"ABŞ, Rusiya və Çin, çox güman, öz aralarında artıq anlaşıblar: Rusiya və Çin Amerika qitəsindən tam çəkilirlər, İranı ayaqda saxlamaq fikrindən vaz keçirlər, ABŞ isə Rusiyanın Ukrayna, Çinin Tayvan ilə nə edəcəyinə qarışmayacaq".
Sherg.az xəbər verir ki, bunu ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, İran Avropaya üçün Rusiyanı əvəz edəcək, AB-nin dərin, sistemli böhrandan çıxamaq üçün İran çox vacib rol oynayacaq. İran həm böyük bazar, həm də Rusiyadan heç də az olmayan, Avropaya daha uyğun logistik fürsətlərə malik enerji mənbəyidir:
"Yəni, hələ ki, yeni “Podstam, Yalta, Helsinki”, rəsmi kağız, anlaşma olmadan əməldə həyata keçirilir.
Venesuala məsələsi uzanmadan (yəni, 1 ay civarında) həllini tapacaqsa, bu ABŞ, Tramp üçün böyük uğur hekayəsinə çevriləcək (halbuki, ABŞ-ın bu ölkəyə etdiyi tam qanunsuzdur, beynəlxalq hüquqa ziddir, amma, artıq hüquq çoxdan ölüb), ardınca Kuba əməliyyatı olacaq.
Hamı yazır-deyir ki, İran dəyişəcək, amma, anlamaq lazımdır ki, İran artıq dəyişib, 10-15 il əvvəlki İran deyil, ilk olaraq İranın regionada uzantıları ləğv edildi, Suriya əlindən çıxdı, Livana təsirləri minimuma endi, İraqda zəiflədildi və İranın “dərin dövləti” bunu anlayaraq dəyişikliklərin simvolu kimi Pezeşkiyanı seçdi. İndi İran ABŞ-a deyil də, Avropaya açılacaq, “keçmiş yoldan asılılıq” prinsipi tenə işə düşəcək, İranda Britaniya və Fransa əsas rol sahibi olacaqlar".
N. Cəfərli hesab edir ki, ABŞ-ın ağlı olsa, İrana kənardan müdaxiləyə imkan verməz, heç sözlü müdaxilələr belə etməz, məsələnin təbii daxildə həll olunacağını gözləməyə dəyər:
"Əgər kənardan hərbi müdaxilə olsa, yəni, ABŞ və İsrail hərbi müdaxilə qərarı versələr, deməli hər iki ölkə İranda indiki rejimin qalmasını istəyirlər, onlara dəstək olacaqlar - çünki xarici müdaxilə İran xalqını daxildə birləşdirəcək, dəyişiklik istəyini boğacaq.
Bu konfiqurasiyada hələlik məchul olan Rusiyadır – ABŞ-la, ya Çinlə birgə masaya oturacağı seçimidir. Yəni, Rusiyanın ayrıca güc mərkəzi kimi böyük masada yer alması müşküldür, ya ABŞ-la, ya da Çinlə bir yerdə olsa, tərəzinin göstəriciləri dəyişəcək. İndi həm ABŞ, həm də Çin masada kiçik tərəfdaş kimi Rusiyanı yanında istəyir, Rusiyanın biznes elitası ABŞ-a, hərbi elitası isə Çinə meyillidir. Görək hansı “Kreml qülləsi” daha ağır basıb qalib gələcək.
Belə tiktonik dəyişikliklər dövründə Ukrayna məsələsi kiçik bir epizod halına gəlir, indiki dövrdə Pokrovsk şəhərinin, və ya Qulaypole kəndinin kimin olacağı heç önəmli deyil. Masada o qədər böyük məsələlər var ki, iki şəhər, beş kənd artıq heç kəsin, bir tək Ukrayna xalqından başqa, vecinə də deyil. Qəhraman Ukrayna xalqı təkbaşına bu ağır durumdan çıxmalıdır, dəstək olmayacaq – çünki, bütün əsas oyunçular öz “payına” düşəni dünya miqyasında artıq alıblar, ya da alırlar...".