Politoloq: Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil
Yusif Nəzərli
13:25 31.05.2025
Siyasət
590
Bu, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin başlanğıcıdır
Vaşinqton gələcək Cənubi Qafqaz siyasətində Bakının mərkəzi yer tutacağını nümayiş etdirir
"ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin 2025-ci il mayın 29-da Azərbaycana etdiyi rəsmi səfərin arxasında ciddi geosiyasi və strateji mesajlar dayanır. Bu səfər Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər".
Bunu Sherg.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Ekspert bildirib ki, Stiv Deyns 1984-cü ildən ABŞ-nin hakim Respublikaçılar Partiyasının üzvüdür:
"O, 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib. Bundan əvvəl isə ABŞ-nin aparıcı texnologiya şirkətlərində çalışıb. Ən mühüm cəhətlərindən biri isə onun ABŞ Prezidenti Donald Trampa yaxınlığıdır. 2023-cü ildə Tramp prezidentliyə namizədliyini irəli sürdükdən dərhal sonra onu açıq şəkildə dəstəkləyən ilk konqres üzvlərindən biri də məhz Stiv Deyns olmuşdu. Bu faktın özü belə onun səfərinin sadəcə rəsmi görüşlər çərçivəsində məhdudlaşmadığını, Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni istiqamətlər axtardığını göstərir. Ümumiyyətlə, Trampın yenidən üzünü Cənubi Qafqaza çevirəcəyi gözlənilən idi. Onun əvvəlki prezidentlik dövründə enerji təhlükəsizliyi, İranın regional təsirinin məhdudlaşdırılması, İsrail–Azərbaycan münasibətləri və Çinə qarşı iqtisadi mübarizə prioritetlər sırasında idi. Bu aspektlərin hər birində Azərbaycan coğrafi mövqeyi və strateji resursları baxımından ABŞ üçün mühüm tərəfdaş hesab olunur".
Analitik qeyd edib ki, hazırda isə regional gündəmin əsas məsələsi Azərbaycan-Ermənistan danışıqları və mümkün sülh sazişinin imzalanmasıdır:
"Stiv Deynsin səfəri bu prosesi birbaşa regionda müşahidə etmək və ilk mənbədən qiymətləndirmə aparmaq məqsədi daşıya bilər. Vaşinqton bu sülh prosesində hansı formada iştirak edəcəyini müəyyən etməyə çalışır və bu qərar ABŞ-nin regiondakı maraqlarını necə qoruyacağı ilə sıx bağlıdır. Deynsin xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyi görüşlər isə əməkdaşlığın yalnız siyasi deyil, həm də iqtisadi sahələri əhatə etdiyini ortaya qoyur. Xüsusilə enerji, texnologiya, ticarət və investisiya sahələrində ABŞ-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi Vaşinqton üçün vacib prioritetdir. Azərbaycan da öz növbəsində ABŞ ilə əlaqələrin dərinləşdirilməsində maraqlıdır. Lakin bu maraqla yanaşı, müəyyən ehtiyatlılıq da müşahidə olunur. İki ölkə arasında zaman-zaman formalaşan etimad problemi tam aradan qalxmayıb. Bu etimadı bərpa etmək üçün isə konkret və real addımlar atılmalıdır. Bu kontekstdə ABŞ-nin 1992-ci ildə qəbul etdiyi “907-ci düzəliş”in ləğvi və ya icrasının dayandırılması məsələsi önə çıxır".
T.Rzayev bildirib ki, 907-ci düzəliş ABŞ-nin Azərbaycana birbaşa yardım göstərməsini məhdudlaşdıran hüquqi normadır:
"Bu düzəliş artıq müasir geosiyasi reallıqlarla uzlaşmır və Vaşinqtonun Azərbaycana etibarlı strateji tərəfdaş kimi yanaşmasına əngəl yaradır. Prezidentin müəyyən şərtlər daxilində bu düzəlişin tətbiqini dayandırmaq hüququ olsa da, tam ləğv edilməsi, münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini sürətləndirə bilər. Son zamanlar bəzi ABŞ senatorları bu düzəlişin ləğvini və ya dondurulmasını gündəmə gətiriblər ki, bu da müəyyən pozitiv siqnalların olduğunu göstərir. Nəhayət, Donald Tramp ilə Prezident İlham Əliyev arasında birbaşa görüş ehtimalı kifayət qədər real görünür. Bu görüşün baş tutması, iki ölkə arasında strateji, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə, həmçinin regiondakı mühüm məsələlərin birbaşa müzakirəsinə imkan yaradacaq. Bu görüş Vaşinqtonun Azərbaycanla əlaqələrə verdiyi strateji dəyərin göstəricisi ola bilər. Stiv Deynsin Bakıya səfəri nəticə etibarilə ABŞ-nin regionda daha aktiv rol oynamağa hazır olduğunu, Azərbaycanla münasibətləri prioritetləşdirdiyini və Vaşinqtonun gələcək Cənubi Qafqaz siyasətində Bakının mərkəzi yer tutacağını nümayiş etdirir. Bu səfəri politoloji təhlil prizmasından dəyərləndirsək, deyə bilərik ki, bu, sadəcə bir səfər deyil, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin başlanğıcıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual