Gələcək Azərbaycan Partiyası növbəti seçkilərə hazırlıq görür
"Heç şübhəsiz ki, bələdiyyə seçkilərindən gözləntilərimiz böyükdür".
Bu sözləri "Sherg.az"a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
Partiya rəhbəri bildirib ki, Prezident İlham Əliyevin bələdiyyələrin birləşməsi ilə bağlı imzaladığı son Sərəncam ölkə ərazisində bələdiyyələrin nüfuzunun artmasına xidmət edir:
"Ona görə də rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyası yerli özünüidarəetmə orqanlarında böyük inkişafa ümid edir. 1 sentyabr parlament seçkilərindən sonra partiyamız növbəti seçkilərə hazırlıq görür. Əminəm ki, aparılmış fəaliyyət nəticəsində partiyamız bələdiyyə seçkilərində iştirak edəcək və real nəticələr qazanacaq".
Qeyd edək ki, bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov siyasi partiyaları, ictimaiyyəti bələdiyyə seçkilərində fəal olmağa səsləyib. Sədr bələdiyyələrin həm sərhədləri, həm məntəqələr, həm də bələdiyyə ərazisində olan seçicilərin sayı ilə bağlı
zəruri addımların atıldığını deyib. Bildirib ki, bələdiyyələrin birləşməsindən sonra artıq Azərbaycanda 685 bələdiyyə fəaliyyət göstərir. Əlavə olaraq bələdiyyə seçkilərinə dair Təqvim Planı da təsdiq edilib və şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu yaradılıb. Seçkiqabağı təşviqat gələn il yanvarın 6-da başlayacaq. Namizəd olmaq istəyənlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir. Bələdiyyə seçkilərinə fevralın 23-dək yekun vurulacaq.