
Münaqişəyə son qoyan razılaşma Cənubi Qafqazın potensialını üzə çıxarmaq üçün fürsətdir -ANALİZ
Dünən Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişinin paraflanması baş tutdu. Görüş zamanı Azərbaycan və ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti liderlər səviyyəsində təsdiqləndi. Dünyanın bir nömrəli gücü olan ABŞ-la strateji tərəfdaşlıq istənilən ölkə üçün mühüm hədəfdir. Bu tarixi addım Azərbaycanın beynəlxalq müstəvidə düşmənlərinin, xüsusən də “Azərbaycan bu gün-sabah Zəngəzuru tutacaq” deyərək iftira yağdıran qüvvələrin əlini-qolunu bağladı, onların arqumentlərini əllərindən aldı və ölkəmizin beynəlxalq imicini daha da möhkəmləndirdi.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bütün strateji hədəflərinə ardıcıl şəkildə nail olub. 2020-ci il Vətən müharibəsi nəticəsində torpaqlarımız azad edildi, Ermənistan kapitulyasiya aktına imza atdı. Qələbədən sonra Azərbaycan möhkəmləndirmə siyasətini davam etdirərək “Qisas əməliyyatı” da daxil olmaqla bir sıra lokal əməliyyatlar keçirdi, Ermənistan ordusunun qalıqlarını və qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, Laçında sərhəd-keçid məntəqəsinin qurulmasına nail oldu.
2023-cü ildə cəmi 24 saat davam edən antiterror əməliyyatı ilə ölkəmizin tam suverenliyi bərpa olundu. Son 80 ildə Azərbaycan qədər tam və mütləq qələbə qazanan başqa bir ölkə olmayıb. Prezident İlham Əliyevin Vaşinqton səfəri və imzalanan sənədlər Azərbaycanofobiya ilə yaşayan Fransa Prezidenti Makronun, qondarma qurumu “tanıyan” fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, Amnesty International, Human Rights Watch, erməni lobbisinin, ANCA-nın, Azərbaycanı sanksiya və təcridlə hədələyən Borellərin, Frenk Pallonelərin, Adam Şifflərin iflası kimi qiymətləndirilir.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a deyib ki, Vaşinqtonda keçirilən tarixi əhəmiyyətə malik görüş İkinci Qarabağ müharibəsi nəticəsində əldə edilmiş Zəfərin siyasi dialoq müstəvisində də ölkəmizin uğurlarının növbəti mərhələsi kimi davamı idi:

"Bir vaxtlar Ermənistanın, onun açıq və gizli dəstəkçilərinin dondurmağa, ömürlük bitirməyə çalışdığı münaqişə bəlkə də çoxlarının gözləmədiyi bir anda nəinki torpaqlarımızın azad olunması, hətta regiondakı kommunikasiyaların açılması ilə nəticələndi. Prezident İlham Əliyevin praqmatik siyasətinin, uzaqgörən strategiyanın bariz nümunəsi olan 2020-ci ildən bəri əldə etdiyimiz hərbi və siyasi uğurlarımız ildən-ilə daha da artır. Ağ Evdə keçirilən görüşdə gələcək nəsillərin də xatırlayacağı dövlətimizin xalqımızın maraqlarına xidmət edən siyasi fəaliyyətinin və Prezident İlham Əliyevin diplomatik məharətinin şahidi olduq. Görüş çərçivəsində əldə edilən razılaşmalar və imzalanmış bəyannamə də masada hansı güclərin olmasına baxmayaraq, Prezident İlham Əliyevin bütün addımlarının Azərbaycanın maraqlarına əsaslandığını növbəti dəfə göstərdi".
Analitik əlavə edib ki, Prezident İlham Əliyevin prinsipiallığı sayəsində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata daxil olunmuş 9-cu bənddə də göstərildiyi kimi, Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantıya şərait yaratmaq öhdəliyi Vaşinqtonda yenidən təsdiq edildi:
"Bundan əlavə, İrəvan ATƏT-in Minsk qrupunun ləğv edilməsinə razı oldu. Xatırlayırıq ki, Ermənistan 9-cu bəndin icrasından yayınsa da, Azərbaycanın uğurlu gedişatları hər şeyi köklü şəkildə dəyişdi. Həmçinin egiondakı reallıqları daha da aydın formada nümayiş etdirdi. Bu baxımdan da "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasına ilə yekunlaşmalıdır ki, rəsmi və tam sülh sazişi də imzalansın. Ümid edirik ki, Ermənistan üzərinə düşən vəzifələri və öhdəlikləri tam şəkildə yerinə yetirəcək".
Elmir Səftərovun sözlərinə görə, Donald Trampın görüş çərçivəsində Prezident İlham Əliyevə ünvanlandığı xoş sözlər və əldə edilmiş razılaşmalardan irəli gələn məsələlər onu deməyə əsas verir ki, Azərbaycan Amerika əlaqələrindəki iş birliyi strateji ortaqlığa qədər irəliləyir:
"Bu baxımdan bu günlərdə bəzi məsələlər də diqqətdən kənarda qala bilməz. Belə ki, uzun illərdir ABŞ-dakı siyasi hakimiyyətə təsir mexanizmləri formalaşdıran Amerika Erməni Milli Komitəsinin (ANCA) və diaspor təşkilatlarının oyundan kənar vəziyyətə düşməsinin şahidi olduq. Məhz ABŞ administrasiyasının bəzi erməni təşkilatları, xüsusən də Amerika Erməni Milli Komitəsi və ona bağlı qruplar və ayrı-ayrı şəxslərin Ermənistan və ABŞ-a qarşı tənqidləri bunu deməyə əsas verir.
Bəzi erməni qüvvələri ABŞ administrasiyasını sülh səylərinə görə tənqid etməklə qalmır,
keçmiş qondarma ideologiyalarını yenidən gündəmə gətirməyə çalışırlar. ANCA mahiyyətcə ABŞ-dakı yerli daşnaklardan təşkil olunub və Daşnaksütyunun Amerika qoludur. Amma hazırkı ABŞ administrasiyasının balanslı yanaşması həmin qrupların geosiyasi dəyişikliklərin baş verməsinə təsir mexanizmlərinin qarşısını aldı".
Şərhçi vurğulayıb ki, üç onilliklərlə davam edən münaqişəyə son qoyan razılaşma Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Cənubi Qafqaz regionunun iqtisadi potensialını üzə çıxarmaq üçün bir fürsətdir:
"Bu da regionda davamlı sülhün əldə edilməsi ilə logistik və ticarət razılaşmaları sayəsində Azərbaycan və erməni xalqları üçün firavanlığa səbəb ola bilər. "Azadlığı Dəstəkləmə Aktına” 907-ci düzəlişin tətbiqinin dayandırılmasının da diqqətdən kənarda qalmaması görüşün ölkəmizin maraqlarına xidmət etdiyini və bizi narahat edən məqamların əks olduğunu göstərdi".