“Qarabağ klanı” geri dönmək istəyir - Politoloq

Rusiyaya bağlı hərbçilər sülh prosesini pozmaq üçün dezinformasiyaya əl atırlar

Ermənistan müxalifəti Paşinyan hökumətini pis vəziyyətdə qoymaq, reytinqini, nüfuzunu azaltmaq üçün hər yola baş vurur. Xüsusən, bir sıra radikal müxaliflər, bəzi keçmiş hərbçilər guya Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana, Zəngəzura "hücum hazırlıdığına başladığını", "şərti sərhədlərdə eskalasiya riskinin olduğunu" iddia edir, erməni ictimaiyyətində əsassız təşviş yaratmağa cəhd edirlər. Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq, bu tipli açıqlamaları İrəvana qarşı növbəti informasiya hücumu adlandırıb. Nazirlik bu cür şayiələri hibrid təhdidlər kimi qiymətləndirib və hüquq-mühafizə orqanlarından reaksiya gözlədiyini vurğulayıb. Qeyd edək ki, ötən gün keçmiş hərbçi Naira Gevorkyan Azərbaycan Silahlı Qüvvələrinin guya Mehri istiqamətində uğursuz hücum həyata keçirdiyini, Ermənistan bölmələrinin isə atəş açmamaq əmri aldığını iddia etmişdi. 

Politoloq İlqar Vəlizadə Sherg.az-a deyib ki, Ermənistan ordusu uzun illər revanşistlərin maraqlarına xidmət edən zabitlərlə dolu idi. Ekspert vurğulayıb ki, erməni silahlı qüvvələri məhz həmin revanşist qüvvələrdən, Rusiyaya bağlı hərbçilərdən formalaşmışdı: "Ona görə də, xüsusən ehtiyatda olan zabitlərin, yəni revanşist hərbçilərin bu cür əsassız ittihamları, Azərbaycanı suçlamaları təsadüfi deyil. Məhz Koçaryan-Sarkisyan dönəmində erməni ordusunda xidmət göstərən və onlara tabe olan hərbçilər yüksək imtiyazlar əldə edirdilər. Münaqişə fonunda şəxsi maddi imkanlarını artırır, vəzifələr alırdılar. "Qarabağ klanı"na tabe olan hərbçilər köhnə günləri unuda bilmirlər. Onlar postmünaqişə dövrünü qavramaqda, daha doğrusu, qəbul etməkdə çətinlik çəkirlər. O səbəbdən müxtəlif dezinformasiyalarla sülh şəraitini pozmağa çalışırlar".

Analitik qeyd edib ki, Paşinyan hakimiyyəti də məhz bu qüvvələrə qarşı mübarizə aparır, onları siyasi səhnədən birdəfəlik uzaqlaşdırmaq istəyir: "Baş nazir anlayır ki, belə qüvvələr meydanda olarsa, sülh prosesini pozan addımlar atarsa, cəmiyyəti revanşizmə sövq edərsə, təbii ki, daimi sülhü təmin etmək mümkün olmayacaq. Yəqin ki, hökumət əleyhdarları bu kimi dezinformasiyaları yaymağa davam edəcəklər. Ona görə də Azərbaycan ictimaiyyəti ilə yanaşı, erməni cəmiyyəti də ayıq-sayıq olmalı, revanşistlərin oyunlarına aldanmamalıdır. İrəvan hakimiyyəti də daha effektiv addımlarla revanşistləri neytrallaşdırmağa çalışmalıdır".