Analitik: İkitərəfli, üçtərəfli formatlarda əməkdaşlıq TDT-ni gücləndirəcək

Azərbaycan-Türkiyə-Özbəkistan kimi böyük dövlətlərin böyük işləri birlikdə görmək imkanları kifayət qədər genişdir 

Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşü keçirilib. Görüşdə üç ölkənin xarici işlər nazirləri ilə bərabər, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edib.
İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.
Görüş zamanı Orta Dəhlizin önəminin artmasına diqqət çəkilib. Suriya və Qəzzada baş verənlər, həmçinin, Rusiya-Ukrayna müharibəsi müzakirə edilib. 
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında sözügedən iclasla bağlı paylaşım edib: "Həmkarlarla birlikdə Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat/infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək xoş oldu. Ölkələrimizin iqtisadi əməkdaşlığını dərinləşdirmək, qarşılıqlı ticarət həcmlərini artırmaq, özəl sektorları yeni investisiya layihələri həyata keçirməyə təşviq etmək, rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirdik. Birgə fəaliyyətimizi gücləndirmək üçün növbəti addımları müəyyənləşdirdik".
Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq.
Bunu isə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada təşkil edilən Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransında deyib.
O bildirib ki, Asiya və Avropa qitələri arasında ən etibarlı, ən sürətli və iqtisadi marşrut Mərkəzi Asiya-Xəzər Dənizi-Cənubi Qafqaz və Türkiyə xəttidir, bununla belə, regionda enerji böhranı, qeyri-qanuni miqrasiya, terror və radikallıq kimi problemlər var: "Belə bir geosiyasi mühitdə Türk dünyası içərisində həmrəyliyə ehtiyac var. Türk Dövləti Təşkilatı bu yöndə əhəmiyyətini getdikcə artırır. Keçən il əvvəl Şuşada, sonra Bişkekdə (Qırğızıstanın paytaxtı) həyata keçirilən sammitlərdə mühüm qərarlar aldıq. Bu il də iki mühüm sammitimiz var. Qeyri-rəsmi zirvə - Macarıstanda, 12-ci rəsmi zirvə görüşü isə qardaş Azərbaycanda həyata keçiriləcək".
Siyasi ekspertlər hesab edir ki, Türk dövlətlərinin Türk Dövlətləri Təşkilatında əməkdaşlıq etməsilə yanaşı, ikitərəfli, üçtərəfli münasibətlər qurması və inkişaf etdirməsi çox ciddi faktordur. Bu baxımdan Azərbaycan-Türkiyə-Özbəkistan formatı da uğurlu bir variant kimi dəyərləndirilir.  

Siyasi şərhçi Azər Həsrətin "Sherg.az"a açıqlamasında qeyd etdiyi kimi, bu həm də Türkiyə-Azərbaycan tandeminin Türk dünyasının birliyi istiqamətində effektiv fəaliyyətinin göstəricisi sayıla bilər:
 "Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin fərqli formatlarda bir araya gəlməsi ümumi işin xeyrinədir. Bəzən TDT müstəvisində müəyyən məsələlərdə ortaq məxrəcə gəlmək çətinlik törədir. Bu da üzv dövlətlərin fərqli maraqlarından  qaynaqlanan təbii haldır. 
Belə bir şəraitdə üzv dövlətlərin bir-birinə qarşı sərt tədbirlər görməsi, tələblər irəli sürməsi qəbuledilməzdir. Bu səbəbdən TDT-yə üzv dövlətlərin ikitərəfli, üçtərəfli formatlarda əməkdaşlığı vacibdir. 
Azərbaycan-Türkiyə-Özbəkistan kimi böyük dövlətlərin böyük işləri birlikdə görmək imkanları kifayət qədər genişdir. 
Bu dövlətlərin üçtərəfli əməkdaşlıq çərçivəsində atacağı addımlar digər dövlətlər üçün də maraqlıdır və heç bir halda onları narazı salmır. Ölkələr iclasda  iqtisadi əlaqələri genişləndirməyi hədəflədiklərini qeyd ediblər. Hesab edirəm ki, iqtisadi əlaqələrin genişlənməsi münasibətlərin daha da sıxlaşmasına təsir edəcək".

Qeyd edək ki, Azərbaycan və Türkiyə son illər üçtərəfli əməkdaşlıqlar istiqamətində mühüm addımlar atırlar. Hər iki ölkə Özbəkistandan əlavə Qazaxıstan, Pakistan, İran, Gürcüstan, Rusiya, Türkmənistan və s. kimi ölkələrlə üçtərəfli münasibətlər qurub və inkişaf etdirir.  Azərbaycan və Türkiyənin təşkilatçılığı ilə həyata keçirilən regional dialoq və əməkdaşlıq platformaları bölgədə və dünyada sülhə, dayanıqlı inkişafa mühüm töhfədir.