Azərbaycan Yaxın Şərqdə barışın açarıdır -ŞƏRH

Sülh üçün Azərbaycan-Ermənistan təcrübəsi tətbiq oluna bilər
Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti bölgədə davam edən silahlı toqquşmalar, humanitar böhran və geosiyasi gərginlik fonunda mühüm beynəlxalq diplomatik platforma oldu. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin birgə təşəbbüsü ilə təşkil olunan Sammitin məqsədi Yaxın Şərqdə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi, tərəflər arasında dialoqun gücləndirilməsi və qlobal güclərin mövqelərinin uzlaşdırılması idi. Yaxın Şərq regionu hazırda çoxsaylı siyasi, təhlükəsizlik və humanitar böhranların kəsişməsində dayanır. Yaxın Şərq Sülh Sammiti bölgədə uzunmüddətli sabitliyin təmininə yönəlmiş yeni diplomatik mərhələ kimi qiymətləndirilir. Sammitdə tərəflər arasında atəşkəs rejiminin möhkəmləndirilməsi, humanitar dəhlizlərin açılması, qaçqınların təhlükəsiz qayıdışı və siyasi dialoqun bərpası ilə bağlı birgə bəyannamə imzalanıb. Sənəd beynəlxalq vasitəçilik mexanizmlərinin gücləndirilməsini, regional oyunçular və qlobal güclər arasında koordinasiyanın artırılmasını nəzərdə tutur. Bu sənəd Yaxın Şərqdə diplomatik səylərin institusional əsasının formalaşdırılmasına yönəlmiş mühüm addım sayılır. Fərqli dini və milli qütbləri bir araya gətirərək siyasi dialoq və əməkdaşlıq platformasında balanslı aktor imicini formalaşdıran Azərbaycanın həm İslam ölkələri, həm də İsraillə paralel şəkildə münasibətləri inkişaf etdirməsi xüsusi diqqətəlayiqdir. Yaxın Şərqdə müşahidə olunan gərginliklər Azərbaycan üçün də narahatlıq doğuran amildir. Məhdud sayda dövlət başçılarının iştirakı ilə keçirilən sammitə Azərbaycanın da dəvət olunması, ölkənin regionda söz sahibi olmasının göstəricisidir. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Sammitdə iştirakı ölkəmizin beynəlxalq diplomatik fəallığının və artan geosiyasi çəkisinin növbəti bariz göstəricisidir. Bu səfər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır. Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin söhbətləşməsi də diplomatik baxımdan diqqətəlayiq məqamdır. Bu görüşlər beynəlxalq tədbirlər çərçivəsində regional məsələlərin müzakirəsi üçün əlavə diplomatik kanalların formalaşdığını göstərir və Azərbaycanın Cənubi Qafqazda sülh gündəmini beynəlxalq arenaya daşımaq imkanlarını genişləndirir. Eyni zamanda, Yaxın Şərq Sülh Sammiti Azərbaycanın Qərb və ərəb dünyası arasında körpü rolunu daha da möhkəmləndirir. Bakı bir tərəfdən Qərb dövlətləri ilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirir, digər tərəfdən isə Yaxın Şərqdə balanslı və etibarlı mövqe sərgiləməklə regional diplomatik proseslərin fəal iştirakçısına çevrilir. Səfərin əhəmiyyəti bir neçə strateji istiqamətdə özünü göstərir. İlk növbədə, bu addım Azərbaycanın müsəlman dünyasının əsas siyasi platformalarında aktiv iştirakının davamlılığını təsdiqləyir.
Millət vəkili Vüqar Bayramov deyib ki, Azərbaycanın yüksək səviyyəli sammitdə iştirakı ölkəmizə olan xüsusi diqqətin göstəricisidir. Deputatın sözlərinə görə, yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi kataklizmlərə rəğmən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib: 
"Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Eyni zamanda, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Birləşmiş Ştatlar ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı müşahidə olunur. Qafqazda sülhə töhfə verməyə çalışan ABŞ ilə ikitərəfli əlaqələrimiz də genişlənir. Yaxın Şərq Sülh Sammiti nəinki region, bütövlükdə dünya üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan, Uzaq Şərqdən Yaponiya, Şimali Amerikadan Kanada kimi dövlətlərin liderləri də sözügedən sammitə dəvət ediliblər. Digər tərəfdən, Yaxın Şərqdə bir sıra dövlətlər qlobal iqtisadi proseslərdə, xüsusən strateji məhsulların qiymətlərinin müəyyənləşdirilməsində xüsusi rola malikdirlər. 5.2 trilyon dollar nominal və 13.2 trilyon dollar real ümumi daxili məhsula malik olan Yaxın Şərqin iqtisadi gücü artmaqdadır. Azərbaycan Yaxın Şərqdə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir. Yaxın Şərq dövlətləri ilə əlaqələri son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri birgə layihələri də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da güclənməkdədir".
Millət vəkili Rasim Musabəyov bildirib ki, Sülh Sammitindən sonra Yaxın Şərqdə münaqişə və gərginliyin tamamilə aradan qalxacağını heç kim düşünmür. Deputatın sözlərinə görə, əsas məsələ bundan sonrakı problemlərin düzgün idarə olunmasıdır:
 "Türkiyə və İsrail arasında gərginlik də mümkündür. Belə məqamda Azərbaycan kimi dövlətə ehtiyac yaranır. Azərbaycan Türkiyə ilə qardaşdır. İsraillə çox yaxın münasibətlərə malikik. O cümlədən, Suriya-İsrail arasındakı problemlər də məhz Bakıda müzakirə və həll olunur. Azərbaycanın Yaxın Şərqdə unikal bir mövqeyi və imkanları var. O baxımdan Sülh Sammitində, İsrail-HƏMAS arasında gedən müzakirələrdə Azərbaycanın yeri xüsusidir. 30 ildən çox davam edən Azərbaycan-Ermənistan münaqişəsi də məhz dövlətimizin, ölkə rəhbərinin səyi, qətiyyəti, iradəsi nəticəsində sülhlə yekunlaşdı. Azərbaycan barış məsələsində təcrübəlidir və bu praktika ərəblərlə israillilər arasında tətbiq oluna bilər. Hələlik tərəflər arasında atəşkəs əldə olunub, sülh isə uzun prosesdir. Sadəcə, prosesi nəzarət altında saxlayacaqlar ki, yenidən toqquşmalar başlamasın. Sülh kifayət qədər çox vaxt aparacaq. Əsas odur ki, atəşkəs olsun və sülh prosesinə müsbət dinamika verilsin".