Azərbaycanda rus məktəblərinin ləğvi ilə bağlı plan hazırlanmalıdır- Azər Həsrət

Danılmaz faktdır ki, Qarabağda yaşanan faciələrin əsası 1805-ci ildə Rusiyanın Qarabağ xanlığını işğal etməsi ilə başlayıb. İşğaldan sonra saziş imzalanmasına baxmayaraq, ruslar buna xilaf çıxaraq Qarabağ xanı İbrahimxəlil xanı və ailəsini öldürdü, sarayı yandırdı. Bunun ardınca ruslar bütün tarixi Azərbaycan torpaqlarını işğal etməyə, İrəvan, Gəncə və digər ərazilərin talanına, qətllər və istilalara başladı. Məhz 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi, bolşeviklərin törətdiyi cinayətlər və kütləvi repressiyalara nəzər salaq. Bütün bunlar rusların tarixən Azərbaycan xalqına qarşı dəyişməyən amansız münasibətinin bariz nümunəsidir. Digər tərəfdən 1988-ci ildə Azərbaycana qarşı başlanan uydurma iddiaları dəstəkləyən də elə Kreml idi. Həmçinin 1990-cı il hadisələri zamanı Bakıya ordunun yeridilməsi, dinc əhalinin qırılması vəhşilikdən başqa bir şey deyil. Bu gün Rusiya mediasında bununla bağlı Azərbaycanın ünvanına iftiralar səslənir, hadisələr təhrif olunur. Əgər belədirsə, Azərbaycan da 20 yanvar qırğınında iştirak etmiş, adları, rütbələri yaxşı bilinən keçmiş rusiyalı hərbçilərin cəzalandırılmasını və təhvil verilməsini tələb edə bilər. Üstəlik, Xocalı soyqırımında Rusiya Ermənistan işğalına açıq dəstək göstərməklə yetinmədi,  336-cı alayın, öz ordusunun da Azərbaycana qarşı qətliamlarda iştirak etməsinə zəmin yaratdı. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı Rusiyanın müdaxiləsi ilə müharibə yarımçıq saxlanılsa da, Azərbaycan konfrontasiyaya getmədi. Prezident İlham Əliyevin uzaqgörənliyi və düşünülmüş siyasəti sayəsində 2023-cü ildə proses tam başa çatdırıldı. Müharibədən sonra Rusiya prezidenti və xarici işlər nazirinin dəfələrlə Ermənistan rəhbərliyini Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına görə tənqid etməsi də Rusiyanın məsələyə yanaşmasını və əsl niyyətlərini göstərir.

Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, Rusiya və ruslar heç vaxt Azərbaycana qarşı dost münasibəti göstərməyib:

"Ruslar Çar Rusiyası dövründən başlayaraq Cənubi Qafqazı, o cümlədən də Azərbaycan Respublikasının ərazilərini işğal etməklə də qalmayıb, eyni zamanda sərvətlərimizi talayıb və kütləvi şəkildə soyqırım törədiblər. Rusların Azərbaycan xalqına qarşı etdiyi amansızlıqlar sadəcə olaraq dilə gətirilmir. Qaçarlarla Çar Rusiyası arasındakı müharibə zamanı rus qoşunları hətta Təbrizə qədər irəliləyərək işğalçılıq siyasətinə davam ediblər. Daha sonra 1811-ci il sazişi ilə Azərbaycanın Cənubu Qacarların nəzarətində qalıb. Məhz həmin zamandan bəri ruslar xalqımızın kökünü kəsməyə çalışıb, xan ailələrini tam olaraq məhv ediblər. Sovet Rusiyası dövründə də onların bu yanaşmanı davam etdirməsi danılmaz faktdır. Hətta rusların planı olub ki, ümumiyyətlə Azərbaycan xalqını Qafqazdan Orta Asiyaya, Türküstana, Sibirə köçürsünlər. Bütün bunlara baxmayaq millətimiz mübarizə aparmağı, duruş gətirməyi hər zaman bacarmağa nail olub. Bu gün Cənubi Qafqazın ən sayılıb-seçilən ölkələrindən olan müstəqil Azərbaycan Respublikası mövcuddur".

Şərhçi vurğulayıb ki, istər Çar Rusiyasının və SSRİ-nin işğalı zamanı, istərsə də indiki dövrdə rəsmi Moskvanın Azərbaycandakı uzantıları anti-azərbaycan təbliğatında birmənalı rol almaqdadır:

"Onlar dövlətimizi aşağılayan, dayaqlarına zərbə vuran hərəkətlərə yol verirlər. Bununla yanaşı "rus" adı altında fəaliyyət göstərən Azərbaycanın Rus Gəncləri Assosiasiyası, Rus mədəniyyət evləri, Rus informasiya mərkəzi və s. kimi təşkilatlar var. Həmin qurumların məqsədi qaniçən və işğalçı rusların müsbət imicinin  yaradılmasına xidmət etməkdir. Məsələn, elə 20 Yanvar cəlladı Primakovu az qala "qəhrəman" kimi xalqımıza sırıyırlar. Bu qəbildən Qorbaçov, Yazov, Vakatin kimi adamları təmizə çıxarmağa çalışırlar. Təəssüfləndirici haldır ki, rus adı altında fəaliyyət göstərən təşkilatların fəallarının 80-90 faizi qeyri-ruslar və türk əsilli olmayan azərbaycanlılardır. Digər tərəfdən Azərbaycan dövləti artıq bu məsələnin üzərinə ciddi şəkildə düşməlidir. Nəzərə almalıyıq ki, hələ Rusiyanın özündə Azərbaycan diasporu darmadağın edilib. Rəsmi Moskva hətta uzun illər burada yaşayıb Rusiya vətəndaşı olan azərbaycanlıların məhkəmə yolu ilə vətəndaşlığını əlindən alır. Üstəlik, onları seçim qarşısında qoyur ki, ya Ukrayna cəbhəsinə get, ya da səni ölkədən qovuruq. Yəni bu cür qeyri-insani vəhşi yöntəmlə soydaşlarımıza yanaşma sərgiləyirlər. Ona görə də Azərbaycan ictimaiyyəti ayılmalı, vətəndaşlarımız isə öz sözlərini deməlidir. Nəyə görə Azərbaycanda heç bir zərurət olmadan 350-yə yaxın rus məktəbi fəaliyyət göstərir? Dövlət tərəfindən onların ləğvi ilə bağlı mərhələli plan qəbul edilməlidir. Çünki həmin məktəblərdə oxuyanların 90 faizi rus yox, türklərdir. Ümumiyyətlə Azərbaycanın dövlət dili qala-qala, öz millətimizə yabancı dili örnək göstərməməliyik".