Zəfərin  regionda yaratdığı yeni reallıqlar - ŞƏRH

"2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq". Bu sözləri Zəfər Günü münasibəti ilə xalqa müraciətində Prezident İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi: "Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi - ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb". Prezident bəyan edib ki, bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazıb. Zəfər Parkında və tərtib olunan muzeydə bir çox önəmli rəmzlərin olduğunu deyən dövlət başçısı qeyd edib: “Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”.

Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində uzun illərdir işğal altında olan torpaqlarımızı azad etdi. Şükürlər olsun ki, 2020-ci ilin sentyabrın 27-də başlanılan şanlı Zəfər yolu məhz 8 noyabr tarixində Qələbə ilə yekunlaşdı. 

 
Deputat bildirib ki, 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri yalnız irəliyə doğru getdi: 

"Hər gün çoxlu sayda kəndlərimizin, şəhərlərimizin, qəsəbələrimizin azad olunma xəbərlərini məhz cənab Prezident İlham Əliyevin tvitlərindən və xalqa müraciətlərindən eşitdik. Azərbaycan Silahlı Qüvvələri ləyaqətli və ədalətli şəkildə müharibə qaydalarına, beynəlxalq konvensiyalara müvafiq olaraq döyüşü apardı. 8 noyabr eyni zamanda Şuşanın işğaldan azad olunduğu gündür. Hər kəs səbirsizliklə gözləyirdi ki, görəsən, Şuşa hansı formada azad olunacaq? Şuşa uğrunda gedən döyüşlər necə olacaq? Bunun da planını Azərbaycan Ordusu və Ali Baş Komandan ən yüksək səviyyədə hazırlamışdı. Qəhrəman əsgər və zabitlərimiz, xüsusi təyinatlılarımız Şuşa uğrunda misli bərabəri görünməmiş azadetmə taktikası həyata keçirdilər. Yüngül saplı silahlardan istifadə edərək sıldırım qayaları aşdılar, Şuşanın hər küçəsi, hər qarışı uğrunda vuruşdular. Şuşada cəmləşmiş çoxlu sayda erməni quldurlarının və separatçıların məhvinə, qaçmasına nail oldular. Bir sözlə, məhz 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi ilə döyüşlərin də taleyi həll olundu. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Və nəhayət ki, 10 noyabr tarixində tamamilə bu prosesləri yekunlaşdırdıq. Artıq 4 ildir Zəfər Günümüzü qeyd edirik". 

Parlament üzvü vurğulayıb ki, Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməsə də, Azərbaycan öz gücü hesabına məhz 2023-cü ilin sentyabrın 19-20 aralığında suverenliyimizi tam bərqərar etdi: 

"Torpaqlarımızda misli bərabəri görünməyən quruculuq, abadlıq işləri həyata keçirilir. Cənab Prezident elə ay yoxdur ki, Qarabağ və Şərqi Zəngəzura səfər etməsin. Heydər Əliyev Fondu tarixi-mədəni abidələrin bərpa edilməsində, ağır, məsuliyyətli layihələrin reallaşdırılmasında həmişə olduğu kimi yenə də aktiv iştirak edir. Bir sözlə, ötən müddət ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura 30 mindən çox bizim soydaşlarımız yaşayırlar. Həmin ərazilər artıq cənnət məkanına çevrilib. Qarabağ və Şərqi Zəngəzurun hər qarışında quruculuq, abadlıq işləri həyata keçirilir. Tunellər, yollar çəkilir, beynəlxalq hava limanları istifadəyə verilib. Eyni zamanda Şuşa şəhəri tədbirlər məkanına çevrilib. Xankəndində Qarabağ Universitetinin açılışına şahidlik etmişik". 

N.Həmzəyev bəyan edib ki, Azərbaycan zəfər qazanmaqla regionda yeni reallıqlar formalaşdırdı: 

"Bu yeni reallıqlar Azərbaycanın gücünə güc qatdı. Bugün Azərbaycanla əksər güclər hesablaşırlar. Azərbaycanın potensialını çox düzgün anlayırlar, düzgün qiymətləndirirlər. Nəticə etibarilə biz gələcək nəsillərə daha güclü, daha qüdrətli Azərbaycan buraxıb getmək arzusuyla səylərimizi daha da artırırıq. Ali Baş Komandan cənab Prezident İlham Əliyevin ətrafında birliyimizi və bərabərliyimizi qorumaqla, azərbaycanlıların sosial rifahının daha da yaxşılaşdırılması üçün gecə-gündüz çalışırıq".