Laçın bərpa və yenidənqurma işlərindən sonra büsbütün dəyişib, gözəlləşib
Bu gün biz Qarabağın və Şərqi Zəngəzurun sahibi olduğumuzu həm sözümüz, həm də işimizlə təsdiqləyirik
Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri Laçın şəhərinə təşkil olunub. Siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Prezident İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə, habelə siyasətdə şəffaf münasibətlərə üstünlük verməsinin təzahürüdür. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində təşkil olunan növbəti səfər sayca altıncıdır. Siyasi partiya rəhbərlərinin birgə səfərləri daha əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Əsgəran, Xocalı və Xankəndiyə təşkil olunub. Partiya rəhbərləri və politoloqların ilk birgə səfəri 2021-ci ilin 17 mart tarixində Ağdam şəhərinə, ikinci birgə səfəri həmin ilin 7 oktyabr tarixində Şuşa şəhərinə olub. Ölkə siyasiləri növbəti dəfə 2022-ci ilin 15 iyun tarixində Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıblar. 2022-ci il 24 iyun tarixində reallaşdırılmış birgə səfərin ünvanı Zəngilan olub. 2025-ci il 6 mart tarixində isə 24 siyasi partiyanın nümayəndələri Əsgəran, Xocalı və Xankəndidə olublar. Cari səfərdə siyasətçilər Laçın şəhərində aparılan bərpa-quruculuq işləri, habelə artıq fəaliyyət göstərən müəssisələrlə tanış olublar.
Səfərdə iştirak etmiş Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Sherg.az-a deyib ki, işğaldan azad edilmiş torpaqlarımızı gəzmək, görmək hər bir Azərbaycan vətəndaşı üçün fəxrdir. Onun sözlərinə görə, siyasi partiya liderləri, ictimai-siyasi xadimlər, politoloqlar və media təmsilçilərinin Laçın şəhərinə birgə səfəri işğaldan azad edilmiş ərazilərə sayca beşinci səfərdir:
"Bu səfərlər birlik, həmrəylik səfərləridir. Bu səfərlər tarixi Zəfərimizin nəticələrini, dağıdılmış və talan edilmiş ərazilərimizin dirçəlişini əyani görməyə, göstərməyə xidmət edir. Bu səfərlər bizə erməni barbarlığının fonunda bir daha öz millətimizin və dövlətimizin qurucu xarakterini müşahidə və müqayisə etmək imkanı qazandırır.
Laçın bərpa və yenidənqurma işlərindən sonra büsbütün dəyişib, gözəlləşib. Hazırda burada çox sayda layihələr icra olunur. O cümlədən, gur sulu Zabuxçay üzərində böyük su anbarı yaradılır. Böyük Qayıdış isə Laçına ikinci nəfəs bəxş edib. Bir sözlə, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi rəşadətli Ordumuzun tarixi Qələbəsi ilə bitəndən sonra erməni vandalizminin yurd yerlərimizə vurduğu yaralar köz bağlayır, dağıdılmış şəhər və kəndlərimiz sürətlə dirçəlir. Bu gün biz Qarabağın və Şərqi Zəngəzurun sahibi olduğumuzu həm sözümüz, həm də işimizlə təsdiqləyirik. Zaman Azərbaycanın xeyrinə işləyir".