Qalib Azərbaycan artıq siyasi arenada qəti söz sahibidir

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan tarixinin ən parlaq səhifəsi 



  Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışı zamanı “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur” söyləyib. Xalqımızın, Azərbaycan Ordusunun işğalçı Ermənistan  üzərində şanlı zəfər qazanmasının 4-cü ildönümü ərəfəsində cənab Prezidentin ifadə etdiyi bu fikir özündə dərin məna daşıyır. Bəli, 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə Azərbaycanın dünyada nüfuzunu yüksəltdi. Dünya dövlətləri, böyük güc mərkəzləri Azərbaycanla və dövlət başıçısı tərəfindən yürüdülən siyasətlə razılaşmalı oldular. Ölkəmiz bu gün regionda söz sahibi olmaqla yanaşı, dünya siyasətinə də damğa vuran bir dövlətdir. Bunu  bəzi dövlətlərin aşkar qısqanclığı, təxribatlara əl atmaları, yalan və saxtakarlıqla ölkəmizə qarşı böhtan kampaniyaları aparmalarına rəğmən dünyanın 200-dən artıq dövlətinin Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləməsi əyani sübut edir. Əslində, 44 günlük Vətən müharbəsindən əvvəl də Azərbaycan güclü dövlət olduğunu hər imkanda göstərirdi. Azərbaycanın sürətli iqtisadi inkişafı dünya dövlətlərinin gözü qarşısında baş verirdi. Ölkəmiz Avropanın əsas enerji daşıyıcısı rolunu uğurla aparırdı, bu gün də eyni vəziyyətdir. Lakin 44 günlük müharibədə qazanılan tarixi qələbə ilk növbədə xalqımızı qürurlandırmaqla başımızı bütün dünyada ucaltdı. Və dünya Azərbaycana həm də qalib dövlət kimi baxır. Bu gün qalib Azərbaycan siyasi arenada qəti söz sahibidir. Bu qələbənin qazanılması asan olmadı. Xalqımız igid övladlarının qanı, canı bahasına torpaqlarını erməni işğalından azad etdi. 30 il davam edən yurd həsrətinə nəhayət son qoyuldu. Tarixi Zəfərimiz illər ərzində Azərbaycanın hərtərəfli strateji inkişaf konsepsiyasının uğurlu icrasının, güclü dövlət quruculuğu istiqamətində aparılan müdrik və müəyyən hədəflərə hesablanmış praqmatik siyasətin məntiqi nəticəsi idi. Həyata keçirilən müstəqil siyasət, güclü iqtisadi dayaqların formalaşdırılması, peşəkar ordu quruculuğu istiqamətində atılan addımlar, xarici ölkələr və beynəlxalq təsisatlarla müxtəlif formatlarda qurulan səmərəli əməkdaşlıq əlaqələri, ölkədə mövcud olan ictimai-siyasi sabitlik və xalqın sarsılmaz birliyi tarixi Qələbəmizi şərtləndirən əsas amillərdir. Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı sayılan tarixi Zəfərimizin dörd ili tamam olur. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bu Zəfər bizimlə əbədi yaşayacaq” çağırışı Qələbəmizə gedən yolun və bundan sonrakı mərhələnin ümumiləşdirilmiş ifadəsidir. 

“Böyük səylərin, qətiyyətin nəticəsi olan uğurlarımız hər zaman keçilən yola nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. Hesabat xarakteri daşıyan bayramlarımızda, tarixi günlərdə Azərbaycanın sadalamaqla bitməyən uğurlarından bəhs etdikcə qürurlanır, hər günün tariximizə bir uğur səhifəsi kimi yazıldığının şahidinə çevrilirik”. 

Bu fikirlər Milli Məclisin deputatı Malik Həsənova məxsusdur. 

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın bayramları sırasında Zəfər və Dövlət Suverenliyi Günü də var: 
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində tarixi Zəfərə imza atdıq, suverenliyimizi tam bərpa etdik. Təqvimimizdə bu bayram və Zəfər günləri ilə yanaşı, kədərli 27 Sentyabr - Anım Günü də var. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 Sentyabr tarixi Anım Günü, Qələbəmizin əbədiləşdirilməsi məqsədilə Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təsis edildi. Bu tarix, eyni zamanda Şuşa Şəhəri Günüdür. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı tariximizin Zəfər səhifələrini vərəqləmək və gələcək nəsillərə çatdırmaq üçün hər birimizə çağırışdır”. 

Deputat qeyd edib ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Qələbəmizə qədər Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçdi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı:

 “Bu Zəfər birliyimizin, həmrəyliyimizin təqdimatında öz sözünü dedi. Bu məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra belə bir çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Dünya azərbaycanlılarının birliyinin təmin edilməsi, diaspor quruculuğu dövlət siyasətimizin əsasına çevrildi. Son 21 ildə Prezident İlham Əliyev bu istiqamətdə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir. İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir”. 

Xalqımıza Qələbəni bəxş edən müzəffər Ordumuzla fəxr etdiyimizi vurğulayan Malik Həsənov əlavə edib: 
“Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirmək gücünə, qüdrətinə malikdir. Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Ordumuzun malik olduğu imkanların təqdimatı oldu. Bunların ardınca 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz, ötən ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun dünyanın ən güclü ordusu olduğunu təsdiqlədi. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir, maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə baxmayaraq, Ordumuzun daha da gücləndirilməsi yeni dövrün Azərbaycanının əsas hədəfləri sırasındadır”. 

Tarixi Zəfərdən ötən dörd ilin uğurlarının miqyasının ölçüyəgəlməz olduğunu deyən deputat əlavə edib: 
“Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Son dörd il bu istiqamətdə qürurverici addımlarla tariximizə yazıldı. Hazırda Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərləri, Ağalı, Talış, Sus və Zabux kəndləri sakinlərinə qovuşub. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından 6 gün sonra noyabrın 16-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri ilə başlayan bərpa-quruculuq işlərinin miqyası bu gün olduqca genişdir. Azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşur. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumilikdə regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Bu günümüzün reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildən başlanan inkişafın və quruculuq işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür. Xalqımıza misilsiz qürur, fəxarət qazandıran, “dəmir yumruq”lu dövlətimizi söz sahibi edən, bizlərə alın açıqlığı, baş ucalığı gətirən ordumuza minnətdarlıqla, şəhid və qazilərimizin önündə ehtiramla baş əyirik!