NATO-nun müdafiə xərclərinin artırılması mümkün görünmür - ŞƏRH

Ukraynada istənilən yeni atəşkəs yalnız NATO-nun müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracağı və Kremli daim təhdid edəcəyi təqdirdə davamlı sülhə çevrilə bilər. Bu barədə Böyük Britaniyanın keçmiş baş naziri Maykl Fellon deyib. O bildirib ki, Rusiya həm Budapeşt Memorandumunu, həm də Minsk razılaşmalarını pozub. 

Ukraynada atəşkəs həmişəkindən daha yaxın görünsə də, bunun Rusiya diktatoru Putinin Sovet İttifaqını dirçəltmək fantaziyalarına son qoyacağına inanmıram. NATO bu fantaziyaların gerçəkləşməsini qeyri-mümkün etməlidir. 

AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a bildirib ki, sabiq nazirin dediklərində həqiqət payı çoxdur:

“Amma NATO-nun müdafiə xərclərinin artırılmasının mümkün olacağını düşünmürəm. Bu biznesmen prezident Donald Tramp dövründə mümkünsüz görünür. Doğrudur, o, yenidən AĞ Evin sahibi olandan sonra bu təşəbbüslə çıxış etdi. Lakin quruma üzv ölkələrin özləri belə bunu qəbul etmədilər. 

Ən yaxşı halda Trampın təklif etdiyi müdafiə xərclərini Ümumdaxili Məhsulun 5 faizi həcmində deyil, 3 faiz civarında artırılmasına razı oldular ki, bu da hələ gerçəkləşməyib. Sonradan isə bu məsələ gündəmdən çıxdı. Yanvarın 21-dən sonra isə, dünya düzənində çox dəngələr dəyişdi. Qarşıdakı 4 ildə-Trampın prezidentliyi dövründə bunun belə olmayacağı ehtimalları çox böyük görünür. Rusiyanın təhdid ediləcəyi məsələsinə gəlincə, Britaniya baş naziri sanki unudub ki, son 3 ildə 55 NATO ölkəsi Rusiyaya qarşı oldu, Ukraynanı müdafiə etdi. Artıq qurumun hərtərəfli əsas güclü ölkəsi olan Birləşmiş Ştatlar Zelenskini təslimçi sülhə çağırır. Hətta Zelenski sülh sazişi imzalanmayacağı təqdirdə, ölkəsində prezident seçkiləri keçirməyəcəyi halda təhdid olunur. Bu faktiki NATO-nun Kreml qarşısında məğlub olması deməkdir".

Siyasi şərhçi keçmiş baş nazirin bu fikirləri ilə tam razıdır:

 "Şimal qonşumuz nəinki Budapeşt Memorandumunu və ya Minsk razılaşmalarını, bütövlükdə beynəlxalq hüquq normalarını pozub və pozmaqdadır. Amma unutmayaq ki, bunu riyakar, ikiüzlü Qərb dünyası qarşısında pozur. Artıq Ukraynada atəşkəs olduqca yaxındır. Bəlkə də, sayılı günlər qalıb. Özü də Kiyevin məğlubiyyətini təəssüf ki, rəsmiləşdirəcək atəşkəsdən söhbət gedir. Putinin Sovetlər birliyini bərpa etmək niyyəti isə hər zaman olub və olacaqdır. NATO indi bu niyyətin gerçəkləşdirilməməsi üçün nə etməlidir? Ukraynadakı kimi davransa qarşısını təbii ki, ala bilməyəcək. Etiraf edək ki, son 20 ildə NATO Rusiya qarşısında çox dişsiz görünür. Son Ukrayna savaşı da bunu göstərdi. Açığı SSRİ-nin bərpa olunacağı kimi ehtimallara inanmıram. Çünki, dünya düzəni əvvəlki kimi deyil. Sadəcə nüfuz dairəsini genişləndirmək savaşının sərhədləri genişləndiriləcək".