Ekspert: Bizim də öz NATO-muz olmalıdır

Türk Dövlətləri Təşkilatının alternativ hərbi güc mərkəzi formalaşdırmaq barədə düşünməsi zərurətə çevrilir

Türkiyənin müdafiə şirkətləri 2024-cü ilin sonuna qədər gəlirlərini və qlobal silah bazarında payını artırıb. “Star” qəzeti diqqəti dünyanın aparıcı ölkələrinin hərbi-sənaye kompleksindəki vəziyyəti əks etdirən nüfuzlu “Defence News Top 100” reytinqinin göstəricilərinə yönəldib. Reytinqə eyni anda Türkiyənin beş şirkəti daxil edilib ki, onların ümumi mənfəəti il ərzində 28,02 faiz artaraq 10 milyard 723 milyon dollara çatıb. Türkiyə şirkətləri arasında lider 3 milyard 541 milyon dollar gəlirlə reytinqdə 14-cü yeri tutan ASELSAN olub. TUSAŞ 15-ci, “Roketsan” 24-cü, ASFAT 26-cı, “Makine ve Kimya Endüstrisi” 27-ci yerdə qərarlaşıb. Eyni zamanda, ASFAT bir il ərzində öz gəlirini iki dəfədən çox artırıb (1,27 milyard dollara qədər). Bu, Avropa şirkətləri arasında ən yüksək göstərici olub. 

Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a deyib ki, nəticələr onu deməyə əsas verir ki, türk hərbi sənaye qurumları Avropa və dünya silah bazarındakı mövqelərini sürətlə gücləndirməyə davam edirlər:
 "Türkiyənin hərbi gücü bütün Türk dünyasının hərbi gücü deməkdir. Çinin əzəmətli hərbi parad keçirməklə özünü dünyaya yeni hərbi güc mərkəzi kimi təqdim etməsindən, ABŞ-yə və Qərbə meydan oxumasından sonra Türkiyə, Azərbaycan və Qazaxıstan başda olmaqla Türk Dövlətləri Təşkilatının (TDT) da alternativ hərbi güc mərkəzi formalaşdırmaq barədə düşünməsi zərurətə çevrilir. Nə NATO, nə KTMT, nə də Çinin ŞƏT və BRİCS çətiri altında formalaşdırmağa çalışdığı yeni iqtisadi-hərbi cinah Türk dünyasının etibarlı müdafiə və güvənc yeridir. Biz yalnız öz vahid hərbi gücümüzə tam şəkildə arxalana bilərik. Başqa sözlə desək, bizim də öz NATO-muz olmalıdır".