Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik edib.
Dövlətimizin başçısı deyib ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.
Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib
Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd edib.
Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaara bununla belə xarici faktorların bu məsələyə təsirindən narahatlığını vurğulayıb.
Söhbət zamanı, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunuldu.
Görüşdə ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət edib.
Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra formalaşan Əş-Şəra hakimiyyəti ilə Azərbaycan arasında təmasların yarandığının şahidi olduq və yeni səhifə açıldı:

"Gözlənilən idi ki, Azərbaycan və Suriya arasındakı əlaqələr ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində cərəyan edəcək. Prezident İlham Əliyev də bildirmişdi ki, Azərbaycan artıq Yaxın Şərq ölkələri ilə bir sıra məsələlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Suriya həm özünün coğrafi mövqeyi, həm resurs imkanları, həm də strateji əhəmiyyəti ilə Yaxın Şərqin əsas ölkələrindən biridir. Bu gün İlham Əliyev və Əhməd əş-Şəranın görüşü iki ölkə arasındakı münasibətlərin başlanğıcının məntiqi əsasını təşkil edir. Azərbaycan tərəfi Bakı-Ankara və Dəməşq-Ankara əlaqələri kontekstində Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirməkdə xüsusilə maraqlıdır. Nəzərə almaq lazımdır ki, Suriya və Türkiyənin hazırda kritik münasibətlər içində olduğu ölkələrdən biri olan İsrail ilə Azərbaycanın yaxın əlaqələri rəsmi Bakıya imkan verir ki, Yaxın Şərq siyasətində aktiv rol alsın. Çünki Azərbaycan həm Ankara-Hələb, həm də Dəməşq-Hələb əlagərginlik fonundan çıxıb əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə keçməsi üçün də əhəmiyyətli rol oynaya bilər".
Şərhçi əlavə edib ki, əslində İsrail, Suriya və Türkiyə arasında gərginliyin azaldılması birgə iş mexanizminin formalaşdırılması, məhz Azərbaycanın da bu prosesə əlavə edilməsi hər 4 dövlətin xarici siyasət maraqları baxımından daha effektivdir:
"Digər tərəfdən bugünkü görüşdə qapalı qapılar arxasında bir sıra məsələlər müzakirə olunub. Hər bir dövlət kimi xüsusilə Türkiyə və İsrail kimi regionda hegemonluğa iddialı hərəsi öz maraqlarından çıxış edəcək. Lakin bu o demək deyil ki, razılığa gəlmək mümkünsüzdür və münasibətlər həmişə kriz vəziyyətində qalacaq. Bu baxımdan yumşalma istiqamətində addımlar atılmalıdır. Ümumiyyətlə bir dövlətin inkişafı və nüfuzunu daha yüksək pilləyə daşıması üçün xarici əməkdaşlıqlar çox önəmli faktorlardandır".