Analitik: Fransa Azərbaycanla əməkdaşlığın yenidən nəzərdən keçirilməsinə məcbur qala bilər

Bakısız regionda heç bir əməkdaşlıq modeli uğur qazana bilməz


"Fransa strategiyasının prioritetləri sırasında Cənubi Qafqazda təsir dairəsi yaratmaq getdikcə Parisi problemli vəziyyətlə qarşı-qarşıya qoyur. Bunu Azərbaycan və Türkiyəyə qarşı güclü tərəflər formalaşdırmaq istəyən Fransanın səylərinin boşa çıxması daha aydın bir şəkildə canlandırır". 

Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, bununla belə, Fransa diplomatiyası güclü tərəflərini Azərbaycanla müstəsna münasibətlər prizmasına söykəməyə də cəhdlər göstərir: 
"Yəni diplomatiya və dialoq Fransa dövlətinin Azərbaycana münasibətdə hücum yox, özünümüdafiə xəttidir. Çünki regionda Bakının iştirakı olmadan qurulan əməkdaşlıq modeli uğur qazana bilmir. Ona görə də Fransa səriştəsizləşən Cənubi Qafqaz siyasətində Azərbaycan və Ermənistana münasibətlərini Bakının maraqlarına uyğun nisbiləşdirmək seçimini nəzərdən keçirə bilər. Fransa seçimlərindəki Azərbaycan amili ilə əlaqədar praqmatik bəyanatlar səsləndirmir. Bu, onu göstərir ki, Yelisey Sarayında Bakıya qarşı sərt xəttin tərəfdarı olanlar dominant mövqedədirlər". 

A.Kərimov hesab edir ki, Yelisey Sarayındakı anti-Azərbaycan qüvvələrin hökmranlığı Bakını Parisin səsini dinləməməkdə haqlı olduğunu göstərir:
 "Qlobal idarəçiliyin formatlanması, Fransanın bu idarəçilik modelindən məhdud pay alması fonunda Azərbaycanın addımları daha effektiv olur. Fransa bundan dolayı qüvvələr balansının öz ambisiyaları çərçivəsində yenidən formalaşdırılması üçün Cənubi Qafqazda Ermənistanla dərinləşən əməkdaşlıq nümunəsi yaratmağa həvəslənir. Bu isə Cənubi Qafqazda mümkün ekstremal geosiyasi situasiyalarda Fransanın manevr etmək qabiliyyətini yüksəltmir, çünki Parisin bu ssenaridə maraqlarını koordinasiya edə biləcək regional və qlobal güc aktorları fonunda müttəfiqi yoxdur. Deməli, Paris regionda öz ambisiyalarına inteqrasiya edilmiş kritik hədd yarada bilməyəcək və nəticədə Fransa Azərbaycanla əməkdaşlığın yenidən nəzərdən keçirilməsinə məcbur qala bilər".