İsraillə əlaqələri yüksək qiymətləndirmək lazımdır - ANALİTİK

Bu kimi ölkələrin Azərbaycanda səfirliyinin olması, fəaliyyət göstərmələri həm ölkəmiz, həm də dost, qardaş dövlətlər üçün əhəmiyyətlidir

İsrailin Azərbaycandakı keçmiş səfiri Corc Dik diplomatik missiyasını başa vurmazdan əvvəl keçirilən mətbuat konfransında mühüm açıqlamalar verib. O, həm Azərbaycan-İsrail münasibətləri, həm də regiondakı təhlükəsizlik vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Sabiq səfir qeyd edib ki, Bakıdakı yəhudi icması Avropanın bir çox paytaxtları ilə müqayisədə özünü daha təhlükəsiz hiss edir: "Bakıda yəhudilərin nə dərəcədə təhlükəsiz hiss etdiklərini görmək mənim üçün xoş bir sürpriz oldu. Onlar özlərini Paris və Beyrutdakı küçələrdən daha güvəndə hiss edirlər. Prezident İlham Əliyev hələ 2019-cu ildə yəhudilərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu vurğulamışdı". Corc Dik həmçinin Azərbaycanın mürəkkəb regional geosiyasi mühitdə milli həmrəyliyi qoruyub saxladığını bildirib: "Azərbaycan Yaxın Şərq ölkələri arasında vasitəçi rolunu oynayır, Avropaya enerji tədarük edir və NATO ilə əməkdaşlıq edir". Xarici işlər naziri Ceyhun Bayramov eks səfiri ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdi. Dik 6 il müddətində İsrailin Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdi. 
Məlumat üçün bildirək ki, İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus artıq ölkəmizdədir. Yeni səfir bir jest olaraq Bakıya milli geyimimizdə gəlib. Xatırladaq ki, Kraus öz etimadnaməsini əvvəl Xarici İşlər Nazirliyinə, sonra Prezident İlham Əliyevə təqdim edəcək. Daha sonra, o, Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı qəsəbəyə səfər edəcək. 

Siyasi şərhçi Tural İrfan Sherg.az-a deyib ki, İsrail ilə Azərbaycan arasında əlaqələr müstəqilliyimizin ilk dövrlərinə təvafüq edir. Eyni zamanda digər ölkələrlə diplomatik əlaqələr uzun illər əvvəllərə dayanır və bu əlaqələrin sayəsində dövlətimiz siyasi nailiyyətlər əldə edib. Ekspert vurğulayıb ki, dünyada İsrailə qarşı münasibət birmənalı olmasa da, Azərbaycan balanslı siyasət yürüdür: 
"Ələlxüsus, dövlət başçısının müdrik və uzaqgörənliyi bütün hallarda ölkəmizi qlobal güclərin yaratdığı təlatümlərdən qoruyur. Azərbaycan həmişə çalışır ki, İsrail ilə Türkiyənin, habelə Suriya və başqa dövlətlərin gərgin münasibətlərinin səhmana salınmasına vasitəçilik etsin, barışdırıcı mövqe tutsun. Çox hallarda bu effektiv olur və bir çox ehtimal olunan münaqişələrin, hətta müharibələrin qarşısını alır. İran Azərbaycanı İsrail ilə dostluqda ittiham edir. Halbuki İsrail ilə Azərbaycanın yaxın münasibətləri müəyyən zamanda İrana da sərt müdaxilənin qarşısını alır. Çünki Azərbaycan ilə İran qonşudur və istənilən şəraitdə müharibə bizə sərf etmir. Əsasən Türkiyə ilə İsrailin arasında Fələstin problemi, Suriya məsələsi ilə bağlı gərginlik yaşanarkən Azərbaycan burada vasitəçilik edib, çıxış yollarının tapılmasında rol oynayıb. Bu da əhəmiyyətlidir. Əgər İsrail səfirləri özlərini Azərbaycanda rahat və təhlükəsiz hiss edirlərsə, bu o deməkdir ki, ölkəmizdə tolerantlıq yüksək səviyyədədir və Azərbaycan tam təhlükəsiz ölkədir".

Analitik hesab edir ki, İsrail kimi ölkələrin Azərbaycanda səfirliyinin olması, fəaliyyət göstərmələri həm ölkəmiz, həm də dost, qardaş dövlətlər üçün əhəmiyyətlidir:
 "İsraillə əlaqəsi olmayan ölkələr var ki, onlar bizimlə dostdurlar. Bütün bu məsələləri nəzərə alanda Azərbaycanın İsraillə əlaqələrini yüksək qiymətləndirmək lazımdır. Çünki Azərbaycan çox zaman xilaskar rolunu oynayır. Bəziləri düşünür ki, diplomatik əlaqələri kəsməklə, yaxud başqalarını da buna təhrik etməklə nəyəsə nail olmaq olar. Lakin bu yanlışdır. Əvvəla, Azərbaycanı İsrail həmişə dəstəkləyib və keçmiş Qarabağ probleminin həlli zamanı da hərtərəfli diplomatik dəstək verib. Azərbaycan da Fələstin dövlətinin qurulmasını dəstəkləyir. Buna baxmayaraq, hər iki ölkə arasında münasibətlər qaydasındadır. Azərbaycanda yəhudilər yaşayır və öz icmaları, ibadətgahları var. Tam təhlükəsiz şəraitdə fəaliyyət göstərirlər. Onlar əvvəldən Azərbaycan vətəndaşıdırlar. Hətta Qarabağ müharibəsində iştirak edib şəhid, qazi olanları da olub. Ölkələrimiz arasında heç bir narahatlıq olmayıb. Yalnız qonşu, dost və qardaş ölkələr ilə İsrail arasında yaranmış problemlərlə əlaqədar müxtəlif zamanlarda müəyyən narahatedici məqamlar yaşanır. Belə hallarda da Azərbaycanın İsraillə olan yüksək əlaqələri vəziyyəti yumşaltmağa, gərginliyin qarşısını almağa xidmət edir. Əksinə, həmin ölkələrlə də İsrailin müsbət əlaqələrinin arzuedilən olduğu diqqətə alınır. Hər halda ölkələrimiz arasındakı müsbət əlaqələr bir çox problemin qarşısının alınmasında, vasitəçilik rolunda çox faydalıdır".