Donald Trampın məktubundakı KODLAR

ABŞ Cənubi Qafqaz regionunda Azərbaycanın təsirli rolunu aydın görür
  Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Müstəqillik Günü münasibəti ilə dövlət başçısını təbrik edən Ağ Ev rəhbəri Azərbaycan və ABŞ arasında ikili münasibətlərin önəmindən danışıb. D.Tramp məktubunda vurğulayıb ki, ABŞ Azərbaycanla əlaqələri, terrorizmə qarşı mübarizəni, enerji təhlükəsizliyinin inkişafında Vaşinqtonla tərəfdaşlığını yüksək qiymətləndirir: "30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək". Həmçinin, vurğulanıb ki, Cənubi Qafqazda sülh və sabitlik ABŞ-Azərbaycan əməkdaşlığının inkişafı üçün daha geniş imkanlar yaradacaq: "Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik". Bakıda səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edən dövlət başçısı İlham Əliyev prezident Donald Trampın bu xüsusda göndərdiyi təbrik məktubunu yüksək qiymətləndirdiyini vurğulayıb. Azərbaycan lideri məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu deyib. Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu söyləyib. Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək, əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxunub. Görüşdə Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu və region ölkələri ilə siyasi əlaqələri nəticəsində Avrasiya regionunun əsas logistika mərkəzlərindən birinə çevrildiyi, Orta Dəhlizin inkişafında oynadığı mühüm rolu bir daha qeyd edilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 
 Siyasi elmlər doktoru, professor, sabiq millət vəkili Elşad Mirbəşiroğlu Sherg.az-a açıqlamasında deyib ki, ABŞ prezidenti dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunda ABŞ və Azərbaycan arasında münasibətlərin inkişaf səviyyəsinə toxunub, əməkdaşlığın vacibliyini qeyd edib. Professor vurğulayıb ki, terrorçuluğa qarşı birgə mübarizədə Azərbaycanın oynadığı rolu xususi vurğulayıb: 
"Bu, ona dəlalət edir ki, ABŞ Cənubi Qafqaz regionunda Azərbaycanın təsirli rolunu aydın görür. Donald Tramp öz məktubunda bu məqamlara xüsusi yer ayırıb. Bunun ardınca Trampa çox yaxınlığı ilə seçilən senator Stiv Deynsinin Azərbaycan səfəri və dövlət başçısı ilə görüşü göstərir ki, Tramp Administrasiyası ilə Azərbaycan arasındakı münasibətlər fərqli xarakter daşıyır. Yəni Co Baydenin ABŞ-yə rəhbərliyi dövründə Azərbaycan üzərinə əsassız hücumların olduğunu tez-tez görürdük. Bu da münasibətlərin rəvan inkişafına mane olurdu. Azərbaycan Prezidenti də hələ D.Tramp prezident kimi təsdiq olunmazdan öncə onun haqqında müsbət fikirlərini bəyan etmişdi. Bildirmişdi ki, Trampın dövründə Azərbaycanla ABŞ arasında əməkdaşlıq dinamik inkişaf edib, münasibətlər qaydasında olub. Dövlət başçısı Trampın növbəti rəhbərliyi dövründə də münasibətlərin yüksək səviyyədə olacağından əminlik ifadə etmişdi. Bu baxımdan Deysninin Prezidentlə görüşü zamanı aparılan müzakirələr də aydın göstərir ki, ABŞ və Azərbaycan arasında geniş əməkdaşlıq imkanları var. Senatorun sülh və digər məsələlərlə maraqlanması da göstərir ki, Tramp administrasiyası Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətindədir".