İranla münasibətlərdə yeni bir səhifə açılır -Deputat

Normallaşma hər iki ölkənin milli maraqlarına tam uyğundur
​İran Prezidenti Məsud Pezeşkianın Bakıya etdiyi rəsmi səfəri, Azərbaycan-İran münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 
Pezeşkian səfər zamanı İran və Azərbaycan arasında yaranmış anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb. O, iki ölkənin "vahid bir orqanın üzvləri" kimi olduğunu və sərhədin hər iki tərəfində yaşayan insanların dərin dostluq və qarşılıqlı maraqları bölüşdüyünü qeyd edib.​
Səfər çərçivəsində səhiyyə, ticarət, sənaye, mədəniyyət və idman sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi. Prezidentlər arasında imzalanan Birgə Bəyanat və digər sənədlər bu istiqamətdə atılan konkret addımların göstəricisidir .​
Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, son illərdə İran-Azərbaycan münasibətləri bir sıra gərginliklərlə müşayiət olunub. Əlaqələrdəki soyuqluq əsasən İranın Azərbaycana qarşı sərgilədiyi qeyri-dost mövqedən qaynaqlanırdı. Bu durum yalnız siyasi deyil, həm də iqtisadi, mədəni və humanitar sahələrə mənfi təsir göstərib: 
“Lakin İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri münasibətlərdə yeni bir səhifənin açılacağından xəbər verir. Onun geniş nümayəndə heyəti ilə, xüsusilə iş adamları və iqtisadi dairələrin təmsilçiləri ilə birlikdə Azərbaycana gəlməsi, iki ölkə arasında iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətinin göstəricisidir.
Bu səfər çərçivəsində qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi və sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində real addımların atılması gözlənilir. Əgər bu niyyət konkret nəticələrlə müşayiət olunarsa, münasibətlərdə uzun müddətdir mövcud olan problemlərin mərhələli şəkildə həllinə təkan verə bilər.
Səfər eyni zamanda mədəniyyət və təhsil sahəsində də əməkdaşlığın canlanması üçün yeni imkanlar açır. İki xalq arasında mövcud olan tarixi, dini və mədəni bağların dərinliyi bu sahədə geniş potensialın olduğunu göstərir. Pezeşkianın milli azlıqlara daha mülayim yanaşması isə İranın bu sahədə də daha konstruktiv mövqe sərgiləyəcəyinə dair müsbət siqnaldır”.
Deputatın sözlərinə görə, imzalanan sənədlər və əldə olunan razılaşmalar bir daha sübut edir ki, İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur:
 “Əgər bu mərhələ real nəticələrə gətirib çıxararsa, yalnız ikitərəfli əlaqələr deyil, ümumilikdə regionda sabitlik və rifah da güclənə bilər. Nəticə etibarilə, dünyada və regionda davam edən mürəkkəb geosiyasi proseslər fonunda bu səfərin baş tutması və münasibətlərin normallaşması hər iki ölkənin milli maraqlarına tam uyğundur".