Türkiyədə Öcalan vasitəsilə yeni “kürd açılımı” siyasəti güclənir - ŞƏRH

Bu, Ankaranın daxili sabitlik və xarici siyasət prioritetlərindəki istəklərinin hibridi kimi şərh oluna bilər

“Türkiyə xarici işlər nazirinin açıqlaması Ankaranın PKK münaqişəsinin uğurlu həllinə yaxınlaşdığını göstərir”

Türkiyə Suriyada PKK varlığına son qoymağa çalışır, regional şərait məsələnin qısa müddətdə həllinə şərait yaradır. ABŞ-nin yeni Prezidenti Donald Tramp son açıqlamasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləsə də, amerikalı hərbçilərin Suriyanı tərk etməsi məsələsində birmənalı fikir bildirməyib, hərbçilərlə məsləhətləşəcəyinə işarə edib. Bu o deməkdir ki, Tramp Ağ Evə yerləşdikdən sonra amerikalı hərbçilərin Suriyanı tərk edib-etməməsi məsələsində Pentaqonun rəyinə əsaslanacaq. Pentaqon generalları isə İŞİD-lə mübarizə adı altında Suriyadakı PKK\YPG terrorçularına dəstəyin davam etdirilməsinin tərəfdarıdırlar. Politoloqlar da hesab edir ki, Suriya məsələsində Trampa etibar etmək olmaz. Ona görə də, Ankara Trampın andiçmə mərasiminə qədər PKK-nı Suriya ərazisindən sıxışdırmağa və bununla terrorçuların manevr imkanlarını məhdudlaşdırmalıdır.

Uzun müddətdir,  bəzi kürdlər və onların müttəfiqlərinin  Suriyanın şimal-şərqində Suriya Demokratik Qüvvələrinin kəsdiyi ərazilərə ümidlər bəslədiyini vurğulayan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov hesab edir  ki, onlar həmin ərazilərin İraqın şimalındakı Kürdüstan Regional hökumətinə bənzər muxtar kürd zonasına çevriləcəyinə ümid edirdilər.

Bu barədə “Sherg.az”a danışan siyasi şərhçi qeyd edib ki, Suriyada ABŞ-nin dəstəklədiyi kürd koalisiyası Bəşər Əsədin devrilməsindən sonra qeyri-müəyyən gələcəklə üzləşib: 

“Suriyanın şimalında Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu ilə ABŞ-nin çətiri altında olan Suriya Demokratik Qüvvələrinin bir-birlərinə qarşı döyüş əməliyyatları davam edir. Türkiyə Əsəd rejiminin süqutundan sonra Suriyanın şimal-şərqindəki PKK mövqelərini atəş altında saxlayır və Fərat çayı boyunca döyüş meydanlarına yaxın olan təchizat xətlərini hədəf alan zərbələrinin sayını artırır.
Bununla belə, Türkiyədə Abdullah Öcalan vasitəsilə yeni “kürd açılımı” siyasəti güclənir. Bu, Türkiyənin daxili sabitlik və xarici siyasət prioritetlərindəki istəklərinin hibridi kimi şərh oluna bilər. Yəni Ankara qanundankənar PKK-nı sülh prosesi vasitəsilə tərk-silah etməyi, nəticədə ləğvinə nail olmağı hədəfləyir. Bir sözlə, Türkiyənin sülh planındakı PKK ilə əlaqədar prioritetlər birinci növbədə Türkiyənin daxili cəbhəsini qaydaya salmaq istəklərinin ifadəsi kimi şərh oluna bilər. Öcalan Türkiyə ilə hər hansı son həll razılaşmasının bir hissəsi kimi azad edilsə, ehtimal ki, Suriya və İraqdakı PKK şəbəkələri həmin qərarı tanımayacaqlar və Öcalanın liderliyinin üzərindən xətt çəkəcəklər. Lakin Öcalan daxili siyasətdə yeni fiqur kimi ortaya çıxa, Türkiyənin qarantiyası altında Suriya və İraqdakı PKK gücləri ilə rəqabət apara bilər”.

A. Kərimovun sözlərinə görə,  Ankara ilə PKK-nın Türkiyə qanadı arasında hər hansı bir sülh razılaşması istər-istəməz kürd koalisiyasındakı münasibətləri dəyişəcək. Bir müddət əvvəl Suriyada PKK daxilindək  parçalanmaları xatırladan siyasi şərhçi əlavə edib ki, bütün bunlar  Ankaranın proseslərdə irəli aparılan maraqlarından xəbər verir:

“Türkiyə üçün isə İraq və Suriyada PKK təhlükəsi ilə bağlı çağırışların həlli fərqli yanaşmalar da tələb edir. ABŞ də regional yorğunluq və yüklənmə səbəbindən Türkiyə ilə eyni mövqedən çıxış etmək təşəbbüsləri göstərir. Rusiyanın isə əsas prioriteti Ukraynaya cəmləşdiyindən və o, Suriyada çətinliyə düşdüyündən, nə kürdlər vasitəsilə güclü həmlə hazırlamaq strategiyasını qəbul edə bilir, nə də Türkiyə ilə konfrontasiyaya girməyi hədəfləyir. Buna baxmayaraq, Türkiyənin İraq və Suriyada anti-PKK əməliyyatları geosiyasi mübarizədəki tablonu mürəkkəbləşdirir. Hesab edirəm ki, Türkiyə regionda ən çox İsrailin kürd qruplaşmalarını yenidən tənzimlənmək səyləri ilə üzləşdiyindən fərqli meyarlarını bununla uyğunlaşdırır. Lakin Türkiyə prioritetlərini əhəmiyyətli miqyasda irəlilədir, üstəlik, İraq Kürdüstanı rəhbərliyi də Ankaranın çağırışlarını dəstəkləyir. Həmçinin bu, İraq Kürdüstanının muxtar bölgədə PKK təsirinin azaldılmasını görmək istəyindən qaynaqlanır. Eyni zamanda İraq Kürdüstanı rəhbərliyi Türkiyənin regiondakı hərbi mövcudluğunu İran təsirlərinə qarşı tarazlıq aktı kimi alqışlaya bilər. Başqa bir səhnədə isə İraq Kürdüstanı PKK ilə Ankara arasında mümkün danışıqlarda vasitəçilik etmək səylərini büruzə vermək istəyir. Bu arbitr rolu Türkiyənin PKK-nın ləğvinə yönəlik addımlarına tam cavab verə, əlavə olaraq isə Ankaranın İraq və Suriyadakı əməliyyatlarına əhəmiyyətli dəstəyin bir hissəsi ola bilər”.

Nəticə olaraq, siyasi ekspert hesab edir k, Türkiyə xarici işlər nazirinin açıqlaması Ankaranın PKK münaqişəsinin uğurlu həllinə yaxınlaşdığını göstərir. Bu həm də onunla əlaqəlidir ki, ABŞ qüvvələrinin Suriyada fəaliyyət göstərdiyi ərazilərdə təhlükəsizlik boşluqlarına düşməsi Türkiyənin əməliyyatlarını gücləndirir.