Parlamentari: Qarşımızda iki Paşinyan var

Birincisi mütəmadi doğru bəyanatlar verir, ikincisi isə hərbi ritorikanı qoruyub saxlayır


"Sülh sazişinin mətni razılaşdırılıb, Ermənistan və Azərbaycan arasında eskalasiya və müharibəni unudun". Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti bu məntiqə zidd addımlar atmayacaq və ya bəyanatlar verməyəcək. Parlamentdəki çıxışında Paşinyan bir sıra başqa digər rezonans doğuran açıqlamalar da verib. O bildirib ki, Ermənistanda yeni - sosial-psixoloji inqilab başlayıb və bu inqilab 2018-ci ilin "məxməri inqilabı"ndan heç də az əhəmiyyət kəsb etmir. Onun sözlərinə görə, söhbət "real Ermənistanın inqilabı"ndan gedir. 
Bu transformasiyanın əsas xüsusiyyəti, Paşinyanın versiyasına görə, vətən və dövlət anlayışlarının üst-üstə düşməsidir. O qeyd edib ki, bir neçə əsrdən sonra ilk dəfə olaraq ermənilər üçün həm vətən, həm də dövlət - Ermənistan Respublikasıdır. Nikol Paşinyan vurğulayıb ki, bu gün Ermənistanın həqiqətən müstəqil və suveren dövlət qurmaq üçün nadir tarixi şansı var. Baş nazir sanki yad bir institut kimi dövlətə olan tarixi nifrətdən əl çəkməyə və onu özününkü kimi qəbul etməyi öyrənməyə çağırıb. Paşinyan Ermənistandakı revanşist qüvvələrin müharibə çağırışları etdiklərini etiraf edib: "Ermənistan-Azərbaycan eskalasiyasını və müharibəsini unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq və eyni vaxtda sülh sazişi və Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə Ermənistan-Azərbaycan birgə müraciətini imzalamağa hazırıq". 


Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Paşinyanın etirafları və vurğuladığı məqamlar doğrudur. Deputat qeyd edib ki, əsas məsələ Ermənistan baş nazirinin bu məsələlərdə nə dərəcə səmimi olmasıdır:
 "Paşinyan Ermənistanın son 35 ili bağlı bir qiymətləndirmə aparır. Ədalət naminə demək lazımdır ki, Paşinyanın gəldiyi nəticələr doğrudur. Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, müharibə 30 il sürməsəydi, regionun inkişafı ilə bağlı yeni şərtlər formalaşardı. Ermənistanın dövlət kimi müstəqil iqtisadiyyatı formalaşardı. Ən qısa marşrutlar Azərbaycandan Avropaya Ermənistan üzərindən gedərdi. İki qonşu xalq arasında əlaqələr dərinləşərdi. Paralel olaraq Türkiyə-Ermənistan münasibətləri də yüksək səviyyədə olardı. 30 illik itirilmiş bu dövr Ermənistanın əlindən hansı perspektivləri alıb. Bu gün o dövrə qayıdıb yenidən bərpa etmək üçün 30 il vaxt lazımdır. Digər yandan real siyasi mərhələ üçün də Paşinyanın dəyərləndirməsi doğrudur". 

Parlament üzvü vurğulayıb ki, baş nazir haqlı olaraq "Qarabağ hərəkatı"nın Ermənistanda təşkilatlanmasını qadağan edir:
 "Paşinyan fərqindədir ki, əgər belə bir şey baş versə, regionda sülhü həmişəlik itirə bilərlər. Ondan sonra Paşinyan, ya da ondan sonra gələnlər 29 min kv. km. deyil, sadəcə, 9 min kv.km.-lik ərazidən söhbət aça biləcəklər. Ermənistan baş naziri də xalqına bu mesajları verir. Əlbəttə, mümkündür ki, Paşinyan bunları səmimiyyətdən irəli gələrək yox, məcburiyyətdən çıxış edərək dilə gətirə bilər. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Paşinyan və onun komandası passiv revanşistlərdir. Aktiv revanşistlər isə Sərkisyan, Köçəryan və Daşnaksütyundur. Paşinyan ona görə passis revanşistdir ki, hazırda sülhdən, əməkdaşlıqdan danışsa da, paralel olaraq silahlanır, yeni hərbi texnikalar alır, şərti sərhədləri gücləndirir, ora terrorçuları yerləşdirir. Hansı beynəlxalq tribuna əlinə keçsə, Azərbaycanı şikayət edir. Üstəlik, Konstitusiya dəyişikliyinə də tələsmir. Deməli, qarşımızda iki Paşinyan var. Birinci Paşinyan mütəmadi nələrisə deməyə çalışır, bəzi hallarda doğru bəyanatlar da verir, ikinci Paşinyan isə hərbi ritorikanı qoruyub saxlayır. Burada haçalanma var və Paşinyan konkret iki yoldan birini seçməlidir".