“Nemət Pənahlının iddiaları cəfəngdir” - Elçibəyin keçmiş köməkçisindən sərt reaksiya

“1988-ci ilin Meydan hadisələri faktlar göstərir ki, Elçibəy heç bir vəsaiti mənimsəməyib” 

“Media Türk”ün efirində qonaq olan Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn və siyasətçi Nemət Pənahlı arasında gərginlik yaşanıb. Debatın mövzusu Nemət Pənahlının Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy haqqında səsləndirdiyi fikirlər olub.

Nemət Pənahlı çıxışında bildirib ki, vaxtilə meydanda xalq tərəfindən toplanan və təxminən 10 milyon manat təşkil edən vəsait Elçibəy tərəfindən mənimsənilib: “Mənə cəmi 40 min manat çatıb. Həmişə bu məsələlərdə mənim adım hallandırılıb, guya 10 milyon manatı mən mənimsəmişəm. Halbuki bunun belə olmadığına dair faktlarım var. 1991-ci ilin əvvəllərində Türkiyədən 250 ədəd avtomat gətirilmişdi – 1500 manata. O vaxt bir avtomat bir kəndi qorumağa bəs edirdi. Bizim əlimizdə pul yox idi, qohum-əqrəba ilə çalışdıq ki, həmin silahları alıb Qarabağa göndərək. Təxminən 350 min manat lazım idi. Hamı qəpik-qəpik pul yığdı, amma məbləğin yarısını belə toplaya bilmədik.

Əgər əlimizdə pul olsaydı, həmin 10 milyonun cəmi 10 faizi bizdə olsaydı, Qarabağ məsələsində uduzmazdıq. Amma Əbülfəz Elçibəy bu pulu mənimsəyən şəxs kimi adı çəkilən Rəsul Ələkbərovu qorudu və bizim onun arxasında getməyimizə imkan vermədi. Sonradan eşitdiyimə görə, həmin vəsaitin 70 faizi Elçibəyin əlində olub. Bunun nə dərəcədə doğru olduğunu dəqiq bilmirəm, amma buna inanıram”.

Pənah Hüseyn isə cavabında meydanda 10 milyon manat pul yığılması iddiasına inanmadığını bildirib:

“Mənim və bir neçə şəxsin Azərbaycan Milli Hərəkatını məhv etdiyini deyirlər. Amma burada məhv olan Nemət Pənahlının özüdür. Bu dediklərinə görə Nemət Pənahlı Əbülfəz Elçibəyin ruhundan və Azərbaycan xalqından üzr istəməlidir. Əks halda, məsələ məhkəməyə qədər gedib çıxa bilər”.

Politoloq, Əbülfəz Elçibəy köməkçisi olmuş Oqtay Qasımov “Sherg.az”a açıqlamasında deyib ki, Nemət Pənahlının səsləndirdiyi iddialar yeni deyil və ciddi qəbul edilməyəcək qədər cəfəng fikirlərdir. Onun sözlərinə görə, Nemət Pənahlı uzun illərdir bütün siyasi mövcudluğunu və ictimai çıxışlarını Əbülfəz Elçibəyin adını ləkələmək üzərində qurub və adətən bu cür açıqlamalar onun şəxsi və maddi maraqları ortaya çıxanda gündəmə gəlir: “Dünyasını dəyişmiş bir şəxsə qarşı böhtan və iftira atmaq Azərbaycan xalqının adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə tamamilə ziddir. Reytinq qazanmaq naminə haqq dünyasına qovuşmuş insanın ünvanına şər atmaq nə siyasi mədəniyyətə, nə də insani dəyərlərə sığır. Nemət Pənahovun Əbülfəz Elçibəyin Hərəkat zamanı toplanan vəsaitləri mənimsəməsi ilə bağlı səsləndirdiyi iddialar onun həyat fəlsəfəsinin və düşüncə tərzinin açıq göstəricisidir”. 

O. Qasımovun sözlərinə görə, Nemət Pənahlının Elçibəyə qarşı açıq-aşkar şəxsi kin və nifrəti formalaşıb və bunun səbəbi də məlumdur: “1988-ci ildə Nemət Pənahlı özünü xalq hərəkatının lideri hesab edirdi. Lakin zaman göstərdi ki, bu liderlik iddiası cəmiyyət tərəfindən qəbul edilmədi və Əbülfəz Elçibəy xalqın real liderinə çevrildi. Nemət Pənahlı bunu heç vaxt həzm edə bilmədi və bu gün də həmin psixoloji kompleksin təsiri altındadır. Biz də o dövrdə Meydanda olmuşuq və pul yığımı prosesinin necə baş verdiyini görmüşük. 1988-ci ildə Nemət Pənahlı özünü hərəkatın lideri hesab edirdi və pulların yığılmasına nəzarət edən Rəsul adlı şəxs də onun yaxın adamı idi”. 

Politoloq vurğulayıb ki, Əbülfəz Elçibəylə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır və heç bir fakta söykənmir: “Nemət Pənahlı çox yaxşı bilir ki, 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə Meydan dağıdılarkən özü keçmiş raykom katiblərindən birinin avtomobili ilə ərazidən çıxarılıb. Əbülfəz Elçibəy isə həmin gecə həbs olunub və Meydan hadisələrindən sonra bir aydan artıq müddət həbsdə saxlanılıb. Bu faktların fonunda Elçibəyin hansısa vəsaiti mənimsəməsi iddiası absurddur və heç bir məntiqə sığmır. Yığılan vəsaitlərin hara xərclənməsi məsələsində elə ən məlumatlı şəxs məhz Nemət Pənahlının özü olub. Hətta Əbülfəz Elçibəyi sevməyən, ona müxalif olan insanlar belə yaxşı bilirlər ki, Bəy dünya malına göz dikən, maddi maraqlarla yaşayan insan olmayıb və bu tip məsələlərdən həmişə uzaq durub. Nemət Pənahlıya dəfələrlə bu iddiaların əsassız olduğunu sübut edən sənəd və faktlar təqdim edilsə də, o, yenə də eyni yalanları təkrarlamaqda davam edir. 1992-ci ildə “Meydan” qəzetində dərc olunan və istintaq xarakteri daşıyan yazıları da yaxşı xatırlayıram. Həmin materiallarda Nemət Pənahlı özü bu məsələlərə toxunur və məsuliyyəti Rəsul adlı şəxsin üzərinə qoyurdu. O, açıq şəkildə bildirirdi ki, Meydanın faktiki lideri özü olub və proseslər onun nəzarəti altında baş verib. Bu gün isə tamamilə zidd mövqe sərgiləyir”.