30 ildən sonra ilk dəfə, ABŞ Azərbaycanın tərəfinə keçir
ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. Bu barədə məlumat Konqresin saytında yerləşdirilib. Qeyd edək ki, bu düzəliş ABŞ-nin Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır. Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir. Rəsmi Bakı Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a deyib ki, ilin əvvəlindən ABŞ Dövlət Departamenti tərəfindən yeni strategiya həyata keçirilir. Ekspert vurğulayıb ki, Tramp hökuməti əvvəlki administrasiyalardan fərqli baxış bucağı sərgiləyir: "Yeni yanaşma həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu ilə bağlıdır. Əgər ABŞ əvvəllər Cənubi Qafqaza və Mərkəzi Asiya bölgəsinə ayrılıqda baxırdısa, Tramp dönəmində hər iki regionla bağlı ortaq nümayəndəliyin yaradılması qərarına gəldilər. Dövlət Departamentində sırf bununla məşğul olan şəxslər, əməkdaşlar var. Nəticə etibarı ilə bu gün yeni konsepsiyanı görürük. Həmin konsepsiyada Avropaya, Rusiyaya və digər ölkələrə yanaşma ortadadır. Bu, öz-özlüyündə göstərir ki, Avrasiyanın orta xəttində yeni və siyasi ciddi dəyişikliklərə şahidlik etməkdəyik. Ümumiyyətlə, beynəlxalq münasibətlər hər 30-40 ildən bir yeni məcraya qədəm qoyur. Halbuki, 1980-ci illərin sonlarından etibarən meydana gəlmiş və 30 ildən çox davam edən münaqişə dönəmində kompleks şəkildə, bütün istiqamətlərdə Azərbaycana qarşı hücum taktikasından istifadə edilirdi. 907-ci düzəliş də həmin prosesin tərkib hissəsi idi. Bu gün artıq vəziyyət dəyişib və yeni proseslərin astanasındayıq. Hətta Yaxın Şərqdə baş verən proseslərdə, İsrail-Fələstin arasındakı münaqişənin həllində, sülh prosesində Azərbaycanla tərəfdaşlıq gündəmə gətirilir. Azərbaycan Türkiyə və İsrail arasında da körpü, sabitləşdirici rolunu oynayır. Digər məsələlər, "TRİİP" layihəsi və s. məqamlar da ABŞ-ni Azərbaycanla əməkdaşlığa sövq edir".
Z.Məmmədova görə, indiki məqamda 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı layihənin Konqresə təqdim edilməsi çox yaxşı haldır: "Bu, Trampın, Amerika siyasi elitasının istəyidir. Düzdür, ləğv prosesi o qədər də asan deyil. Amma bu düzəlişin ləğv edilməməsinə dair siyasi əsaslar yoxdur. "Qarabağ erməniləri" məsələsi gündəmdən çıxarılıb. Yəni hazırda 907-ci düzəlişi qəbul etdirən amillər yoxdur. Bu düzəliş ləğv edilməlidir. ABŞ prezidentli respublika olsa da, güclü parlament institutuna malikdir. Dünyada yeganə dövlətdir ki, icraedici və qanunverici orqanlar arasında hakimiyyətlərin bölünməsində böyük tarazlıq prinsipi var. Konqresdə isə iki palata mövcuddur və layihə hər iki palata da qəbul edilməlidir. Demokratlar Partiyasının nümayəndələri də buna səs verməlidir. Əgər proses arzulanan kimi gedərsə, 907-ci düzəlişin ləğvi mümkün olacaq".