Rəsmi Bakı və İrəvan sinxron olaraq sülh müqaviləsi üzərində işlərin başa çatdığını, yəni sənədin mətninin razılaşdırıldığını elan etdilər. Ermənistan tərəfi bir qədər də qabağa gedərək sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirdi. Baş nazir Nikol Paşinyan deyib ki, imzalanma tarixləri və yeri ilə bağlı müzakirələrə başlamağa hazırdırlar. Bununla yanaşı tərəflər arasında həllini gözləyən bəzi məsələlər qalıb. Ermənistan tərəfi müqaviləni imzalamağa hazır olduğunu desə də, rəsmi Bakı iki mühüm məqamın həll edilməsini də istəyir. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Digər tələb isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, ATƏT-in Minsk qrupunun ləğvi vacibdir. XİN rəhbəri bildirib ki, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi əsas tələbdir. Bu xüsusda, ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb. Ermənistan parlamentindəki hakim Mülki Müqavilə fraksiyasının katibi Artur Ovannisyan deyib ki, sülh müqaviləsinin mətnində Ermənistana aid olub, Azərbaycana aid olmayan heç nə yoxdur, ona görə də birtərəfli güzəştlərdən söhbət gedə bilməz: “İrəvan və Bakı razılaşıb ki, Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin nümayəndələri olmayacaq”.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan tərəfinin şərtləri aydın, konkret və birmənalıdır.
Ekspert vurğulayıb ki, rəsmi Bakı Ermənistanla sülh sənədini imzalamaq üçün şərtlərini dəyişdirmək, onlardan vaz keçmək, yaxud yumşaltmaq fikrində deyil:

"Əgər Ermənistan tərəfi öz Konstitusiyasında tələb olunan dəyişikliyi etməzsə, Azərbayacana qarşı ərazi iddialarını qaldırmazsa, sülh müqaviləsi imzalanmayacaq. Bu, birmənalıdır və Bakının qəti mövqeyi, yanaşması da bundan ibarətdir. Düzdür, Ermənistan rəhbərliyi indiki halda razılaşdırılmış sülh sənədinə imza atmağa tələsir və hesab edir ki, 17 bəndin razılaşdırılması sənədə imza atmaq üçün yetərlidir. Amma bu, İrəvan hökumətinin mövqeyidir və bizim tərəfimizdən qəbul olunmur. Paşinyanın nə deməsindən, nəyi istəməsindən asılı olmayaraq Azərbaycanın mövqeyi dəyişməyəcək. Bakı sülhlə bağlı mövqeyində qətidir və bu məsələdə hansısa güzəşt qeyri-mümkündür".