ABŞ Prezidenti Donald Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb. O, çıxışı zamanı 2024-cü il prezident seçkilərindəki dəstəyə görə amerikalı müsəlmanlara təşəkkür edib. Tramp bildirib ki, administrasiyası müsəlman icmasına verdiyi sözü tutur:
“Mənim administrasiyam İbrahim razılaşmalarına əsasən, Yaxın Şərqdə davamlı sülh yaratmaq üçün amansız diplomatiya ilə məşğuldur. Hər kəs bunun qeyri-mümkün olduğunu söyləyirdi. İndi biz onları icra etməyə başlayacağıq”.
O yeganə istəyinin sülh olduğunu əlavə edib.
Politoloq Tural İrfan "Sherg.az"a bildirib ki, ABŞ-ın bütün prezidentləri Yaxın Şərq problemlərinin həllində ya neytral ya da İsrailin tərəfində mövqe tuturlar:
"Bu, hər iki dövlətin strateji müttəfiqliyi və digər gizli əlaqələrə, hədəflərə əsaslanır. ABŞ prezidentinin iftar məclisində müsəlmanlara təşəkkür etməsinin mənası sülh deyil, İsrailin maraqlarının yanında olmalarına işarədir. Sülh qarşılıqlı razılaşma və problemin ən azı nisbi həlli ilə mümkün olan işdir. Lakin Yaxın Şərqdə sülh heç zaman bərpa olunmayacaq. Çünki İsrail dövlətinin hədəfləri var və ABŞ da bunu can-könüldən dəstəkləyir. O hədəflər isə demək olar ki, bütün Yaxın Şərqi nəinki təhdid altına alır, hətta maksimum gərginlik həddinə gətirir. İsrail "böyük İsrail" və "vəd edilmiş torpaqlar" məfkurəsini reallaşdırmağı hədəf qoyub. Bunun üçün addım - addım irəliləyir. Gərginlik həddi aşanda müsəlmanları ram etmək üçün bu cür jestlər edilir, fasilə verilir, nəfəs dərib yenidən planın icrasına başlayırlar. Hədəf Suriya, Livan, Fələstininin tamamı, İordaniya, İraqın və Türkiyənin də bir hissəsini işğal etməkdir. Nil və Fərat çaylarının arasındakı bütün əraziləri İsrail "vəd edilmiş torpaqlar" hesab edir. Təbii ki, İsrailin bu işğallarında İranın da əhəmiyyətli rolu var. Çünki hər üçün zəmin hazırlanmasa İsrail irəliləyə bilməz. Bunu da proksi qüvvələrin əli ilə, özü də şifahi təhdidlə tam dolğunluğu ilə məhz İran hazırlayır. Fələstin dövlətinin yaranmasını ona görə istəmirlər ki, bu, İsrailin gələcək planlarına uyğun deyil. Əgər o dövlət qurulsa təbii ki, "böyük İsrail" planı baş tutmayacaq".
Politoloq əlavə edib ki, Donald Tramp isə məlumdur ki, yəhudi lobbisi və İsrailin maksimum dəstəyi ilə prezident postuna sahib olub:
"Ona görə onu ölkəsinin problemlərindən də qabaq İsrailin maraqlarına xidmət maraqlandırır. İsrail hazırda Suriya torpaqlarını işğal edə-edə az qala paytaxta çatır. Eyni zamanda Fələstində də savaşın firmasını əngəlləyir, çünki savaşsız işğal sadəcə mümkün deyil. Sülh yalnız Fələstin dövləti yaransa mümkün ola bilərdi. Ancaq hazırki durumda daimi sülh heç zaman mümkün olmayacaq. Əksinə daha böyük savaşlar gözlənilir. İsrail Yaxın Şərqdə sülhə tamamilə təhdid yaradır və konkret olaraq torpaq işğalı siyasəti yürüdür. Artıq bir əsrə yaxındır ki, Fələstində su yerinə insan qanı axır. Məgər ABŞ və İsrail sülhə nail olmaqda acizdirlərmi? İstənilən bir yolla problemin həllini tapmaqda çarəsizdirlərmi? Əslində xeyr. Dildə sülh deyib, əməldə isə müharibə siyasəti aparırlar. Çünki qonşu ölkələrin torpaqlarını tutmaq üçün müharibədən başqa yolları yoxdur. Ərəb ölkələrini uzun illərdir ram etməyə çalışmaqla, hakimiyyətlərini dəyişməklə, milli və dini azadlıqları ayağa qaldırmaqla, strateji nöqtələrini ələ keçirməklə İsrail öz planına doğru addımlayır, ABŞ - da ona tam dəstək verir. Hətta bu plan Türkiyəni də böyük anlamda təhdid edir. Osmanlı əraziləri olan indiki İsrail və Fələstin coğrafiyasındakı daimi gərginlik, Türkiyənin qonşusu olan Suriya da uzun illər böyük problemlər yaratdı. Hazırda Suriyada Türkiyənin sayəsində sabitlik yaranmağa doğru gedir. Amma bu sabitlik İsrailə sərf etmir. Ona görə dini və milli qüvvələri üsyana təhrik edir. Çünki Suriyada sabitlik olsa İsrail onun torpaqlarını heç bir bəhanə ilə tuta bilməz. Sabitlik də dövlətin güclənməsinə aparan yoldur. Nəticədə Suriyanın güclənməsini də istəmir".
