“Ermənistan və Azərbaycanın sərhədin delimitasiyası üzrə komissiyaları avqustun 8-dək razılığa gəliblər ki, sərhədin delimitasiya və demarkasiyası şimaldan cənuba aparılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Digər tərəfdən, infrastrukturun tikilməsi zərurəti yaranıb. Dəmir yolu ilə bağlı tikintiyə yönəlmiş ilk addım sərhədin delimitasiya və demarkasiyası ilə bağlıdır, bu, o genişlikdə olmalıdır ki, dəmir yolu keçə bilsin. Bu, infrastrukturun normal işləməsini təmin etmək üçün lazımdır. Məsələn, infrastruktura 5 kilometrlik torpaq sahəsi lazımdırsa, əvvəlcə sərhəd delimitasiya və demarkasiya olunmalı, sonra tikinti başlamalıdır ki, sonradan qarışıqlıq yaranmasın və tikinti aparan şəxs əmin olsun ki, hansı ölkənin ərazisində işləyir”, - o qeyd edib.
Paşinyanın sözlərinə görə, peşəkar investorların işə cəlb olunması zərurəti də yarana bilər:
“Əlbəttə, hansısa modelin seçilməsi üçün müzakirə aparılmalıdır, hər bir halda qərar verilməlidir. Avqustun 8-də qəbul edilən Vaşinqton Bəyannaməsində vurğulanıb ki, Ermənistan və ABŞ üçüncü tərəflərin iştirakı imkanlarını müzakirə edəcək. Biz də müzakirə etməliyik ki, hansı üçüncü şirkətlər iştirak edə bilər. Üçüncü tərəf investorun cəlb olunması üçün Ermənistan və ABŞ-nin razılığı lazımdır”.
O əlavə edib ki, bu məsələ Azərbaycanla da bağlıdır, çünki Ermənistan dəmir yolunu qura bilər, amma bu xətt Azərbaycan dəmir yoluna qoşulmasa, işləməyəcək.