
Parlamentari: Azərbaycan, Türkiyə və Pakistan sülh və gücün simvoludur
Azərbaycan, Türkiyə və Pakistan arasındakı qardaşlıq münasibətləri regionun ən möhkəm və strateji əhəmiyyətli əlaqələrindəndir. Bu üç ölkənin ortaq tarixi, mədəni və dini kökləri olması, bir-birinə qardaşlıq münasibəti bəsləməsi onların siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə birgə hərəkət etməsini təmin edir. Son dövrlərdə liderlər arasında keçirilən mütəmadi görüşlər bu qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu və hər üç tərəfin bu münasibətləri yalnız irəliyə daşımaqda maraqlı olduğunu göstərir. Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçlü əməkdaşlıq platforması regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında, qarşılıqlı iqtisadi və hərbi əlaqələrin inkişafında vacib rol oynayır. Bu üç ölkə ortaq tarixi köklərə əsaslanmaqla yanaşı, həm də siyasi baxımdan eyni mövqedən çıxış edir, beynəlxalq məsələlərdə bir-birini dəstəkləyir. Bu strateji yaxınlıq beynəlxalq aləmdə nümunəvi əməkdaşlıq modeli kimi dəyərləndirilir. Laçında keçirilən üçtərəfli görüş, liderlərin çıxışları da bu birlik və qarşılıqlı dəstəyin vacibliyini bir daha təsdiqlədi. Görüşdə Azərbaycan, Türkiyə və Pakistanın gələcəkdə də qarşılıqlı əməkdaşlığın bütün sahələrdə - siyasət, iqtisadiyyat, investisiya və müdafiə sahələrində inkişaf etdirilməsi məsələləri prioritet kimi vurğulandı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. Dövlət başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib: "Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub". Ölkə rəhbəri vurğulayıb ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Eyni zamanda, Prezident qeyd edib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub: "Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Yəni, hər üç ölkə bu əməkdaşlığın yeni üfüqlərə açılmasının və inkişafının tərəfdarıdır və bu istiqamətdə fəal işləməyə davam edir". Prezident bəyan edib ki, Türkiyə son illərdə regional gücdən qlobal gücə çevrilməkdədir: "Onun beynəlxalq səviyyədə artan nüfuzu və əldə etdiyi uğurlar, əlbəttə ki, Azərbaycana da müsbət təsirlər göstərir. Türkiyə həm NATO daxilində, həm də regional təşkilatlarda önəmli oyunçudur. Türkiyənin Azərbaycanla əlaqələri təkcə strateji əməkdaşlıq deyil, həm də qardaşlıq münasibətidir. Türkiyə Azərbaycanın Qarabağ bölgəsindəki bərpa işlərinə fəal dəstək verir, orada infrastruktur layihələrini reallaşdırır, hərbi texniki əməkdaşlığı genişləndirir". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçına səfəri, burada yeni hava limanının açılışında iştirakı bu dostluq və əməkdaşlığın ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Ərdoğan bundan öncə həm Füzuli, həm də Zəngilan hava limanlarının açılışlarında da iştirak edib. Bu da, öz növbəsində, iki ölkə liderinin münasibətlərinin ən yüksək səviyyədə olduğunun göstəricisidir. Türkiyə liderinin öz çıxışında bildirdiyi kimi, Azərbaycan, Türkiyə və Pakistan qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkədir: "Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm. Bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir". Dost Pakistanın da Azərbaycana dəstəyi özünü həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə göstərib. Azərbaycan da, öz növbəsində, Pakistana hər məsələdə dəstək olub, onunla eyni mövqedən çıxış edib. Yaxın keçmişdə, Pakistanla Hindistan arasında olan qısa münaqişədə də Azərbaycan öz qəti mövqeyini sərgilədi, Pakistanı dəstəklədiyini, onun haqlı mübarizəsində yanında olduğunu bir daha sübut etdi. Şahbaz Şərifin də Laçına səfər etməsi, burada üçlü görüşdə iştirakı, təbii ki, bu münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi. Üç ölkənin birgə addımları regionda sülh və inkişafın təminatçısı kimi çıxış edir. Türkiyə və Pakistan müstəqilliyini bərpa etdikdən sonra həmişə Azərbaycanın yanında olub. Ermənistanın işğalçı olaraq tanımaqdan torpaqların azad olunmasınadək bütün çağlarda bu iki dövlət Azərbaycanın haqlı savaşını, mübarizəsini siyasi, diplomatik yollarla bütün beynəlxalq tədbirlərdə müdafiə edib. 44 günlük müharibə zamanı Türkiyə və Pakistan sözdə və əməldə də bunu isbatlayıb. Üç ölkə arasında siyasi aspektlə yanaşı, əməkdaşlığın mühüm istiqamətlərindən biri də müdafiə sahəsidir. İlk dəfə 2021-ci ildə keçirilən birgə hərbi təlimlər üç ölkənin silahlı qüvvələrinin potensialını gücləndirir və birgə əməliyyatlara hazırlığını artırır. İqtisadi və logistika sahələrində də nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Azərbaycan-Türkiyə-Pakistan üçbucağının özünəməxsusluğu ondadır ki, bu ittifaq qorxu və ya məcburiyyət üzərində deyil, səmimi dostluq münasibətləri əsasında qurulur. Məlum olduğu kimi, Pakistan bu günə qədər Ermənistanı tanımayıb və onunla heç bir əlaqə saxlamayıb. Bu isə işğal dövründə Azərbaycan üçün mühüm siyasi dəstək olub. Türkiyə isə regionda sabitliyin qorunması və tərəfdaşların dəstəklənməsi üçün fəal mövqe tutur.
