Avropa Rusiya aktivlərini müsadirə edirsə… Putin bunu “günorta vaxtı quldurluq” adlandırdı

Rusiya Prezidenti mətbuat konfransında bildirib ki, Ukrayna sülhə hazır deyil

Rusiya Prezidenti Vladimir Putin ənənəvi ilin sonu mətbuat konfransında çıxış edib. Rusiya lideri Ukrayna ilə sülhə hazır olduqlarını bildirib və cəbhədə üstünlüyün Rusiya ordusunun əlində olduğunu iddia edib.

Sherg.az “Reuters”ə istinadən xəbər verir ki, Putin mətbuat konfransında Ukrayna müharibəsi, cəbhədəki vəziyyət, Qərbin Rusiya aktivlərini müsadirə etmək cəhdləri, eləcə də Rusiya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr aparıb.

Putinin rus dilində səsləndirdiyi açıqlamalar “Reuters” agentliyi tərəfindən tərcümə edilib. Rusiya liderinin çıxışından əsas məqamlar təqdim olunur.

Ukrayna sülh danışıqları məsələsində dəqiq mövqe ortaya qoymayıb

Putin bildirib ki, Ukrayna tərəfi sülh danışıqları məsələsində hələlik açıq və dəqiq mövqe ortaya qoymayıb. Bununla belə, Kiyev rəhbərliyindən dialoqa hazır olduqlarına dair müəyyən siqnallar aldıqlarını deyib.

“Bunu xüsusilə vurğulamaq istəyirəm: biz bunu hər zaman demişik -Rusiya bu münaqişəni sülh yolu ilə başa çatdırmağa hazırdır və buna istəklidir”, -deyə Putin qeyd edib.

Rusiya lideri vurğulayıb ki, sülh yalnız böhrana səbəb olan əsas amillərin aradan qaldırılması ilə mümkün ola bilər.

“Strateji təşəbbüs tamamilə rusiya silahlı qüvvələrinin əlindədir”

Cəbhədəki vəziyyətlə bağlı danışan Putin, Rusiya qoşunlarının Kursk vilayətindən Ukrayna qüvvələrini çıxarmasından sonra strateji təşəbbüsün tamamilə Rusiya Silahlı Qüvvələrinin əlinə keçdiyini bildirib.

“Bu o deməkdir ki, bölmələrimiz təmas xəttinin bütün boyunca irəliləyir. Bəzi istiqamətlərdə daha sürətlə, bəzi yerlərdə isə daha ləng, lakin bütün cəbhə xətti üzrə düşmən geri çəkilir”, -deyə o bildirib.

Avropanın rus aktivlərini müsadirə etmə cəhdləri

Putin Avropa ölkələrinin Rusiya aktivlərini müsadirə etmək cəhdlərinə də toxunaraq bunun gizli oğurluq deyil, açıq şəkildə “günorta vaxtı quldurluq” olduğunu deyib.

Onun sözlərinə görə, belə bir addım ciddi nəticələrə gətirib çıxara bilər:

“Bu təkcə imic itkisi deyil. Bu, avro zonasına olan etimadın sarsılması deməkdir. Üstəlik, təkcə Rusiya yox, başda neft ixrac edən ölkələr olmaqla bir çox dövlət öz qızıl-valyuta ehtiyatlarını avro zonasında saxlayır. Bir dəfə bu yol açılsa, müxtəlif bəhanələrlə oxşar addımlar təkrarlana bilər”.

Putin vurğulayıb ki, bu cür proses müasir qlobal maliyyə sisteminin əsas dayaqlarını zəiflədə bilər. Rusiya maraqlarını ilk növbədə məhkəmələr vasitəsilə müdafiə edəcəklərini bildirən prezident, siyasi qərarlardan asılı olmayan hüquqi mexanizmlər axtaracaqlarını qeyd edib.

O, həmçinin hansı üsulla olursa-olsun müsadirə edilən aktivlərin sonda geri qaytarılmalı olacağını iddia edib.

İqtisadiyyatla bağlı çıxışında Putin bildirib ki, Rusiyada ÜDM artımı təxminən 1 faiz səviyyəsindədir və bu, inflyasiyanı nəzarətdə saxlamaq məqsədilə hökumət, Mərkəzi Bank və ölkə rəhbərliyi tərəfindən şüurlu şəkildə seçilmiş siyasətdir.

Onun sözlərinə görə, ilin sonuna qədər inflyasiyanın 6 faizdən aşağı, təxminən 5,7-5,8 faiz səviyyəsinə enəcəyi gözlənilir.

Putin dövlət borcunun çox aşağı səviyyədə qaldığını vurğulayaraq bunun inkişaf etmiş ölkələr arasında ən aşağı göstəricilərdən biri olduğunu bildirib.