İnsanlar bələdiyyələrin bir işə yaramadığını gördükləri üçün marafonda iştirak etmək istəmirlər
"Seçkilərdə partiyaların iştirakçılığı qanununun tələbidir. "Siyasi partiyalar haqqında" qəbul olunan yeni qanunda elə tələblər qoyulub ki, münbit şərait oldu-olmadı, istədi-istəmədi, mütləq seçkilərdə iştirak etməlidir".
Bu barədə "Sherg.az"a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Oruclu deyib.
Partiya rəsmisi vurğulayıb ki, siyasi baxımdan yanaşıldıqda siyasi partiyalar dövlətin və yerli özünüidarəetmə orqanlarının idarə olunmasında iştirak etməlidir:
"Demokratik cəmiyyətlərdə bələdiyyələr və bələdiyyə seçkiləri böyük əhəmiyyət kəsb edir. Götürək qardaş Türkiyəni. Türkiyədə son bələdiyyə seçkilərinin necə coşqu, kəskin rəqabət və kütləvi şəkildə keçdiyini izlədik. Hər bələdiyyə uğrunda ölçüsünə baxmayaraq, siyasi qüvvələr arasında gərgin mübarizə getdi. Təəssüf ki, Azərbaycanda seçkili qurumlar və seçki institutları bərbad hala salındığından ictimai diqqəti özünə çəkə bilmir. İnsanlar seçkilərin şəffaf və demokratik keçiriləcəyinə inanmadığından seçkilərə qatılmaq istəmirlər".
Ə.Oruclu qeyd edib ki, avqustun 1-də keçirilən parlament seçkilərindəki passivlikdən nəticə çıxarılmalı idi:
"Təəssüf ki, eyni acınacaqlı mənzərə qalmaqdadır. Ölkədə ümumilikdə seçki ab-havası yoxdur, desək, yanılmarıq. Açığı, partiyaların bələdiyyə seçkilərinə hazırlığı və üzvlərin irəli sürülməsi prosesi çox ağır və ləng gedir. İnsanlar bələdiyyələrin bir işə yaramadığını gördükləri üçün marafonda iştirak etmək istəmirlər. Seçkilərə bir neçə gün öncə start verilməsinə baxmayaraq, cəmi 9 nəfərin namizədliyi irəli sürülüb. Bu, ürəkaçan durum deyil. Biz də çalışırıq ki, seçkilərə aktiv və çoxsaylı namizədlərlə qatılaq. Müvafiq strukturlar bunun üzərində işləyir. Ümid edək ki, nəhayətdə demokratik seçkilərin və seçkilərlə formalaşdırılan təsisatların dövlətin davamlılığı və dayanıqlığı, həmçinin sabitlik üçün vacib olduğunu anlayanlar olacaq".
Qeyd edək ki, gələn ilin yanvarın 29-da 118 dairə üzrə 685 bələdiyyəyə seçkilər keçiriləcək. 685 bələdiyyə üzrə isə 8071 bələdiyyə üzvü seçiləcək. MSK sədri Məzahir Pənahov partiyaları və ictimaiyyəti bələdiyyə seçkilərində fəal olmağa səsləyib.