Trampın qələbəsi dünyanın siyasi düzənini dəyişəcək - RƏY

Onun vədləri dünya ictimaiyyətinin gözləntilərinə cavab verir


Trampın prezidentliyi dövründə Azərbaycanla ABŞ arasında da münasibətlər daha aydın olacaq

  ABŞ-də keçirilən prezident seçkisində Respublikaçıların namizədi Donald Trampın qalib gəlməsi Cənubi Qafqaz regionundakı proseslərin müsbət məcraya yönəlməsində önəmli rol oynaya bilər. C.Baydenin ermənipərəst siyasətə üstünlük verməsi nəticəsində kifayət qədər pisləşən Azərbaycan-ABŞ əlaqələrinin müsbət məcraya dönüşü üçün yeni imkanlar yarana bilər. Trampın birinci prezidentlik dövründə ABŞ-Azərbaycan münasibətlərinin normal olduğunu yaxşı xatırlayırıq. Azərbaycan Prezidenti İlham Əliyev də Donald Trampın ABŞ-nin ikinci dəfə prezident seçilməsi ilə bağlı ona ünvanladığı təbrik məktubunda məhz bu məqama toxunub: “Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim”. Prezidentin təbrik məktubundan da görünür ki, qarşıdakı dörd ildə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı üçün geniş imkanlar var. Həmçinin qardaş Türkiyədə də Trampın ikinci prezidentlik dönəmində ABŞ-Türkiyə münasibətlərində də müsbət tendensiyaların müşahidə olunacağına böyük inam hissi var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün D.Trampa ünvanladığı təbrik məktubunda Türkiyə-ABŞ münasibətlərində yeni dövrün başlayacağına əminliyini ifadə etməsi və ona “dostum” deyə xitab etməsi gerçəkdən də müsbət başlanğıclar üçün yol açır. Ümid edilir ki, Trampın yeni prezidentlik dövründə Azərbaycan və Türkiyə ilə Birləşmiş Ştatlar arasında münasibətlər səmimi dostluq və müttəfiqlik müstəvisində inkişaf edəcək, konstruktiv əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. 

  Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, artıq Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri yekunlaşıb və Donald Trampın qələbə qazandığı bəllidir. Professorun sözlərinə görə, prezident seçkilərinin rəsmi nəticələri bir neçə gün ərzində elan olunacaq. Ancaq Seçicilər Kollegiyasının əksəriyyətinin səsini qazanmaqla Trampın qalib gəldiyi artıq ortadadır:

"Ümumiyyətlə, seçki marafonu dövründə də Trampın səsləndirdiyi fikirlər həm Amerika cəmiyyətinin, həm də dünya ictimaiyyətinin gözləntilərinə cavab verirdi. Əsas tezislər ondan ibarətdir ki, Tramp diqqətini Amerikanın daxili məsələlərinin həllinə yönəltməyi prioritet kimi müəyyənləşdirib. Bu, sözsüz ki, həm ABŞ elektoratı üçün, həm də dünya üçün vacibdir. Demokratların vaxtında da həllini tapmayan çoxsaylı məsələlər olub. Tramp xüsusilə sosial, iqtisadi xarakterli məsələlərin həllinə diqqət yetirəcəyini vurğulayır. Bu, onun əsas şüarlarındandır. Dünya üçün bu ona görə əhəmiyyətlidir ki, Amerika Birləşmiş Ştatları, nəhayət, öz daxili məsələlərinə daha çox vaxt ayıracaq. Bu da bütün dünya üçün məqbuldur. Çünki digər coğrafiyalardakı proseslərə, ölkələrin daxili siyasi həyatlarına qarışmaq üçün vaxt az olacaq. Tramp mövcud münaqişələrin həlli ilə bağlı ümidverici mövqelər sərgiləyir. Məsələn, qeyd edir ki, prezident olacağı təqdirdə Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoyulmasına çalışacaq".

  Siyasi şərhçi hesab edir ki, Amerika Birləşmiş Ştatlarının kənardakı proseslərə, münaqişələrə müdaxilə etməməsi, yaxud zəif müdaxiləsi müəyyən mənada vəziyyətin səngiməsinə gətirib çıxaracaq: "Bunun özü müsbət məqam kimi dəyərləndirilməlidir. Demokratlar "demokratiya və insan hüquqları" kimi amillərdən ayrı-ayrı dövlətlərə, xalqlara təzyiq aləti kimi istifadə ediblər. Bir qayda olaraq Demokratların hakimiyyəti dövründə müxtəlif ölkələrdə rəngli inqilablar təşkil olunub. Bu tendensiyanın Respublikaçıların iqtidarı dövründə zəifləyəcəyi müsbət hal kimi qiymətləndirilməlidir. Ayrıca olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev də Trampı qələbə münasibətilə təbrik etdi. Amerika Birləşmiş Ştatlarında seçkilərdən xeyli öncə də Azərbaycan Prezidenti Donald Trampla bağlı öz müsbət fikirlərini bildirmişdi. Bu da ona dəlalət edir ki, Trampın hakimiyyəti dövründə Azərbaycan-ABŞ arasında münasibətlərin yeni səhifəsi açıla bilər".

  Analitik vurğulayıb ki, iqtidarı dövründə Azərbaycana qarşı ABŞ-nin ayrı-ayrı institutlarında, istər Konqresdə, istərsə də Dövlət Departamentində bir sıra qərəzli mövqelər səsləndirilirdi: "Azərbaycana qarşı siyasi hücumların təşkil olunmasına cəhdlər göstərilirdi. Düşünürəm ki, Respublikaçıların iqtidarı dövründə Azərbaycan-ABŞ arasında konstruktiv dialoq mühiti formalaşacaq. Azərbaycanla münasibətlərdə yeni səhifə açıla bilər. Amerika rəsmiləri hər zaman qeyd edirlər ki, Azərbaycan ABŞ üçün əhəmiyyətli dövlətdir. Bu baxımdan düşünürəm ki, Donald Trampın Amerika Birləşmiş Ştatlarının prezidentliyi dövründə Azərbaycanla ABŞ arasında da münasibətlər daha aydın olacaq. Tərəflər bərabərhüquqlu, qarşılıqlı maraqlarının gözlənildiyi bir şəraitdə, istər ikitərəfli münasibətlər, istərsə də çoxtərəfli münasibətlər kontekstində ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etməyi bacaracaqlar. Elə Azərbaycan Prezidentinin təbrikində də bu məqamlara toxunulurdu".