Tramp Putindən tələb edir ki, qarşısına qoyulacaq sülh sazişinin məzmununa əhəmiyyət vermədən sənədi dərhal imzalasın
...Əks halda Rusiya məhv olacaq
ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Rusiya-Ukrayna müharibəsinə 100 gün ərzində son qoymağı tapşırıb. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb. Nəşrin təxminlərinə görə, Trampın seçki kampaniyası zamanı tezliklə münaqişəyə son qoyacağı ilə bağlı bəyanatlarından fərqli olaraq, Rusiya Prezidenti Vladimir Putinlə müqavilə bağlamaq çox çətin olacaq. Amerikanın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişinə özü nəzarət etmək niyyətindədir. Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib ki, Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina etsə, Rusiyaya yeni sanksiyaların tətbiq ediləcəyi ehtimalı çox böyükdür. Tramp bildirib ki, tezliklə Rusiya Prezidenti Vladimir Putinlə danışmağı gözləyir və Rusiya tərəfi istədiyi zaman onunla görüşməyə hazırdır: “Ukrayna Prezidenti Volodimir Zelenski sülh istəyir, amma tanqo üçün iki nəfər lazımdır. Görək nə alınacaq”. Tramp eyni zamanda Putini ağıllı hesab etdiyini deyib. ABŞ prezidenti Ukraynaya hərbi yardımı davam etdirəcəyini də istisna etməyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Ukrayna Rusiyanın başlatdığı ölümcül müharibəni mümkün qədər tez deyil, ədalətli şəkildə bitirməyə çalışır. Onun sözlərinə görə, müharibə başa çatanda Avropanın masa arxasında oturacağı bəlli deyil: "Prezident Tramp Avropanı dinləyəcəkmi? Avropasız Rusiya və Çinlə danışıqlar aparacaqmı? Tramp mənə dedi və sonra bu barədə açıq danışdı. O, bu il müharibəni bitirmək üçün hər şeyi edəcək. Mən ona dedim ki, biz sizin tərəfdaşınızıq. Bu müharibə bizimdir, biz bütün ağrıları hiss edirik, insanlarımızı itirdik. Bu il müharibəni tez deyil, ilk növbədə hamımız üçün, ukraynalılar üçün ədalətli şəkildə bitirmək istəyirik. Onlar evlərinə qayıtsınlar, təhlükəsiz yaşasınlar, işləsinlər. Məncə, bu, ən vacib şeydir. Ən azından bunun üçün hər şeyi edəcəyik". ABŞ Dövlət katibi Mark Rubio deyib ki, Tramp Ukraynadakı münaqişəni bir gündə ona görə həll etməyib ki, bu, diplomatiyanın gərgin işini tələb edir: “Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə və ciddiliyə qayıtmaqdır və bu, diplomatiyanın gərgin işidir. ABŞ-nin burada rolu var. Biz Ukraynanı dəstəklədik, lakin bu münaqişə bitməlidir”.
Trampın Rusiya-Ukrayna arasında sülh iddiasını "Sherg.az"a dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ prezidentinin seçkilərdən öncəki ritorikası artıq tədricən dəyişməyə başlayıb. Ekspert vurğulayıb ki, Ağ Evin yeni sahibi Ukrayna savaşını bir günə dayandıracağını vəd etmişdi, ancaq məlum oldu ki, bu, o qədər də real deyil və belə bir niyyəti ümumiyyətlə yoxdur: "Digər tərəfdən ehtimal olunurdu ki, Ukrayna savaşının dayandırılması üzrə proses Rusiyanın maraqları çərçivəsində cərəyan edəcək. Amma son vaxtlar artıq Trampın son bəyanatları onu göstərir ki, bu məsələdə tamamilə fərqli istiqamətlərə yönəlmək üzrədir. Çünki Tramp öz vədlərinin əksinə olaraq, artıq Rusiyanın maraqlarına əvvəlki kimi həssas yanaşmaq niyyətində olmadığını büruzə verir. Hətta eyham vurur ki, Rusiya sülh istəyirsə, onda Ukrayna savaşının dayandırılması prosesində mütləq ciddi güzəştlərə getməlidir. Əks halda müharibəni dayandırmaq mümkün olmayacaq və Rusiyanın məhv olması qaçılmaz xarakter daşıyacaq. Bu, Trampın dilindən Rusiyaya qarşı çox önəmli bir xəbərdarlıq mesajıdır, hətta təhdid xarakteri daşıyan xəbərdarlıq mesajıdır. Tramp Putinə xəbərdarlıq edir ki, sülh sazişi ilə bağlı ciddi güzəştlərə hazır olsun. Eyni zamanda belə anlaşılır ki, Tramp Putindən tələb edir ki, Kreml rəhbəri qarşısına qoyulacaq sülh sazişinin məzmununa əhəmiyyət vermədən, hər hansı qeyd-şərtə ehtiyac duymadan sənədi dərhal imzalasın. Əks halda Rusiya məhv olacaq. Yəni bu, Rusiya kimi bir dövlət üçün olduqca ciddi təhdiddir. Kreml üçün çox ciddi siqnaldır".
Analitik hesab edir ki, Kremlin bundan hansı nəticə çıxaracağı hələlik məlum deyil:
"Donald Tramp Rusiyaya yönəlik siyasi, psixoloji təzyiqlərini artırmaqda davam edir. Son açıqlamalarında onu da bildirib ki, əgər sülh sazişi imzalanmazsa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər. Eyni zamanda mövcud sanksiyalarında ağırlaşma ehtimalı mövcuddur. Rusiya siyasi dairələrinin Trampın hakimiyyətə gəlişindən sonra vəziyyətin Rusiyanın xeyrinə dəyişəcəyinə olan ümidləri yavaş-yavaş sona çatmaq üzrədir. Donald Tramp Putinin ümidlərini boşa çıxartmaq üzrədir. Anlaşılır ki, Kreml rəhbərinin Donald Trampa olan böyük ümidləri özünü doğrultmayacaq".