İYİ Partiyanın Ankarada keçirilən 4-cü növbəti qurultayında Müsavat Dərvişoğlu yeganə namizəd kimi iştirak edərək 1180 nümayəndənin hamısının səsini alıb və ikinci dəfə partiya sədri seçilib.
Sherg.az xəbər verir ki, yenidən sədr seçildikdən sonra çıxış edən Dərvişoğlu nümayəndələrə təşəkkür edib, İYİ Partiyanın xalq tərəfindən qurulduğunu və xalqın dəstəyi ilə yoluna davam etdiyini bildirib. O, partiyanın respublikaçı, milli və demokratik dəyərlər əsasında mübarizəni davam etdirəcəyini vurğulayıb.
Dərvişoğlu çıxışında Türkiyədə və dünyada artan avtoritarizmə diqqət çəkib, parlament sistemini sonadək müdafiə edəcəklərini bəyan edib. Hakimiyyətə gəldikləri təqdirdə ədalətli idarəçilik, şəffaf iqtisadiyyat, təhlükəsiz məşğulluq və istehsal yönümlü inkişaf vəd edib.
Qurultaydan sonra CHP sədri Özgür Özəl də Müsavat Dərvişoğlunu yenidən sədr seçilməsi münasibətilə təbrik edib.