Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Teleqraf xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabında yazıb.
"Azərbaycan-Aİ tərəfdaşlığını, onun inkişaf edən əməkdaşlıq gündəliyini, həmçinin əsas regional və beynəlxalq prosesləri müzakirə etmək məqsədilə Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin xüsusi nümayəndəsi xanım Maqdalena Qrono ilə görüşdən məmnun oldum.
Enerji təhlükəsizliyi, nəqliyyat və logistika əlaqələrinin inkişafı və regional sabitlik də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - H.Hacıyev qeyd edib.