Millət vəkili Səməd Seyidov deyib ki, bugün Cənubi Qafqaz regionu fərqli həyat yaşayır. Deputatın sözlərinə görə, regionda artıq Azərbaycanın siyasəti, Ulu Öndərin fəlsəfəsi və Müzəffər Ali Baş Komandanın siyasəti nəticəsində tamamilə başqa müstəviyə yüksələn Azərbaycanı görürük:

"Ona görə də dünya, ilk növbədə türk dünyası, dost və qardaş ölkələr bir gün Şuşada, bir gün Bakıda toplaşırlar. Çünki biz artıq dünyanın güc mərkəzində çevrilmişik. Biz gücsüzlükdən tamamilə güclü müstəviyə çıxdıq. Bizə tətbiq olunan güc işğal, soyqırım, xalqları məhv etmə idisə, biz birləşərək tarixi ədalət gücünü göstərdik. Regiona müdaxilə və nüfuz etmək istəyən qüvvələr məhz bu birgə mesajlardan sonra öz münasibətini dəyişdirməlidirlər. Azərbaycan-Türkiyə və Pakistan tərəfindən birgə verilən mesajlar onu göstərir ki, regionun xalqları özlərini idarə etmək iqtidarındadır. Heç kimin müdaxiləsi lazım deyil. Əgər bizimlə əlaqə qurmaq, bölgəmizə gəlmək istəyirlərsə, o halda hörmət etməlisiniz, sülhlə hərəkət etməlisiniz, qarşılıqlı münasibət sərgiləməlisiniz. O zaman xoş gəlib, səfa gətirərsiniz, Laçındakı beynəlxalq hava limanından da istifadə edərsiniz".
Parlamentari qeyd edib ki, hazırda beynəlxalq münasibətlər ciddi kriz içərisindədir:
"Münaqişələr, müharibələr, qeyri-müəyyən hadisələr, problemli məsələlərin hansı istiqamətdə gedəcəyi və s. ciddi suallar doğurur. Bu nöqteyi-nəzərdən Azərbaycan, Türkiyə və Pakistanın bir araya gəlməsi tamamilə başqa münasibətlər sistemində yeni bir səhifəni açır. Bu üçlü strateji əməkdaşlıq dünyaya xalqlar arasında münasibətlərin necə formalaşdırılmasının yolunu göstərir. Faktiki yeni fəlsəfəni gündəmə gətirir ki, o da sülh və əməkdaşlıq gündəmidir. Dəyişən geosiyasi mənzərədə yeni qüvvələr - Azərbaycan, Pakistan və Türkiyə xüsusi rol oynayır. Azərbaycansız bu regionda hansısa məsələni həll etmək mümkün deyil. Dünya yeni düzəni formalaşdıranda Azərbaycanın mövqeyi ilə mütləq hesablaşmalıdır. Eyni şəkildə bugün Türkiyəsiz, yəni qardaş ölkənin siyasəti nəzərə alınmadan Avropada, Yaxın Şərqdə hansısa fəaliyyəti təşkil etmək qeyri-mümkündür. Suriya və PKK məsələsi bunun sübutudur. Həmçinin, Pakistan da sınaqdan keçirildi və layiqli cavablarını verdi, arxasında Azərbaycan və Türkiyənin qaya kimi dayandığını vurğuladı".
S.Seyidov əlavə edib ki, dünya yeni güc mərkəzləri ilə hesablaşmalıdır:
"Avropa Orta Asiyaya getmək istəyirsə, yalnız Azərbaycan vasitəsi ilə gedə bilər. Yaxud Çin "Bir Kəmər, Bir Yol" layihəsi istiqamətdə hərəkət etmək niyyətindədirsə, Azərbaycanı ən yüksək səviyyədə qəbul etməlidir. Biz Azərbaycan, Türkiyə, Pakistanla yanaşı, Çin məsələsini də gündəmə gətirməliyik. Yeni "Bir Yol, Bir Kəmər" layihəsi formalaşır. Bu, Turan yoludur, Türk yoludur. Çini də bu fəlsəfəyə gətirən və bizi də Çinlə birləşdirən bir yoldur. İnam, etibar ancaq müstəqil dövlətə olur. Üç dövlət - Azərbaycan, Pakistan və Türkiyə sübut edib ki, onların beynəlxalq müstəvidə yeri var, onlar dünya siyasətinə təsir göstərə bilərlər".