Tural İranın sözlərinə görə, ABŞ və İsrailin "sülh və sabitlik" istəyi ondan ibadətdir ki, özləri yaratdıqları problemləri əldə bəhanə tutaraq istədikləri vaxt müsəlman ölkələrini bombalasınlar, əhalisini qırsınlar və əraziləri genişləndirsinlər. Və onlar da əsla silaha əl atmasın:
"Bax bu, ABŞ və İsrailin istədiyi sülhdür. Bu da əsla, heç zaman mümkün görünmür. Aqressiya və işğal siyasəti müvəqqəti üstünlük gətirsə də heç vaxt mütləq qələbəyə aparmır. Ermənistan Qarabağı 30 ildən artıq işğalda saxladı. Nəticə isə Azərbaycanın xeyrinə qurtardı. Bu, bir nümunədir. Torpaqlarımızı qaytardıqdan sonra artıq sülhdən danışırıq. İsrail isə Fələstinin 90 faizini, Suriyanın da strateji yüksəkliklərini tutub gələ başqa qonşu ölkələrin də ərazisini tutmaq üçün plan qurur, ABŞ - ı prezidenti də sülhdən danışır. Hesab edirəm ki, dünya dövlətləri, əsasən də Avropa və müsəlman dünyası ABŞ-ı və İsraili məcbur etməlidirlər ki, "böyük İsrail" planı siyasətindən vaz keçsin. Çünki bu iddia bütün Yaxın Şərqi təhdid edir. Türkiyə isə bundan çox narahatdır. Söhbət güclünün haqlı olmasından gedirsə Türkiyə də bölgədə böyük gücdür və ümumiyyətlə İsrail və Fələstin də daxil olmaqla Yaxın Şərqin böyük əraziləri 600 ilə yaxın Türkiyənin varisi olduğu Osmanlı imperiyasının əraziləri olub. Əgər İsrail və Fələstin bölüşə bilmirlərsə Osmanlı dövründəki kimi Türkiyə onları barışdırıb qanadları altına ala bilər. Boyük ehtimalla yaxın 30 ildə dünyada iki güc balansı yaranacaq: Çin və Türkiyə. Bu zaman qeyd olunan problemlər də həllini tapacaq. Ancaq indiki halda bu proseslərə müdaxilə edən dövlətlərin böyük əksəriyyəti sülhdə və problemlərin həllində maraqlı deyillər. Tam səmimi olaraq problemi həqiqi olaraq həll etmək istəyən, Fələstin dövlətinin yaranmasına real olaraq çalışan Türkiyədir. Donald Tramp müsəlmanları ələ almağa çalışmaqla heç bir nailiyyət əldə edə bilməyəcək. Yalnız İsraili zərərli planlarının icrasından vaz keçirməklə sülhə nail olmaq olar. Bütün radikal qrupların yaranmasının, İranın bölgəyə müdaxiləsinin də əsl səbəbkarı ABŞ - ı və İsrailin aqressiv siyasətidir. Bu dəyişməsə real və davamlı sülhdən danışmaq sadəcə sadəlövhlükdür".