Bələdiyyələrin maliyyə resursları əsas şərtlərdən biridir -Tural Abbaslı

Qərar bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və maliyyə bazasının gücləndirilməsində mühüm rol oynaya bilər


Prezident İlham Əliyev “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsasları yaradılacaq və tənzimlənəcək.

Yeni qərarın qarşıdan gələn bələdiyyə seçkilərinə təsiri haqqında "Sherg.az"a danışan Ağ Partiya sədri Tural Abbaslı deyib ki, bu xəbər hələ əlaqədar qurumlar arasında geniş yayımlanmadığı kimi, ictimaiyyət arasında da kifayət qədər tanınmayıb:

"İnformasiya geniş şəkildə yayılsa belə, bələdiyyə seçkilərinə böyük marağın yaranacağı ehtimalı azdır. Bunun səbəbi, məlumatın mahiyyəti barədə kifayət qədər izahlı və aydınlaşdırıcı detalların təqdim edilməməsidir ki, insanlar xəbəri düzgün başa düşüb öz baxış bucağından qiymətləndirə bilsinlər. Bundan başqa, cəmiyyətin yalnız bələdiyyə seçkilərinə deyil, ümumiyyətlə seçkilərə marağı azalır. Ümumilikdə, bələdiyyələr Milli Məclislə müqayisədə daha az tanınır və seçkilər baxımından diqqət mərkəzində deyil. Azərbaycanda parlament seçkilərinə olan maraq, adətən, bələdiyyə seçkiləri ilə müqayisədə daha yüksək səviyyədə olur".

Müsahibimiz əlavə edib ki, bu il parlament seçkiləri zamanı seçicilər tez-tez namizədlərə "Seçilib bizim üçün nə etmisiniz?”, “Yalnız öz maraqlarınızı güdürsünüz" kimi iradlar bildiriblər:

"Bu səbəbdən, mövcud qərarın bələdiyyə seçkilərinə xüsusi maraq yaradacağını iddia etmək çətindir. Bununla yanaşı, bu qərar bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və maliyyə bazasının gücləndirilməsində mühüm rol oynaya bilər. Yerli özünüidarə orqanlarının daha səmərəli işləməsi üçün maliyyə resurslarının mövcudluğu əsas şərtlərdən biridir, çünki maddi imkanlar fəaliyyətin davamlılığını təmin edən əsas amillərdən biridir."