Yeni seçilmiş prezidentin xarici siyasətindəki radikal xətt hələ qalacaq
"Dövlət katibi postunu tutmağa hazırlaşan senator Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri 50 yaşlı konqresmen Mayk Vals da maraqlı şəxslərdir"
ABŞ-nin yeni Prezidenti Donald Trampın hökumət komandasında yer alacaq isimlər tədricən bəlli olmaqdadır. Artıq Tramp bir neçə önəmli qurumlara rəhbərlik edəcək şəxslərin adlarını açıqlayıb. 2025-ci il yanvarın 20-də and içəcək Trampın formalaşdıracağı ən çox gözlənilən kabinet üzvləri xarici işlər naziri, müdafiə naziri, xəzinədarlıq naziri, ədliyyə naziri və milli təhlükəsizlik müşaviridir. Trampın təyinatını gözləyən 4000-dən çox vəzifədən təxminən 1200-ü Senatın təsdiqinə tabedir. 2016-cı ildə prezident olan Tramp Senatda əksəriyyət demokratların əlində olduğu üçün bir çox namizədinin təsdiq proseslərini uzun müddət gözləməli olub. Tramp Florida ştatından olan konqresmen Mayk Uoltsa Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini təklif edib. Baş prokurorun müavini vəzifəsinə isə vəkili Todd Blanşın namizədliyinin irəli sürüləcəyi deyilir. Hazırda Baş prokurorun müavini vəzifəsini Liza Monako tutur. Bu, ABŞ Ədliyyə Nazirliyində ikinci ən mühüm mövqedir. Tramp həmçinin Florida ştatından senator Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb. Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir. O, 2024-cü ilin aprelində Ukraynaya qəbul edilən 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə Senatda səs verən 15 respublikaçı arasında olub. Prezident ədliyyə naziri və Baş prokuror vəzifələrinə isə konqresmen Mett Getsin namizədliyini irəli sürüb. Bundan əvvəl məlum olub ki, Tramp Pentaqonun rəhbəri postuna amerikalı teleaparıcı və keçmiş hərbçi Piter Heqseti təklif edib. Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbardın namizədliyi isə ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə irəli sürülüb. Qabbard ABŞ-nin Ukrayna və Rusiyaya qarşı xarici siyasətini tənqid etməsi ilə tanınır. Vurğulayaq ki, ABŞ Senatı Donald Trampın irəli sürdüyü namizədləri ən qısa zamanda təsdiq etməyi planlaşdırır. Trampın Ağ Evdə dörd əsas məsləhətçisinin adları da açıqlanıb. Trampın ən uzunmüddətli, etibarlı müttəfiqlərindən biri və onun yenidən seçki kampaniyasında baş məsləhətçi olan Den Skavino prezidentin köməkçisi və Ağ Ev aparat rəhbərinin müavini olacaq. Stiven Miller isə prezidentin köməkçisi, Ağ Evin Siyasəti və Milli Təhlükəsizlik Məsələləri üzrə Aparat rəhbərinin müavini vəzifələrində çalışacaq. Öz növbəsində Ceyms Bleyer prezidentin köməkçisi, qanunvericilik və ictimai əlaqələr üzrə administrasiya rəhbərinin müavini vəzifələrində çalışacaq. Taylor Budoviç isə prezidentin köməkçisi, Ağ Evin kommunikasiyalar və kadrlar üzrə aparat rəhbərinin müavini təyin edilib.
Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a deyib ki, yeni administrasiyada müdafiə naziri, dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri və ABŞ-nin İsraildəki yeni səfiri postları xüsusi maraq doğurur. Ekspert bildirib ki, ABŞ Prezidenti Donald Trampın "şahinlər komandası" İsrailin dostu, Çin və İranın düşmənidir:
"ABŞ-nin İsraildəki səfiri ilk dəfə olaraq yəhudi yox, Arkanzas ştatının keçmiş qubernatoru, prezidentliyə iki dəfə namizəd olmuş Mayk Hakabi olacaq. Hakabi Fələstin dövlətinə qarşı çıxan, İsrail tərəfdarı olan yevangelistdir. Trampın yeni komandasındakı digər maraqlı şəxsiyyətlərə gəlincə, prezidentin müdafiə naziri kimi görmək istədiyi keçmiş hərbçi və televiziya şərhçisi Piter Brayan Heqseti xüsusi vurğulamaq lazımdır. Dövlət katibi postunu tutmağa hazırlaşan senator Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri 50 yaşlı konqresmen Mayk Vals da maraqlı şəxslərdir. Bu insanları birləşdirən ən mühüm xüsusiyyət qatı mühafizəkarlıqdır. Müdafiə nazirinə namizəd Peter Heqset İraq və Əfqanıstanda qastrol səfərləri də daxil olmaqla 34 il orduda xidmət edib və son 10 ilini "FOX tv"-də şərhçi kimi keçirib. Ekspertlər hesab edir ki, onun Pentaqona rəhbərlik etmək üçün kifayət qədər təcrübəsi yoxdur. Lakin Trampa sadiqdir və buna görə də onun vasitəsilə orduda ciddi dəyişikliklər ediləcək. Yəni müdafiə naziri prezidentin vəsiyyətini həyata keçirəcək".
Analitik vurğulayıb ki, Mark Rubio Çin və İrana qarşı sərt mövqeyi ilə tanınır: "O, Çin şirkətlərinə vergilərin artırılmasına çağırıb və Yaxın Şərqdəki problemlərdə İranı günahlandırıb. Polkovnik Vals 25 ildən çox ABŞ ordusunda xidmət edib və "Elit Yaşıl Bereli"lər qüvvələrinin zabiti kimi Yaxın Şərq və Əfqanıstandakı əməliyyatlarda iştirak edib. Vals həm də İran və Çinlə bağlı sərt fikirləri ilə tanınır. Onun təyinatı artıq İsraildə mühafizəkarlar tərəfindən müsbət qarşılanıb. Göründüyü kimi, Trampın xarici siyasətindəki radikal xətt hələ qalacaq. Xüsusilə deyə bilərik ki, İran və Çinlə bağlı siyasət dəyişməyəcək və münasibətlər gərgin olaraq qalacaq".