Suriya və Livan torpaqlarının hədəf alınması İsrailin genişlənmə siyasətində israrlı olduğunu göstərir.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Qəzza Əlaqə Qrupu toplantısındakı çıxışında deyib.
“İsraili dayandırmadan bölgədə sülh mümkün deyil. Əsas məqsədimiz Qəzzada dağıntıları dayandırmaq və daimi atəşkəs yaratmaq olmalıdır. İsrailə təzyiq artırılmalıdır”, - nazir bildirib.
Nazir Misirin bütün İƏT ölkələri tərəfindən dəstəklənən Qəzza planının konstruktiv çərçivə təmin etdiyini və bu plan əsasında irəliləməyin lazım gəldiyini qeyd edib.

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a bildirib ki, Fələstin və Qəzza məsələsi, xüsusilə Trampın iftar mərasiminə qatıldıqdan sonra Qəzza ilə bağlı hazırladığı animasiyalı layihə – bölgədə iş mərkəzləri, otellər və əyləncə məkanları açmağı nəzərdə tutan vizual təqdimat İslam dünyasında geniş reaksiyalara səbəb oldu:
"Misir mərkəzli Qəzzanın yenidən qurulması layihəsi Trampın planı ilə müqayisə edilərək qarşı-qarşıya qoyuldu. Hər iki layihənin həyata keçirilməsi üçün isə ilk növbədə Qəzzada daimi atəşkəsin təmin olunması zəruridir. İsrail və HƏMAS arasında atəşkəs razılaşması mövcud olsa da, İsrail bu razılaşmanı dəfələrlə pozaraq bölgədə qətliamlar törətməyə davam edir. ABŞ-ın güclü dəstəyini alan İsrail, təhlükəsizlik səbəbi ilə ətrafında mövcud olan HƏMAS, Hizbullah və husilər kimi təşkilatları tamamilə məhv etmədən atəşkəsə razılaşmaq niyyətində deyil. İsrail, ABŞ-dan aldığı dəstəklə təhlükəsizlik narahatlıqlarını bəhanə edərək bu qrupları neytrallaşdırma cəhdlərini daha da gücləndirib.
Buna baxmayaraq, İslam dünyası, xüsusilə də Türkiyə, bölgədə atəşkəsi təmin etmək və sülhü bərqərar etmək üçün ciddi səylər göstərir. Lakin bu səylərə baxmayaraq, konkret nəticələr əldə etmək hələ də çətin görünür. Türkiyə, İran, İraq, Suriya, Livan və hətta İsrail üçün nümunə ola biləcək bir idarəetmə modelinə sahib olsa da, Yaxın Şərqdəki proseslərin təsiri altında ona Orta Şərq modeli qəbul etdirməyə çalışıldığı müşahidə olunur".
Şərhçi əlavə edib ki, belə bir həssas dövrdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın İslam ölkələri ilə həyata keçirdiyi diplomatik təşəbbüslər Qəzzada daimi atəşkəs və yekun sülhün əldə edilməsi ehtimallarını azaldır:
"Türkiyə, regionun problemlərini həll etmək üçün əlindən gələni etsə də, bu məsələlərin qısa müddətdə həll olunmasının mümkün olmadığı aydın görünür. Hazırda Türkiyə İsrail üçün alternativ bir model yaratmalı olduğu halda, İsrail Türkiyənin daxili işlərinə müdaxilə edərək ölkədəki siyasi vəziyyəti daha da gərginləşdirməyə çalışır".