Bu, nəticə etibarı ilə üçüncü dünya müharibəsi ilə tarixə düşə bilər
İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq nizamın tam sıradan çıxarılmasının vacib mərhələsi başlayıb. Bu nizamı əsaslı şəkildə silkələyən amillərdən biri də Donald Trampın yenidən prezident seçilməsidir. Hələ səlahiyyətlərinə başlamayan Trampın Danimarkanın Qrelandiyasını tərkibinə tələb etməsi, digər narahatedici açıqlamaları ilə yanaşı dünyada beynəlxalq hüququn süqutunu, güc faktorunun isə əsas şərtə çevrildiyini mübahisəsiz sübut edir.
ABŞ-nin istək və davranışları, bütövlükdə prosesin dünya ölkələrinin təhlükəsizliyi və suverenliyi üçün real təhlükələr vəd edir, yeni dünya nizamını formalaşdırır. Siyasi şərhçi Vüqar Dadaşovun “Sherg.az”a açıqlamasına görə, proseslər köhnə dünya nizamının əsas atribut və dayaqlarına olan beynəlxalq struktur və birliklərə inamı sarsıdacaq və bu, beynəlxalq təşkilatların əhəmiyyətini itirəcək. Ekspert qeyd edib ki, gücün haqqı beynəlxaq hüququ əhəmiyyətsiz hala gətirdiyindən ilk növbədə Birləşmiş Millətlər Təşkilatı suquta uğrayacaq, ən yaxşı halda isə əsaslı struktur islahatına gedəcək:
“ABŞ özünün rəhbəri olduğu NATO üzvlərinə təhdid və təhlükə yaratdığından NATO-nun da indiki formatda dayanacağı çox çətin görünür. Əlbəttə ki, İkinci Dünya müharibəsindən sonra dünya nizamını tarazlayan Varşava hərbi blokunun ləğvinin ardından, yeni dünya nizamında NATO-nun da eyni taleyi yaşayacağı şübhə doğurmur. Ancaq proseslər yeni tarazlayıcı hərbi blok ortaya çıxara bilsə, NATO-nun da yeni reallıqlara uyğun yenilənməsi mümkündür. Yeni dünya nizamında iki güc mərkəzi deyil, bir neçə güc mərkəzinin, blokların yaranması real ehtimaldır. Donald Trampın Danimarkadan Qrelandiya tələbi Avropa Birliyi ölkələrini NATO-dan kənar müdafiə mexanizmi düşünməyə məcbur edir. Danimarka baş naziri bu məsələdə Aİ-nin dəstəyinə ümid etdiyini bildirib. Donald Trampın rəhbərliyi ilə ABŞ-nin Qrelandiya, Panama kimi tələbləri dövlətlərin Rusiya və Çin ətrafında birləşməsinə gətirib çıxara bilər”.
Siyasi ekspert hesab edir ki, indiki halda Amerikanın sözügedən dövlətlərə qarşı ərazi tələbi, onların suverenliyinə hörmətsizliyi, Rusiyanın Ukraynaya, İsrailin Yaxın Şərq ölkələrinə qarşı işğalçılıq müharibəsinə, Fransanın və sair ölkələrin müstəmləkə siyasətinə haqq qazandırır: “Adını çəkmədiyimiz bəzi ölkələr də, beynəlxalq arenada yaranmış fürsətdən istifadə etmək qərarına gələ bilər.
Yenidən prezident seçilən Donald Trampın bu açıqlamalarının domino effekti ilə dəhşətli dağıntılara səbəb olacağını təxmin etməməsi mümkün deyil. Axı Trampın narahatedici açıqlamaları özlüyündə Rusiyanın əlini gücləndirir, onun öz ətrafına daha çox müttəfiq və tərəfdaş toplanmasına zəmin yaradır”.
V.Dadaşov hesab edir ki, ABŞ-nin Qrelandiya, Panama istəkləri əsasən Amerikanın hökmranlığını qorumaq, xüsusən də Çin başda olmaqla bəzi ölkələrin inkişafını əngəlləmək niyyətinə söykənsə də, nəticəsinin dünyaya fəlakət gətirəcəyi şübhəsizdir. Bu nəticə üçüncü dünya müharibəsi ilə tarixə düşə bilər.