütün bəşəriyyət üçün ortaq miras olduğundan, dinlərarası dialoq vacibdir”.
Dinlərarası dialoq vasitəsilə ekoloji problemlərin həllinə töhfə verməyin mümkün olduğunu vurğulayan icraçı direktor qeyd edib ki, birgə layihələr və birgə idarəetmə vasitəsilə yoxsulluğun azaldılması, münaqişələrin qarşısının alınması və sağlamlığın təşviqi mümkündür: “Bir çoxları üçün iman bir kompas rolunu oynayır və biz Yer kürəsini qorumaq üçün qonşularımıza qayğı göstərmək, ədalətli davranmaq və özümüzdən daha böyük bir məqsədə xidmət etmək olduğunu öyrətməklə ekoloji nəzarəti ruhlandıra bilərik. Birlikdə atdığımız hər addım, başlatdığımız hər bir təşəbbüs və paylaşdığımız hər mesaj təkcə ətraf mühitin bərpasına kömək etmir, həm də ortaq dünyamızı qoruyur. Hazırda ekoloji təşkilatlar və dini icmalar daha çox inanca əsaslanan ekoloji fəaliyyətlər istiqamətində güclərini birləşdirir”.
O qeyd edib ki, bir çox dinlər bütün canlılara şəfqəti və yer üzü üçün məsuliyyəti aşılayır. Bu ortaq etik təməl dinlərarası dialoq, müqəddəs mətnlər və təlimlər vasitəsilə həyat tərzinə təsir edir, ekologiyanın qorunmasına töhfə verir. “Biz qarşılıqlı hörmət və anlaşmanı, dinlərarası dialoqu təşviq etməklə iqlim dəyişikliyi, meşələrin qırılması və su qıtlığı kimi qlobal problemlərin həlli üçün vacib olan müxtəlif qruplar arasında əməkdaşlığı gücləndirə və sağlam gələcək naminə yaşıl dünyamızı qoruya bilərik”.
Açılış mərasiminin sonunda çıxış edən Şeyxülislam Allahşükür Paşazadə insan həyatına təhlükələrin, beynəlxalq sabitliyə təhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb: “Bu zərurəti dəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri dərindən tədqiq ediləcəkdir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Yaşıl Dünya naminə Həmrəylik İlinin elan edilməsi dəyərli qlobal təşəbbüsdür və planetin gələcəyi naminə həmrəyliyə xidmət edir. Bildiyiniz kimi, külək və günəş enerjisində böyük potensiala malik olan ölkəmiz artıq alternativ enerji mənbələrini inkişaf etdirir, Avropanın və digər ölkələrin enerji təhlükəsizliyini təmin edir, yaşıl elektrik enerjisinin istehsalı üzrə qlobal layihələr hazırlayır. Bütün bu layihələr və nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin planetin iqlimini qorumaq yönündə davamlı əməli fəaliyyəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəyərli səyləri ilə qırılmaz şəkildə bağlıdır”.
Bakıda Dini Liderlərin Qlobal Sammitini yüksək dəyərləndirən millət vəkili Ceyhun Məmmədov isə “Sherg.az"a açıqlamasında deyib ki, tolerantlıq və ətraf mühit arasında əlaqələrin qurulması çox mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi fonunda planetimizin gələcəyi naminə bütün dünya birliyinin həmrəyliyinə xidmət edən budəfəki III Sammit təkcə ətraf mühiti deyil, ümumən Yer kürəsini, bütün bəşəriyyəti qorumağa hesablanıb. Ona görə də Bakıda keçirilən bu tədbirin qlobal əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür.
Bu nöqteyi-nəzərdən Dünya dini liderlərinin qlobal Bakı Sammiti kimi mühüm tədbirin məhz Bakıda təşkil edilməsini son dərəcə mühüm və əhəmiyyətli hesab edirəm. İsanların təmiz ətraf mühitə və sülhə ehtiyacı var. COP29-un Azərbaycanda keçirilməsi onsuz da çox böyük əhəmiyyət kəsb edir. COP29 ərəfəsində Bakıda belə bir qlobal tədbirin keçirilməsi isə Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman böyük önəm verildiyini göstərir. Dinindən asılı olmayaraq planetimizi qorumaq və bəşəriyyəti inkişaf etdirmək hər birimizin öhdəliyidir. Ekoloji böhranlar milli, iqtisadi və mədəni xətləri keçdiyi və bütün cəmiyyətlərə təsir etdiyi üçün və planetimiz bütün bəşəriyyət üçün ortaq miras olduğundan, dinlərarası dialoq vacibdir. Dini icmalar bütün səviyyələrdə işləyərək ciddi nəticələrə nail ola bilərlər. Səylərin bir məqsədə yönəldilməsi çox önəmlidir.
Müqəddəs kitablarda da bu istiqamətdə çağırışlar var. İqlim dəyişikliyi ilə mübarizə təkcə ekoloji yox, həm də mənəvi məsələdir.
Dünya dini liderlərinin qlobal Bakı Sammitində də biz ətraf mühitin qorunması və iqllim dəyişilmələrinə qarşı mübarizə istiqamətində kifayət qədər əhəmiyyətli müraciət və tövsiyyələrin şahidi olduq. Qeyd edildi ki, biz müvafiq həll yolları göstərməklə bu problemlərin öhdəsindən gəlməyi bacarmalıyıq. Təbiət, ekosistem Allahın insanlara verdiyi əmanətdir və biz onu qorumalıyıq. Bu səbəbdən Azərbaycanda keçiriləcək COP29 olduqca önəmli tədbirdir və düşünürəm ki, nəticələri müsbət olacaq”.