Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu

  • “Rusiya Donbası almadan atəşkəsə getməyəcək”

Rusiya ilə Ukrayna arasında müharibənin gedişində mühüm humanitar razılaşma əldə olunub. Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların nəticəsi olaraq tərəflər genişmiqyaslı hərbi əsir mübadiləsi barədə razılığa gəliblər.

Bu, münaqişə başlayandan bəri həyata keçirilən ən böyük mübadilələrdən biri ola bilər. Prosesin detalları hələ açıqlanmasa da, razılaşma diplomatik təmasların nəticəsi kimi diqqət çəkir. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski isə tərəflərin sülhə əvvəlkindən daha yaxın olduğunu istisna etməyib.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sherg.az-a açıqlamasında bildirib ki, Əbu-Dabi danışıqlarında əldə olunan əsir mübadiləsi razılaşması sülh istiqamətində irəliləyişə səbəb olmayıb:

“Əbu-Dabi görüşü ciddi bir nəticə vermədi. Yeganə nəticə əsirlərin dəyişdirilməsi oldu. Halbuki bu məsələni Əbu-Dabi görüşü olmadan da həll etmək mümkündür. Çünki dəfələrlə hər iki tərəf arasında xüsusi diplomatik görüşlər təşkil edilmədən əsir mübadiləsi həyata keçirilib. Sadəcə, görüşün nəticəsiz qalması görüntüsü yaranmasın deyə, Əbu-Dabidə əsirlərin dəyişdirilməsi ilə bağlı hərbi razılaşma əldə olundu. Lakin sülhün əldə edilməsi istiqamətində heç bir irəliləyiş yoxdur”.

Müsahibimizin fikrincə, Rusiya Donbası tam işğal etmədən atəşkəsə razılaşmaq niyyətində deyil:

“Rusiyanın mövqeyində dəyişən heç nə yoxdur. Moskva atəşkəslə razılaşmaq istəmir. Rusiya Donbası tam işğal etmədən atəşkəs razılaşmasına getməyəcək. Belə olan halda, təbii ki, Əbu-Dabi danışıqları da nəticə verə bilməz. Sülh yaxınlaşmır, əksinə, vəziyyət yenidən gərginləşəcək və müharibə bütün şiddəti ilə davam edəcək”.