“Avropa komissiyası bu bölgənin reallıqlarını, əsas qüvvəsini obyektiv görməlidir"
Prezident İlham Əliyevin "sevimli, qeyri-sevimli ölkələr" ifadəsi Avropa komissiyasının sədrinə cavab idi.
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Hər bir regionun coğrafi üstünlükləri olduğunu vurğulayan A.Quliyev bildirib ki, Avropa komissiyası Cənubi Qafqazın öz-özünə "mühüm geosiyasi məkana çevrildiyini" düşünürsə, yanılır:
"Coğrafi üstünlüklər bu regiona təbiətin, tanrının verdiyidir. Coğrafi üstünlük geosiyasi üstünlüklərə məhz insan faktoru sayəsində çevrilir. Cənubi Qafqazın timsalında da belədir. Bu bölgənin təbii resurslarını, yerləşmə xüsusiyyətlərini mühüm geosiyasi məkana çevirən qüvvə var, lider var, lider ölkə var.
Avropa komissiyası bunu nəzərə almadan Mərkəzi Asiyanın resurslarını Cənubi Qafqazın üstündən Azərbaycanı görməzdən gələrək Avropaya daşımaq istəyir. Üstəlik, bunları əsasən Ermənistanın üzərindən həyata keçirməyə çalışır. Məsələn, bu günlərdə Səmərqənddə Mərkəzi Asiya - Avropa 1- ci sammiti keçirildi. Sammitdə Avrokomissiyanın sədri Ursula fon der Lyayennin bir fikri diqqət çəkdi. Xanım dedi: "İnfrastrukturlar önəmli deyil, əsas odur ki, Mərkəzi Asiya və Cənubi Qafqazın daxili sərhədlərini mümkün qədər sürətlə keçərək Qara dənizə çıxa bilək. Burada Ermənistanın Azərbaycanla və Türkiyə ilə sərhədlərinin açılması yeni mərhələ olacaq".
Baxırsınız, vurğunu necə ustalıqla Ermənistanın üzərinə qoyur və Ermənistanı bölgənin nəqliyyat - tranzit mərkəzinə çevirmək istəyirlər. Düz adam olsaydılar, burada Azərbaycanın Zəngəzur dəhlizi də daxil Ermənistanla sərhədlərinin açılmasına vurğu etməli idilər. Ancaq yenə də özlərini dolaşdırırlar. Azərbaycansız Ermənistan bölgədə necə tranzit məkan ola bilər? Mərkəzi Asiyadan gələn yüklər Azərbaycansız Ermənistana necə keçə bilər? Ambisiyalarından keçib Azərbaycanın imkanlarını görmək istəmirlər.
Ancaq Prezident İlham Əliyev ADA-da sözünü ünvanlı dedi - Cənubi Qafqaz ölkələrini "sevimli - qeyri-sevimli ölkələrə" bölməyin! Avropa komissiyası bu bölgənin reallıqlarını, əsas qüvvəsini obyektiv görməlidir".