Fransa bütün əxlaq normalarını aşır - RƏY

"ArteTV" telekanalının Azərbaycanla bağlı yayımladığı "sənədli film" Makron hakimiyyətinin sifarişi ilə hazırlanıb 

 
  Fransanın "Arte.TV" telekanalı Azərbaycan haqqında obyektivlikdən kənar, heç bir əxlaq normasına və insanlığa sığmayan, saxta, riyakar "sənədli film" çəkib. “Ermənistan: Hadisələrin mərkəzində” adlı başdan-başa böhtan olan “sənədli film”in bir hissəsi 90-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilərin guya “deportasiya”sına həsr olunub. Azərbaycanı şərləməyi hədəfləyən “sənədli film” istehsalçılarının “ermənilərin deport olunması” kimi təqdim etdikləri kadrlar isə Kəlbəcərin işğalı zamanı azərbaycanlıların öz yurd-yuvasından didərgin düşməsini əks etdirən görüntülərdir. Fransızlar azərbaycanlıların qovulması kadrlarını həyasız, əxlaqsızcasına “məzlum erməni qaçqınlar” kimi göstərib. Kanalın tapdığı “ekspert” 90-cı illərdə “məzlum ermənilər”ə Azərbaycanın verdiyi “zülmlər”dən danışıb. Riçard Kirakosyan adlı “ekspert” 90-cı illərdə “məzlum ermənilərə” edilən “zülmləri” qondarma 1915-ci il soyqırımı ilə müqayisə edib. Kirakosyan hətta bir az da irəliyə gedərək deyib ki, Türkiyə və Azərbaycan eyni vəhşilikləri edə bilən qardaş millətlərdir. Bu “sənədli” saxtakarlıq və riyakarlıq təxminən 3 həftə öncə internet resurslarında yayılıb. Azərbaycanlıların filmə qəti etirazından və həqiqəti şərh bölümündə yazmasından sonra isə kanal növbəti, bu dəfə daha əxlaqsız varianta əl atıb. “Sənədli film”ə Azərbaycandan giriş bloklanıb, azərbaycanlıların yazdığı və həqiqəti üzə çıxaran şərhlər, videolar silinib. Azərbaycandan başqa bütün ölkələr üçün film açıq saxlanılıb. Bu o deməkdir ki, bu filmi ərsəyə gətirənlər hansı kadrlardan istifadə etdiklərini, qovulanların və didərginlərin azərbaycanlılar olduğunu əvvəlcədən də biliblər. İfşa olunduqlarını gördükdə isə Azərbaycandan girişi blok edərək, ölkəmizə qarşı saxtakarlığı davam etdiriblər. Bu, əslində, Fransada Azərbaycana qarşı hansı siyasət aparıldığının əyani sübutudur.

  Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, Fransanın "ArteTV" telekanalının Azərbaycanla bağlı yayımladığı "sənədli film" Makron hakimiyyətinin sifarişi ilə hazırlanıb. Deputatın sözlərinə görə, Fransadan bu cür riyakarlıq və saxtakarlıqdan başqa hərəkət gözlənilmir:

"Fransa və Ermənistanın eyni cinayətkar tarixi var. Fransa da soyqırımlar və qırğınlar törədib, Ermənistan da. Fransa ona görə də öz xristian cinayətkar qardaşını "məzlum", "qaçqın" kimi təqdim edir. Bununla dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışır. Məhz ona görə də filmdə "müsəlman Azərbaycan və xristian Ermənistan" terminlərini qabardaraq xristianları həmrəyliyə səsləyirlər. Ermənistana dəstəyin vacibliyini təbliğ edirlər. Təbii ki, bu, Fransanın riyakarlığının, azərbaycanofob, türkofob və islamofob baxışlarının təzahürüdür". 

  Parlament üzvü vurğulayıb ki, Azərbaycan və Türkiyə Fransa və Ermənistandan fərqli olaraq sülh və əməkdaşlığın carçılarıdır: "Soyqırımlara məruz qalsaq da, Fransanın, Ermənistanın yolu ilə getmirik. Çalışırıq ki, Fransanın əsarətində əzilən xalqlar da azadlığa qovuşsun. Ermənistan bizə qarşı çoxsaylı hərbi cinayətlər işlətsə də, köhnə səhifəni bağlamağı, münasibətlərə yeni səhifədən başlamağı təklif edirik. Çox təəssüf ki, Fransa Ermənistana icazəsiz addım atmağa belə imkan vermir".