Antonio Koştanın rəhbərliyi ilə dekabrın 19-da AŞ-nin ilk iclası keçiriləcək

Avropa İttifaqı Şurasının yeni Prezidenti Antonio Koştanın rəhbərliyi altında dekabrın 19-da Şuranın ilk iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Antonio Koştanın Aİ Şurasının üzvlərinə ünvanladığı dəvət məktubunda qeyd olunub.

Bildirilib ki, iclasda Ukraynadakı vəziyyətin müzakirəsi ön planda olacaq.

"Biz lazımolduğu təqdirdə Ukraynanın yanında olmalıyıq və beynəlxalq hüququn bərqərar olması üçün hər şeyi etməliyik. Avropa Şurasının dekabr iclası hərtərəfli, ədalətli və dayanıqlı sülh naminə Ukraynaya dəstək mesajı göndərmək üçün mühüm fürsətdir",- məktubda vurğulanıb.

Aİ Şurasının Prezidenti Brüsseldə baş tutacaq iclas üçün Ukrayna Prezidenti Volodimir Zelenskini də dəvət etdiyini diqqətə çatdırıb:

"Mən yerdəki son hadisələri və Avropanın Ukraynaya ən yaxşı şəkildə necə dəstək verə biləcəyinə dair fikirlərini bizimlə bölüşməsi üçün Prezident Zelenskini də Brüsselə dəvət etmişəm".

Görüşün ikinci mövzusunun isə "Dünyada Avropa İttifaqı" olacağı bildirilib:

"Mövcud geosiyasi kontekstdə Avropa İttifaqı bütün dünyada daha geniş və dərin tərəfdaşlar şəbəkəsi yaratmaqla, onların spesifik maraqlarından daha çox xəbərdar olmaqla və ümumi maraqlar üçün potensialını araşdırmaqla beynəlxalq səhnədəki rolunu möhkəmləndirə bilər".

Məktubda vurğulanıb ki, Birləşmiş Krallıq ilə qarşılıqlı faydalı strateji münasibətlərin, xüsusilə də təhlükəsizlik və müdafiə sahəsində inkişaf etdirilməsi məsələsi də müzakirələrin bir hissəsi olacaq.

"Daha sonra Yaxın Şərqdə sürətlə cərəyan edən hadisələrə, o cümlədən Avropa İttifaqının bölgədəki gərginliyin azaldılması səylərinə daha yaxşı necə töhfə verə biləcəyinə diqqət yetirəcəyik", - məlumatda qeyd olunub.