Azərbaycan vasitəçi rolunda...-Ərdoğanla Netanyahunun görüşü reallaşa bilər

Ekspert vurğulayıb ki, bu səfər Azərbaycan xarici diplomatiyasının gücünü göstərəcək
Türkiyə ilə İsrail arasında münasibətlər yumşalmağa doğru gedir. İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Azərbaycana səfər üçün Türkiyənin öz hava məkanından istifadəyə icazə verməsini də bu normallaşmanın bir əlaməti hesab etmək olar. Netanyahunun təyyarəsinə Türkiyə səmasından uçuşa icazə verilməsinə Azərbaycanın vasitəçilik etdiyi bildirilir. Ümumiyyətlə, Azərbaycanın Türkiyə-İsrail normallaşmasında vasitəçilik səyləri müsbət nəticə verməkdədir. Əgər mayın 10-da Bakıda Ərdoğanla Netanyahunun görüşü baş tutarsa, bu, artıq Azərbaycan diplomatiyasının tarixi uğuru sayılacaq. Ekspertlərin fikrincə, görüşün baş tutma ehtimalı böyükdür. Çünki İsrail və Türkiyə liderlərinin Bakıya səfər tarixləri üst-üstə düşür. Mayın 7-də Azərbaycana səfər edəcək Benyamin Netanyahunun 5 gün ölkəmizdə olacağı deyilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə mayın 10-da ölkəmizə səfəri gözlənilir. Ərdoğan-Netanyahu münasibətləri şəxsi zəmində hər nə qədər gərgin olsa da, Türkiyə-İsrail münasibətlərinin normallaşma zərurəti onları həqiqətən də Bakıda bir araya gətirə bilər. 
Politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında deyib ki, İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər etməsi çox ciddi və strateji addımdır. Ekspert vurğulayıb ki, bu səfər Azərbaycan xarici diplomatiyasının gücünü göstərəcək:
 "Nəzərə alaq ki, Qəzzada davam edən İsrail-Fələstin qarşıdurması fonunda B.Netanyahunun Azərbaycana, bir müsəlman ölkəsinə səfəri islam aləmində müəyyən narahatlığa səbəb ola bilərdi. O baxımdan Azərbaycanın balansı qoruması, yəni Türkiyə Prezidenti R.T.Ərdoğanın da həmin tarixlərdə Azərbaycana səfəri olduqca mühümdür. Təbii ki, belə şəraitdə iki liderin Bakıda görüşmə ehtimalı da gündəmdədir. Bundan əvvəl Türkiyə ilə İsrail arasında heyətlərin görüşləri baş tutub. Azərbaycan indi də Türkiyə və İsrail rəhbərlərinin görüşünə ev sahibliyi edə bilər. Əgər bu, baş tutarsa, dünyaya, ələlxüsus müsəlman dünyasına çox pozitiv bir mesaj olacaq. Netanyahu ABŞ Prezidenti D.Trampla görüşdə Ağ Ev rəhbəri ona xəbərdarlıq etmişdi. Tramp Netanyahu ilə görüşdə Türkiyə liderini tərifləmiş və onunla problemləri çözməsini tövsiyə etmişdi. Bunun özü də Ərdoğan-Netanyahu görüşünün Bakıda baş tutacağı ehtimalını artırır. Bakı çox həssas bir nöqtədədir, çünki qardaş Türkiyə ilə dost İsrail arasında vasitəçilik missiyasını üzərinə götürüb".