İsrail, Yunanıstan və Cənubi Kipr liderləri görüşüblər: Üçtərəfli ittifaq Türkiyə üçün təhlükədirmi?

İsrail, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyasının liderləri Qüdsdə üçtərəfli zirvə keçiriblər. Görüşdə müdafiə, təhlükəsizlik, enerji, iqtisadiyyat və dəniz təhlükəsizliyi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Sherg.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu üç ölkənin iştirakı ilə 2 500 nəfərlik birgə müdaxilə qüvvəsinin yaradılması imkanlarının nəzərdən keçirildiyini bildirib. Cənubi Kipr Rum lideri Nikos Xristodulidis isə üçtərəfli ittifaqın əməkdaşlıq imkanlarının məhdud olmadığını vurğulayıb.

Zirvədən sonra keçirilən birgə mətbuat konfransında Netanyahu Türkiyəni hədəf alan açıqlamalar verərək, bu ittifaqın özünümüdafiə potensialını daha da gücləndirdiyini deyib. O, həmçinin süni intellekt, kiber təhlükəsizlik və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdiriləcəyini açıqlayıb.

Yunanıstanın baş naziri Kiryakos Miçotakis görüşün 10-cu üçtərəfli zirvə olduğunu bildirərək, regionun yeni geosiyasi mərhələyə qədəm qoyduğunu qeyd edib. Xristodulidis isə 2026-cı ildən ABŞ-ın da iştirakı ilə əməkdaşlığın “3+1” formatında genişləndirilməsinin arzulandığını deyib.

Zirvə yekununda yayımlanan birgə bəyanatda təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, terrorla mübarizə, dəniz yolları və kritik infrastrukturun qorunması məsələləri ön plana çəkilib. Bəyanatda həmçinin İsrailin özünümüdafiə hüququ təsdiqlənib, Qüdsün müqəddəs statusunun qorunacağı vurğulanıb və Kipr probleminin BMT qərarları əsasında həllinə dəstək ifadə olunub.